Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:05

Suriyaya getmiş Qarabağ əlili: 'MTN-də dəhşətli işgəncələrə məruz qaldım'


İllüstrasiya. "İslam dövləti" qruplaşmasının döyüşçüləri, Suriya
İllüstrasiya. "İslam dövləti" qruplaşmasının döyüşçüləri, Suriya

►"Döyüşlər bizdən 150 kilometr uzaqda gedirdi. Döyüşmək istəyənlər ərəblərin yanına gedib, onlardan silah alırdılar.

Yerli camaatda silah olurdu, amma gəlmələrə verilmirdi»

"MTN-də dəhşətli işgəncələrə məruz qalmışam. Təsəvvür edin ki, mən oruc ola-ola döyülürdüm. MTN-də ifadələrə təzyiq altında imza atmışam, məni vəkilsiz dindirib, ora istədiklərini də yazıblar. İndi həmin şəxslərin adlarını çəkmək istəmirəm. Çünki həmin adamlar sonradan məndən halallıq istədilər, mən də onlara halallıq verdim".

Bunu Suriyada terrorçu qruplaşmaların tərkibində döyüşməkdə ittiham olunan Qarabağ müharibəsi əlili Rufan Ağcabəyov məhkəmədə ifadəsində deyib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Xaçmaz sakini Rufan Ağcabəyovla yanaşı, Qarabağ müharibəsi veteranı olan Marfin Vladimir də eyni ittihamla məhkəmə qarşısına çıxarılıb.

İyulun 15-də keçirilən məhkəmə iclasında onların hər ikisi məhkəməyə ifadə veriblər və heç biri də Suriyaya getdiyini təkzib etməyib.

Rufan Ağcabəyov ifadəsində deyib ki, Suriyaya döyüşməyə yox, orda yaşamaq məqsədilə gedib, amma gedəndə görüb ki, heç yaşamalı yer deyil:

“350-400 DOLLAR ALIRDILAR”

"Tanıdığım uşaqlardan bir çoxu Suriyaya getmişdi. Eşitmişdim ki, orada onlara humanitar yardımlar verilir, ailəli olanlar ayda təxminən 350-400 dollar alırdılar. Mən də əvvəl getdim vəziyyətə baxım, sonra qayıdıb ailəmi də aparacaqdım. Amma gedib oranı görəndən sonra başa düşdüm ki, yaşamalı yer deyil. 2014-cü ilin yayında Suriyadan geri qayıtdım. Atma şəhərində ikimərtəbəli evdə qalırdıq. Azərbaycanlılar orada yaşayırdı".

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Rufan Ağcabəyov Suriyaya getməmişdən əvvəl mağazada satıcı işləyib. Ailə üzvlərinin çətinlik içində olduğunu, həyat yoldaşının epilepsiya, azyaşlı qızının isə ürək xəstəliyindən əziyyət çəkdiyini deyən Qarabağ əlilinin sözlərinə görə, mağaza bağlandıqdan sonra bir müddət fəhləlik edib. Daha sonra Suriyaya gedib:

"Azərbaycanla bağlı heç bir problemim olmayıb, bura mənim öz vətənimdir. Sadəcə, eşitmişdim ki, orada müsəlmanlara humanitar yardım verilir, ona görə getdim. Burada saqqalıma görə məni heç kim işə götürmürdü. Saqqalımı da MTN-də qırxdılar".

“MƏNDƏ SİLAH OLMAYIB”

Rufan Ağcabəyov deyir ki, Suriyada olduğu müddətdə döyüşlərdə iştirak etməyib, yalnız humanitar işlərlə məşğul olub – Türkiyədən gələn yardımların mühacirlər arasında paylanması, yaralıların xəstəxanalara aparılması, döyüşlərdə həlak olan qadınların, uşaqların dəfn olunması kimi işlərdə iştirak edib. Deyir, hansı məqsədlə döyüşlər getdiyini bilən kimi geri qayıdıb:

"Döyüşlər bizdən 150 kilometr uzaqda gedirdi. Döyüşmək istəyənlər ərəblərin yanına gedib, onlardan silah alırdılar. Yerli camaatda silah olurdu, amma gəlmələrə verilmirdi. Məndə də silah olmayıb".

Onun sözlərinə görə, Atma şəhərindəki "Azəri camaatı"nın rəhbəri "Xalid" idi. Söhbət 2014-cü ilin oktyabrında Kobanidə bombardman zamanı öldürülən Rövşən Bədəlovdan gedir.

CÜMƏ NAMAZINA GEDƏRKƏN TUTUBLAR

İbtidai istintaqa ifadəsini təsdiqləməyən Rufan Ağcabəyov necə həbs olunmasından da danışıb. Bildirib ki, cümə namazına gedərkən MTN əməkdaşları onu tutublar. Orada Suriya ilə bağlı sorğu-suala tutulub.

Yeri gəlmişkən, Rufan Ağcabəyovun əkiz qardaşı Urfan Suriyada döyüşlərdə öldürülüb. Bununla əlaqədar 2011-ci ildə MTN-də aparılan araşdırma zamanı Rufan Ağcabəyovu da dindiriblər:

"O vaxt MTN-də məni dindirmiş əməliyyatçı bu dəfə məni görən kimi tanıdı. Suriyada gördüklərimi MTN-də danışdım. Müstəntiq savadsız olmağımdan istifadə edib, orada başqalarının elədiyi şeyləri də mənim adıma yazdı. Silahla şəklim vardı. Bir şəklə görə adamı həbsxanaya göndərərlər? Mənim Qarabağda da silahla şəklim var".

“ŞANTAJLA İFADƏYƏ QOL ÇƏKDİRDİLƏR”

Marfin Vladimir də istintaqa ifadəsini təsdiqləməyib. Bildirib ki, fiziki, mənəvi və psixoloji təzyiqlər altında həmin ifadələrə imza atıb:

"60 gün təkadamlıq kamerada qalmışam, bir sutka ac saxlanılmışam, mənə tibbi yardım göstərməkdən imtina olunub. Mənə dövlət hesabına vəkil təyin olunmuşdu. Allaha and olsun, o vəkil açıq şəkildə dedi ki, “səni müdafiə edə bilməyəcəm”. Məni dindirəndə heç həmin vəkil olmayıb. Mənə şantajla ifadəyə qol çəkdirdilər".

1993-cü ildə Rusiya Ordusundan imtina edib Azərbaycan Ordusunda zabit kimi xidmət etdiyini deyən Marfin Vladimirin sözlərinə görə, Türkiyə-Suriya sərhədində yerləşən ərazilərdə humanitar təşkilatlar fəaliyyət göstərir. O da Suriyada "Uluslararası Yardım Vakfı" adlı humanitar təşkilatda müqavilə əsasında işləyib.

"Suriyaya gedəndən bir ay sonra orada mənə pul, mülkiyyət təklif olundu. Dedilər ki, “hər şeylə təmin edəcəyik”. Razılaşmadım. 2013-cü il avqustun 13-də getmişəm, 2014-cü il martın 5-də qayıtmışam", – Marfin Vladimir bildirib.

Məhkəmə prosesi iyulun 26-da davam edəcək.

Buna da bax: İŞİD-ə qoşulan azərbaycanlılar kimlərdir? - Atanın dəhşət dolu etirafları...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG