Əsl Azərbaycan yallısı

Ziya F.M.

- "Əsrlər  boyu, bir  istilaçıdan  digər  istilaçının  əlinə  keçə-keçə   bizdə  unikal  bir  özünüqoruma  instinkti  yaranıb..."

 

Ziya F.M.

"Покинутый  Баку" ("Tərk  edilmiş Şəhər")

hekayələr və esselər silsiləsindən

 

6/8  və ya Üç badam, bir qoz

 

Bir  fransız - sevgidir. İki  fransız - duel. Çoxlu  fransız  isə - inqilab.

Bir  alman döyüşçüdür. İki  alman - döyüşən  dəstə. Çoxlu  almansa – müharibə.

Bir  ingilis – konyak. İki  ingilis – bric  oynamaqçün rəqiblər. Çoxlu  ingilissə - parlamentdir.

Bir  rus -  əyyaşdır. İki  rus - əlbəyaxa  dava. Çoxlu  rus -  mavzoleyə  uzun bir növbə. 

Bir  gürcü – şəxsiyyətə  pərəstişdir. İki  gürcü – kütləvi  terror. Üç  gürcü  isə - iraq  olsun.

İnternetdə  gəzən  zarafat.  

Amma  bizdə , “bir  azərbaycanlı elə  bir  azərbaycanlıdır”. Vəssalam. Başqa  mühitə  tək  düşəndə  tam  əriyən  ölçü  vahidi. Mühitindən ayrı  düşmüş  azərbaycanlı.  Başqa  millətin  mədəsində  tam  əriyib  yoxa  çıxan azərbaycanlı.

Hər  şeyi  unudan, yaddan  çıxaran. Ən  maraqlısı isə  onun  bu  vəziyyəti  olduğu  kimi  qəbul  etməsidir. Müqavimət  göstərmədən. Çünki mühitsiz  azərbaycanlı artıq azərbaycanlı deyil. O, bütün adət-ənənədən, dilindən, düşüncə  tərzindən  imtina  edir. Mentalitetdən də. Hətta  milliyyətindən də.

Elə bil o, bizim sevgilimiz, qardaşımız, atamız-anamızdır. Sevirik, nifrət edirik, yazığımız gəlir, ona xəyanət edirik, ona acıq veririk.

Pasportdakı yazıdan başqa heç nə qalmır. Heç  nə.

Harasa uzağa, başqa  ölkəyə yaşamağa gedəndə, köçəndə vətəni ilə  bağlarını dibindən qoparıb  tullayır.

Hətta  keçmiş  vətəninə  nifrət  də  bəsləyir. İllüminatora da  tüpürür. Çünki  onu  başqa  əraziləri  fəth  etməyə  itələyən  hiss  ancaq  nifrət  olur.

Nə  vaxtsa  vətəninə olan  böyük, ülvi  məhəbbətinin tərsi və ya daha  çox  qazanmaq istəyi. Axırıncısını elə-belə, söz  arası, sayıqlıqlarını  itirəndə boyunlarına ala  bilər.

Bizim  vətənə  olan tələblərimiz  hədsiz  dərəcədə  yüksəkdir. Şair  və  yazıçılarımızın  sayəsində bizim  “VƏTƏNİMİZ”, nə qədər  qəribə  səslənsə də,  bizim  gözümüzdə İNSANlaşıb.

Biz  ona  qonşumuz, müdirimiz, düşmənimiz, dostumuz  kimi   münasibət  bəsləyirik.

Elə  bil  o  bizim  sevgilimiz, qardaşımız, atamız-anamızdır. Sevirik, nifrət  edirik, yazığımız  gəlir, ona  xəyanət  edirik, ona  acıq  veririk.

Yeri  gəlmişkən, öz  vətəninə  acıq  vermək deyəsən,  təkcə  bizə  mənsubdur. Halımız  xarab  olanda nəyə  görəsə  sevinməyə  başlayırıq.

Zərb-məsəllərimizdə  də var:

“Elnən  gələn  toy-bayramdır”, - demirikmi? Yəni  faciəyə  də  sevinmək  olar, təki hamının  başına  gəlsin.

Azmı  olub, bizim  futbol  komandamız  uduzanda  rəqib  komandaya  azarkeşlik  etməyə  başlamışıq? Acığa.

Və  ya  müharibəni  uduzub, ağıllı-ağıllı  danışmağa, hamını  günahlandırmağa və “Haqq  oldu, bizə bu azdır”  deməyə  başlamışıq. Başqa  cür  bacarmırıq  axı, heç  alınmaz  da.

Onsuz  da  düşməni  öz  aramızda  axtaracağıq. Onsuz da  “daxili  düşmənlər” , “sapı  özümüzdən  olan  baltalar”  kimi  ifadələr  fikirləşib hər  addımda  təkrarlayacağıq. Biz  ki, hamıdan  ağıllıyıq, biz  ki, bilirik  məsələ  nə  yerdədir.

Amma  ağlımıza  da  gəlmir  ki, məsələ  başımıza  gələnin  “düzgün”  adını  tapıb qoymaq, adını  tapdığımıza görə  sevinib  rahatlanmaq  yox, uğursuzluğun səbəbini  tapıb onu qaydasına salmaqdadır.

Yüz  il  bundan  qabaq dövrünün və  zəmanələrinin adamlarını çox yaxşı  öyrənən  bizim  yazıçı  və  şairlərimiz ətraflarındakı  həyatı  təsvir  etməyə  başladılar. Onlar  da  təqribən  elə  mən  dediklərimi  yazırdılar. 

Amma  bunu  çox  istedadlı,  yüksək  bədii  səviyyədə, parlaq, xarakterik  məişət  dilində təsvir  edirdilər. Xalqa  maksimal  dərəcədə çox  yaxın  dildə.

Bəlkə  elə buna  görədir  ki,  Mirzə  Ələkbər  Sabir  kimi  şair  tərcüməsi  çox  çətin olan, sırf  bizə məxsus, başqa  dillərdə  o  qədər  də  anlaşılmayan kimi  qəbul  olunur.

Halbuki, Sabirin  şeirlərindəki  söz, məna, fikir, bənzətmə və  sətirlərin  yarıdan  çoxunu  nəinki  indiki, hətta  o  vaxtın, o  dövrün  çoxbilmişləri  də  tam  qavraya  bilmirdilər.

 Всю нацию собрав в кулак, сумей её увлечь!

О благе ближних толковать да не скупится речь!

Привычны мы валить и бить, кромсать, топить и жечь! 

И в кровь загнать коней своих, и головы отсечь!

Свобода? Равенство? Ну да: за строем строй идёт!

Эй, не зевай! Раздавит конь! Народ лихой идёт!

*

Çəkil, yol ver, at bağrı çatlatmışıq,

Vurub yıxmışıq, tutmuşuq, atmışıq,

Çapıb qovmuşuq, qan-tərə batmışıq,

Yığıb milləti bir yerə qatmışıq,

Müsavat, ədalət, üxüvvət gəlir!

Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!

 

Fərqi  hiss  edirsiniz, yəqin  ki.

Tərcümə  olunmuş  Sabir  artıq  bizim  sevdiyimiz  Sabir  deyil. Sadəcə ən  adi satirikdir. Orijinalda – ritm, vəzn, danışıq  tərzi, söz  oyunu, hansısa  personajın  dilində  səslənən sözün  dəyəri, sosiallıq, hətta  bircə  sətrin  belə, böyük  bir  ictimai  tutumu ifadə  etməsi.

Tərcümədə  isə -  oxucuda  fikirdən  başqa  heç  bir  başqa  duyğu  yaratmayan adi  sözlər.

Amma  tərcümə   nə  qədər  yaxşı  da  olsa, əsas  deyil. Hər  xalqın  özünün  satiriki onsuz  da  var. Öz ölkəsinin, öz xalqının  hüdudlarını  aşan, dünyanın  tanıdıqları da var.

Bizimkilər  bizdə “ancaq  bizə  məxsus çatışmazlıqlar  kompleksi”  yaradıblar.

İzah  edim.

Satiriklərimizin  yaradıcılığından  bizdə  belə  bir  təsəvvür  yaranıb  ki, dünyanın  ən  nataraz  milləti  bizik. Biz  başqalarına  oxşamırıq.

Adekvat  tərcümənin, mövzu  anlaşılmazlığının  başqa  xalqlar  tərəfindən  qavranılmaması  da  öz  təsirini  göstərib. Əgər  bunu  tərcümə  etmək  mümkün  deyilsə, deməli  bunlar   ancaq  bizə  məxsusdur.

Sabirin təqdimatında özümüzü sevdik. Onun təsvir etdiyi kimi olmaq xoşumuza gəldi.

Amma  Sabir  təkcə  bizi  tənqid etmir, təkcə bizə  gülmürdü. O, bütün  insanlığa  gülürdü. Sadəcə  olaraq  prototipləri  biz  idik. Parlaq  və dərhal  tanınan  tiplər  olan  biz.

Bu  əsərlərdə biz  özümüzü  görüb  tanıdıq. Ən  qəribəsi  də  odur  ki, Sabirin  təqdimatında özümüzü  sevdik.  Onun  təsvir  etdiyi  kimi  olmaq  xoşumuza  gəldi.

Hətta  indi  də  sevinirik  ki, yüz  ildə  heç  dəyişməmişik. Elə  bil  acığa  düşüb  dəyişmək  istəmirik. Başımıza  döyməyimiz  də  ləzzət  eləyir. Sevinirik. Xoşbəxtik.

Rəqs  edirik, mahnı  oxuyuruq, şeir  yazırıq, vətənə  məhəbbətimizi  izhar  edirik. Və  çıxıb  gedirik, aradan  çıxırıq, vətəndə  ola-ola vətəndən  qaçırıq. İçib, keflənib  başqa  dildə  danışırıq.

Əvvəllər  bu, rus  dili  idi, indi  ingilisə  keçmişik. Mıxlayıb, ağlımıza  gələn  qəribə hərəkətlər  edirik. Elə  bilirik  ki, bu, müasir rəqsdir.

Ya  da  hind  filmlərindəki  rəqslərə oxşar  hərəkətlər  edirik. Baxır  adamına, kim  ayıq  vaxtı  nəyə  baxır, kefli  olanda  da  onu  yadına salır. Biri  Avropaya, o  biri  Asiyaya  meyllənir. Bir  ayağımız  orda, o  biri  ayağımız  o  birində. Paçası ayrıq. Başqalarına oxşamaq  istəyirik. Alınmır.

Səhəri  gün ayılıb  dünən  çıxartdığımız  həngamədən  utanırıq. Hələ  kimsə  bunu  çəkib  yumoristik  verilişlərə  də  göndərir. "YouTube"-a  qoyur. Baxıb  özümüz  özümüzə, kefli  halımıza, ritmimizə, qınımızdan , hüceyrəmizdən, zərrəciyimizdən  çıxmaq  istəyimizə  gülürük...

Əgər  kimsə  desə  ki, indiki  toylarda  oynanılan “Yallı”  rəqsi  Qobustanda  qayaların  üstündə  təsvir  olunmuşlarla  eynidir  və  onlar  bizim  əcdadlarımızdır, həmin adam   bir  azca (yumşaq  desək)  yanılır  və  ya  vicdanının  əleyhinə  gedir.

Yəni, kimsə  deyə  bilərmi  ki, indiki  toylarda “kollektiv  rəqs” adı  altında  bizə  təqdim  olunan  hərəkətlər hər hansı , ən  azı  yerli  standartlara  cavab  verir? 

Mən  bir  dəfə  təsadüfən  ölkəmizdə  yaşayan  digər  xalqın  toyda  kollektiv  rəqsinin  şahidi  olmuşam.  Bizim  heç  bir  toyumuzda  belə  dəqiq, nizamlı rəqsin, sinxronluqdan  yaranan  gözəlliyin  şahidi  olmamışam. Heç  vaxt.

Moldovan, irland  rəqsləri də toyda  və  ya  səhnədə  olmasından  asılı  olmayaraq, eyni  dəqiqliyə  və  nizama  malikdirlər. Bizdə  heç  vaxt  olmayan  nizama. Bizdə  isə  hər  şeyi  vurub-keçən  individuallıq  var.

Hətta  özümüzə  ziyan  vuran  dəhşətli  bir  eqosentrizm  də  demək  olar. Əsas ümumi  yükü  çəkməməkdir, hətta yükün  bir  hissəsi  sənindirsə, və  onu  tək  çəkə  bilmirsənsə də.

Nə  olsun ki, mənə  də  qismət olmayacaq, əsas  odur  ki, başqalarına  da  olmayacaq. İçi  özüm  qarışıq hamı  almaqdansa, qoy  mən  də  almayım, başqaları  da.

Bizdə  hər  bir  kəs  öz  Yallısını oynayır. Oturduğu  yerdə. Qoy kim  istəyir  o  da  oynasın. Yox!  Qoymazlar! Çağırırlar. Dartırlar. Ortalığa  çıxardırlar.

Məcbursan  üzünə  qondarma   toy  təbəssümü  taxasan. Kimsə  cibindən  əzik-üzük  dəsmal  çıxardır. Kimsə  kiminsə  əlindən  yapışır.

Qızlar  isə  oğlanların  əlindən  tutmağa  “utanırlar”, ona  görə  də  ancaq  çeçələ  barmaqlarını  uzadırlar. Aparıcı  uzun  addımlar  atır. Ortadakılar  dayanıb  gözləyir.

Sondakılar  da eyni  vəziyyətdə durub  əvvəldəkilərə  baxır  və  bəri  başdan bir  azdan  edəcəyi  hərəkətlərdən  utanırlar. Bir  hissə sağ ayağını  qaldıranda, digərləri  solu qaldırmaq  fikrinə  düşür.

Biri  əlini  qaldıranda digəri aşağı salmağa çalışır. Hərəkətlər  fərqlidir. Kimsə  sadəcə  addımlayır, ayaqlarının yerini  dəyişir, kimsə  bir  ayağını  qabağa  atıb  o  birini  qaldırır, kimsə  başqa  rəqs  elementlərindən  istifadə  edir.

Düzgün  dairə  isə  heç  vaxt  alınmır, əyri-üyrü  ilan  stolların  arası  ilə  sürünüb  özünə  yeni  qurbanlar  tapır. Uzanır, böyüyür, qıvrılır.

Bəziləri  əllərini  tam  açsalar  da, qollarını  tam  qaldırsalar da,  digərlərinin  qolları  yanına  qısılır, çiyin-çiyinə dirənəndə  qol  qaldırımaq o qədər  də  asan  deyil.

Qıvrılmış, bütün  hərəkət instinktlərini itirmiş soxulcana  bənzər  dəstə  nəhayət, çox  böyük  çətinliklə zalın  ortasında batıq  dairə  (daha  çox  balqabağa  bənzər)  şəklində  dayanıb  ritmin  dəyişməyini  gözləyir.

Nə  qədər  mümkündür, dairəni  düzgün  formaya  salmağa  çalışır. Əl-ələ  tutanlar bir-birlərini  dartır və ya itələyirlər. Bir  az  ritmik  hissə  çalınmağa  başlayan  kimi  isə  bu  böyük  ilan  5-10  nəfərlik  kiçicik ilancıqlara  bölünür.

Tanışlar ümumi dəstədən  ayrıldıqlarına  sevinib  daha  rahat  nəfəs  alırlar. Hisslərinə  nəzarət  eləyə  bilməyən birisi  ortalığa  atılır.

Bax  elə  bu  andan   əsil  Azərbaycan  Yallısı  başlayır. Bir  nəfər  ortada. Ətrafında  isə  oynamaq  istəməyən, əl çalan dairə.

Bir  nəfər  ortada  nəfəsi  kəsilənə, suya  batana  qədər özünü  məhv  edir. Ətrafındakılar  isə  bütün  görkəmləri  ilə  kənara  və  oynayana  çatdırmağa   çalışırlar  ki, ortadakının  hədsiz  dərəcədə  gözəl  rəqsinə  heyran  qalıblar.

O  dərəcədə  ki, belə  rəqs  edənin  yanında  oynamaq  ağıllarına  da  gəlməz. Ortada  qalan  əsil  rəqqasdır, elə  hamının  əvəzinə o  rəqs eləməlidir.

O, dünyanın  ən  yaxşı rəqqasıdır və onu əvəz  eləmək  ağılsızlıq  olardı. Allah  göstərməsin.  Bircə  ortadan  çıxmasın.

Qoymayın  ortadan  çıxsın, imkan  verməyin  kimsə   fikirləşsin  ki, onun  əvəzinə  ortaya  mən  çıxa  bilərəm, diqqət  mərkəzində  ola  bilərəm. Ən  yaxşısı hamı  ilə  birgə  bir  qıraqda  olmaqdır. Əsas gözə dəyməməkdir. 

Bax ancaq   bu  məqamda, əvvəlki  bütün  ictimai  işlərdən  fərqli  olaraq, biz  birləşirik. Birləşirik  ki, bizi  heç  kim  görməsin. Heç  kim  bilməsin ki, Yallıını  biz  necə  rəqs  edirik.

Hamısından  yaxşısı  bir  qıraqda, gözdən  uzaqda  oynamaqdır.  Hündür  divarların  arxasında. Təklikdə... Azərbaycansayağı...

Amma  bizim  daxilimizdə  tamam  başqa  bir  Ritm  yaşayır. Köklü-köməcli. Qanımıza, canımıza  işləmiş, hopmuş. dərimizə  yerimiş,   anamızın  südü  ilə  hopmuş,  bütün  ürək-damar  sistemimizi  çulğamış  bir  Ritm.

Sabirin  personajlarının dilinə  verdiyi, bizim  həmişə  əhatəsində və içində  yaşadığımız Ritm. Biz  onunla  yaşayırıq, Onunla  böyüyürük. Onunla  qocalırıq.

Vətəni  tərk  edəndə  də  birinci  onu  unutmağa  çalışırıq. Yaddan  çıxarsaq,  başqa  adam ola biləcəyimizə inanırıq, unutsaq  başqalaşacağımızı  düşünürük.  Bu ancaq  orada, uzaqlarda, vətəndən  kənarda mümkündür.

Geri  qayıtsaq  bu  ritm  bizi  tamamilə  öz  caynağına  alacaq,  bizi  ipəkqurdu sarınan  kimi  sarıyacaq.

“6/8”  və  ya sadə  dildə  deyildiyi  kimi  “Üç  badam, bir  qoz”  və  ya  ən  sadəsi “Rakkıdı-çıqqıdı”. Hamının bildiyi, tanıdığı, onsuz toyu, rəqsi, şənliyi təsəvvür  etmədiyi bir Ritm.

Mənim  fikrimcə,  bütün  Azərbaycan  xalqını birləşdirən  əsas  və  yeganə  ritm də  elə   budur. Bir  də  toy. Onun  da  əsasında  bu  ritm  durur. 

Və  bu  toyu  müşayiət  edən, gələcək  ərlə-arvadın (həyat  yoldaşlarının yox) və  doğulacaq uşaqların  taleyini  həll  edəcək  nələr  varsa (sadalamayacam) onlar  da  cəmiyyəti, daha  doğrusu, “cəmiyyətin  özəyini”, bir az da  böyütsək, xalq  adlı çoxhüceyrəli Divi müəyyənləşdirirlər.

Amma  bir-birinin  üstünə  qalaqlanmış  hüceyrələrin sayının çoxluğu, və ya  azlığından nəhəng  Div  heç  də  dəyişmir, ağıllanmır, sadəcə  olaraq  bir  az da  böyüyür.

Hüceyrələrlə  əks-əlaqə  isə  sıfır  səviyyəsindədir.  Geriyə  cavab  getmir.  Nə   neyron, nə  impuls, nə  də  bağlantı  yoxdur. Kollektiv  beyin, ən  ali, yüksək  inkişaf  etmiş  üstqurum  kimi  beyin  də  yaranmayıb.

Plazma  kimiyik. Bizə  soxuşdurulan  formanıca  doldururuq. Amma bu  bizim  formamız  deyil. Həyatımız  da  bizim deyil.

Bizim  həyatımızı  müəyyənləşdirən  məfhumların  hamısı  kənardan gətirilib  və hələ  də   gətirilir. Qanun, ictimai  əsaslar, şəhərsalma, tibb, gigiyena, təhsil, ictimai  institutlar, mülki  fəallıq və s.

Bəs  bizdə nə olub? Olubmu? Olmayıbmı?

Olubsa da, nə  vaxtsa  başqaları tərəfindən  məhv  edilib. Bizə həmişə  başqaları rəhbərlik  edib, özümüz  yox.  Əsrlər  boyu, bir  istilaçıdan  digər  istilaçının  əlinə  keçə-keçə   bizdə  unikal  bir  özünüqoruma  instinkti  yaranıb.

Eyni, təkrar  olunan  yaltaq  ifadələr, hər  yeni  gələn  hökmran  üçün  deyilən  hazır  cümlələr, loyallıq  nümayişi, “ləbbeyk”, “həmişə  hazırıq”, buyurun,  baş  üstə, gözüm  üstə, təki siz  əmr  edin, süni  boyunəymə, hər  yeni  gələn  istilaçının  nazı  ilə  oynamaq, yuxarıda  duranın  (ya  oturanın) ağlına  gələn  hər axmaqlığı  alqışlamaq,  natamam, yarımçıq   “qul”luqla  bir  yerdə  bizdə  qəribə bir ikiüzlülük  yaradıb.

İllərdir, onillərdir, yüzilllərdir  üzümüzə niqab  taxıb  gəzirik. Nəsildən  nəsilə  ötürürük. Bu  ikiüzlülüyü  hər  yerə  tətbiq  edirik. Nəinki  bizi  qəsb  edənlərə, hətta  özümüzə  də. 

Sırf   özümüzə  lazım  olan, başqalarına  heç  də  lazım  olmayan  əsasları  isə qoruyub  saxlaya  bilmişik. Bizi  müstəmləkəyə  çevirənlər  də  ancaq  və  ancaq  bizə  aid  olan  və  bizi  idarə  etmək  üçün  lazım  olanları öhdəmizə  buraxıblar.

Bu – bizim  çoxhüceyrəli, formasız, beyinsiz, bölünmüş  individuallığımızdır. Biz  dırnağımızın, saçımızın  uclarına kimi, iliyimizə kimi  individualıq.

O  bizim  bütün  ruhumuzu  sarıb. Özəyimizə, qanımıza, hüceyrəmizə , genimizə işləyib. Bizim  cəmiyyət – çoxhüceyrəli  individuum  yığınıdır. Bütöv  orqanizm yox!  Sümüksüz, ürəksiz, ürəksiz, ağılsız amorf  bir  kütlə.

Və  Ritm. Ancaq  Ritm – “altı  səkkizlik  və ya “altıda  səkkiz” (6/8). Əsdirilmə. Yırğalanma. Vibrasiya. Titrəmə. Silkələnmə.  Azərbaycanlının  unikodu. “Üç  badam, bir  qoz”.

Çal  oynasın, Əjdər  əmi.

Vur çatlasın. Dağılsın, tökülsün. Lap  dünyanın  axırı  gəlsin.

Lap  gəlsə  də,  əgər bütün dünyada  bircə  azərbaycanlı  qalsa da,  bu  ritm   qalacaq. Azərbaycanlı  varsa, ritm  də  yaşayacaq,  və  nə  qədər  ki, bu ritm  var, biz  dəyişməyəcəyik. Heç  Sabir  də  dirilib  gəlsə  bizə  kömək  edə  bilməyəcək.

Heç  sizə  də...