Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:42

Adam nə qədər musiqiyə qulaq asar?!


Ziya F.M.
Ziya F.M.

"Mahnı  oxuyur ki, süd versin. Bədbəxt  heyvanları da çəkiblər öz  tərəflərinə. Konsert verməsən, süd verməzlər. Mahnı oxumasan, cütü  çəkməzlər."

 

Ziya F.M.
 

Musiqili Azərbaycan

(qəzəbli  yazı)

 

Earworm - Qulaq  qurdu. İngilis  dilində beyində ilişib qalan

musiqiyə  deyilir.

 

Musiqi insanlığa  düşmən kəsilib. Musiqi zorla yeridilir, qulağa  soxuşdurulur. Divarlardan. Tavandan.

M. Jvanetski.      

Mən  həmişə bu texnikaya nifrət etmişəm. Kasıb  məhəllələrdə  yaşayanda həmişə  başqalarının səsini  eşidirsən, sevişmələrini də, ancaq  ən  dözülməzi - səni  zorla, saatlarla, bütün  total  qusuntusu ilə  birgə öz  musiqilərinə  qulaq  asmağa  məcbur etmələridir. Hələ bu azmış  kimi, onlar üstəlik pəncərələri də  taybatay açırlar, elə bilirlər ki, qulaq  asdıqları zibildən sən də ləzzət alırsan.

Çarlz  Bukovski.        

 

Azərbaycanlıların başı pis musiqidən xarab olub.

Azərbaycanlıların  ümumiyyətlə  musiqidən başları xarab olub. Manıslar  toylarda  mahnı oxuyurlar, mollalar da yaslarda Quran. İkisi  də oxumaqdı.  OXUMAQ!!! Satıcılarsa qiymət oxuyurlar. O da oxumaq.  Bu da oxumaq. O  birisi də. Leninin məsələyə dəxli yoxdur.

Füzuli  dərd əlindən  yox, musiqidən baş götürüb dağlara qalxıb.

 Azərbaycanlıların  musiqi  həvəsi Sabirin, "tək səbir"  dediyi  şeylə  bərabərləşib. Hər  yerdə musiqidir. Hamı  musiqiçi olub, hamı  gecə-gündüz  işini-gücünü buraxıb axmaq  musiqiyə qulaq asmaqla məşğuldur.

Elə  bil  dədələri, anaları  bunları  ancaq  toy  musiqisinin altında dünyaya  gətirmək  üçün  var güclərini  sərf ediblər ki, Əjdər  əmi   rəqs  edilən  vaxt   spermatozoid  özünü  tələm-tələsik  yumurtalığa  yapışdırsın və Vağzalı  çalınanda rüşeym artıq inkişafa başlasın.

Elə  bil  dədələri ancaq maqnitofonun qulaqcıqlarını taxıb, sonra işlərini  görüblər.  Anaları  da ancaq, ayıb olmasın, ya  da  olsun, mikrofonla  ləzzət  alıblar.

Elə  bil  bunların  uşağı  bu dünyaya  ancaq  musiqinin  səsinə çıxır. Molla  Nəsrəddinin  dediyi işığa yox. Musiqi  olmasaymış, bunlar  nəinki  başlarını, heç  barmaqlarının ucunu da qoymazmışlar çıxartmağa. Mamaçalar  mahnılamasa,  uşaq dünyaya gəlməzmiş bizdə.

Çıxanların  da  missiyası  bütün  dünyanın  ən  eybəcər,  ən  nalayiq, ən  zövqsüz müsiqilərini digər azərbaycanlıların arasında  yaymaq  imiş. Deyəsən, bizdə  gizli musiqi satanistləri, ya da  musiqi mazoxistləri dərnəyi  var.

İnsan  övladı  nə  qədər  axmaq  olmalıdı ki,  dünyanın  qulaq  salladığı bu iyli  hava  boşalmasına qulaq  assın. Elə  bil, bütün  dünya  bir  tərəfədir, biz  bir  tərəfə.

Yerdə  qalan  dünya ən  yaxşı  musiqi axtaranda,  bizimkilər  ən  düşük,  ən  əksiyini  axtarıb  tapıb  saysız  miqdarda  külliyyat  düzəldib  ucuz qiymətə  alıb satırlar.

Bizim  musiqi  zövqümüzün  süqutu  kassetli  maqnitofonlar  çıxandan  sonra başlayıb.  O vaxt  başlayıb  ki,  hər  hansı  bir  axmaq  digər  axmağın  oxuduğu  axmaq  musiqini kassetdən kassetə  köçürməyi  öyrənib.

Dilənçi  uşaq  şəhərin  mərkəzində  tütəkdə  özünün  də xəbəri  olmadan  "Доля воровская" çalır  ki,  ona  qəpik-quruş  versinlər. Sağ  olsunlar, heç  olmasa  ona  dəyib  dolaşan  olmur, ya  da  “dolya”larını  alıb  gedirlər.  

Latın  Amerikasından  gələn  musiqiçiləri polis qovur  ki,  burda  sizin  musiqi ifa  etməyinizə  icazə  yoxdur.  Elə  bil qorxurlar ki, bizimkilərin  qulağı  nəsə  normal bir şey eşidib xarab olar.

Qulaqlarından  tökülsün  qulaq  asdıqları  poxsaq.  Ciyərləri  çürüsün oxuyan  yerdə!  Dilləri qurusun  o  əttökən  sözləri  deyəndə!  Boğazları  tıxansın  o  eybəcər  səsləri  çıxaranda!  Barmaqları çürüsün  sintezatora  toxunanda!  Zövqləri  qənimləri  olsun  onlara! Nəsillikcə  kar  olsunlar!!! Qulaqlarına  qurğuşun  dolsun!!!

Yalandan  yazırlar ki, hər  yer  Kərbəla, hər  gün  Aşuradır.  Yox!  Azərbaycanda hər  yer  konsert zalı, hər  gün  konsertdir. "Yayda  hər  divar  dibi  bir  ev" olan  kimi  deyil.  Bizim  musiqiçilərə fəsillərin dəxli  yoxdur. İlin  bütün  fəsilləri  musiqilidir. Vivaldi qələt eləyir bizimkilərin yanında.

Ağını  da  oxuya-oxuya  deyirlər. Ölüyə  də mahnı  oxuyurlar.  İmamlara  da  konsert  verirlər, darıxmasınlar  o dünyada,  feyziyab  olsunlar. Qulaq  asın , ölülər,  diri azərbaycanlılar sizə mahnı oxuyurlar.

Qoyunumuz dinləyici,  çobanımızsa  ifaçıdır. Birincilərimiz  də  romans  oxuyur,  qulbeçələri  də diz  çöküb  onun  qabağında  ariya, xalq mahnısı,  bəstəkar  bəstəsi  ifa  edirlər.  Səsi  oldu, olmadı. Dəlimiz  də  oxuyur,  ağıllımız da.

İtalyanları  keçmişik. Hamımızı  "La  Skala"  gözləyir.  Aləm  oxuya-oxuya alim olur, biz  manıs.  Adam  olan  kəs  də qoyuna  tütək  çalıb, inəyə  mahnı və söz  qoşar?!  

Heyvana  da  mahnı  oxuyurlar  ki, işləri  getsin. Ruslar adama  oxuyurlar, adamla  oxuyurlar: - Раз,  два, взяли. Bizimkilər  heyvana  əmək  mahnısı  oxuyur: - Şəəlləkum,  məəlləküm.  Ay  yeri, heyvan, yeri.

Mahnı  oxuyur  ki, süd versin. Bədbəxt  heyvanları  da  çəkiblər  öz  tərəflərinə. Konsert verməsən,  süd  verməzlər. Mahnı  oxumasan, cütü  çəkməzlər. Lap  bizim  özümüzə  oxşayıblar. Ölürlər, sino gedirlər konsert  üçün. Heyvanları deyirəm. Özümüzə  oxşayıblar. Bizim  heyvanlardır. Musiqili.

Yox! Özləri  qulaq  asmaqları  bunlara  bəs  eləmir. Qulaqcıq  ki, var! Yox,  olmaz! Hamı bilməlidir, hamı  eşitməlidir ki, bunlar nəyə  qulaq  asırlar!  Fəxr  eləməlidirlər axı!

Hacı həccini, məşədi  Məşhədini,  dilənçi seyidliyini, rüşvətxor  maşınını,  avara  əzdiyini, sürüşkən  yolun  yolçusu   boyasını  və  qabaq   dişlərinin  kariesini  gözə  soxduğu  kimi,  bunlar  da  öz  qulaq  asdıqları murdarçılığı ən uzun və  üzücüsünü, ən  iyrənc sözlü və natamam  aranjimanlısını, ən əttökən  mövzulusunu seçib, ən  hündür,  uca  səsli  variantını  hamıya  çatdırmalıdırlar. Hamı,  bütün  dünya bilməlidir  ki,  bizimkilərin  nə  ağlı,  nə  mövzusu,  nə  musiqi duyumu, nə  də  zövqü  var.

Bir musiqimiz vardı, bir də neftimiz. İndi neftimizin  demək olar  ki  hamısı bizim olmadığı kimi,  musiqimiz  də  yarımçıqdır. Bəstələr,  operalar,  mahnılar, simfoniyalar  bizimki  deyilmiş. Bizə lazım deyilmiş. Bir  neftimizi  çıxarırıq  dünyaya,  bir  də  musiqini.  Başqa  heç  bir  şeyimiz  yox  imiş.

Dünya  bizi  mazutla,  musiqiylə  tanımalıymış.  Özgə  nəyimiz  var  ki?! İkisini  də  daşıdılar  xaricə, bizə  qalan isə  indi  üstü örtülən  mazutlu   gölməçələr, bir  də musiqi zir-zibili  oldu.

Avtobusa  minirsən, musiqi,  taksiyə  oturursan  mp3,  metroya  minirsən… Elanın  əvvəlində bir-iki  notluq  kiçik  bir  parça  olar. Bütün  dünyada  belədir.  Bizdə  hər  stansiyaya  bir  mahnı çalınır.

Bu sərnişin  yazıq  nə  qədər  mahnı  dinləməlidir ki,  İçəri  Şəhərdən  Həzi Aslanova  gedib  çıxa  bilsin?  Bu yazıq  sərnişin  toydan  da  uzun çəkən yollarda  nə  qədər  İran  motivli,  ərəb  boğazlı, türk  sözlü, küçə təfəkkürlü mahnıları  məcburən,  zorla  dinləməlidir?

Bizim  musiqi  zövqümüzü  niyə  sürücülər formalaşdırmalıdırlar? Onlar bizi nə  qədər  öz musiqiləriylə  zorlamalıdlrlar ki, biz  bir  gün  bu musiqi çaldırılan  apparatı kökündən  qoparıb  sürücü  qarışıq  pəncərədən bayıra  tullamaq  həddinə çataq? İndiyəcən niyə çatmamışıq, görəsən?

Adamlar nə  qədər  axmaq olmalıdırlar  ki,  generator,  maqnitofon və yekə  dinamiklər götürüb sıldırım qayaların üstünə  qaldırıb səsini ətrafa yaymağa  çalışsın?! Ətrafda  da  heç heyvan  da  olmasın, özlərindən başqa.  

Adam  nə  qədər  gic   olmalıdır ki,  maşınının  yük  yerinə boşluğunu  tam  dolduran  dinamik  qoysun. Elə  bir  dinamik  ki,  səsi  maşının  özündə  yox,  iki  kilometr  aralıdan eşidilsin.

Adam  nə  qədər  heyvan  olmalıdır ki,  gecə saat  2-də, 3-də səsi  axıra  qədər  artırıb əhalinin artıq  çoxdan  yatdığı  dar küçələrdə  dəli kimi  maşınla  fırlansın?!

Oxutdurduğu, qulaq  asdığı bir zibil ola, dərd  yarıdır. Haradan  tapırlar, kimə oxutdururlar, kimə çaldırırlar bu  “musiqi”ləri , bir şeytan bilir.

Niyə dənizdə, hovuzda,  meşədə,  çay qırağında, çəmənlikdə  hansısa  bir əclaf  öz düşük musiqisi  ilə hər  şeyi püsürləməlidir?  Niyə  bizimkilər  təbiətin  anasını  ağlatmalıdırlar?

Niyə ölkədə musiqisiz  bir  balaca  deşik  də  qalmayıb ki, gedib sakitlikdə dincələsən?  İctimai  yerlərdə  musiqi səsləndirilməsinə  ya  qadağa  qoymağın, ya  da  onu  qanunla  tənzimləməyin  vaxtı  gəlib  çatmayıbmı?

Vaqif Səmədoğlu demiş, qulaq  zildən  deyil, ən  bəm səsdən də yorulub.

Hüseyn  Arif  demiş, orda  nəğmə  də  var, nəğməkar da var.

Birincisi  şəhərdən yazardı, ikincisi isə təbiətdən.

Bunların, bizim  düşük  musiqisevərlərin başqa  iş-gücləri yoxdurmu, ay Allah?! Nəsibənin qəhrəmanı  demiş: Ay  sənin  mamonun  qarnı  cırılsın, adam nə qədər anadan  olar?!

Adam nə qədər musiqiyə qulaq asar?

Ey  ulu  Yaradan. Ey, bizi  özünə  oxşar  xəlq  edən  Uca  Varlıq.

Əgər bilsəydin  ki,  belə  olacaq,  bizim  qulağımızı iki  yox,  bir  edərdinmi?  Heç  olmasa qulağımız olmayan  tərəfi  səs  gələn  tərəfə çevirərdik .

Qulağımızı  səsartıran, səsazaldan  formada  düzəldərdinmi? Əllə  tıxamaq  olmur. Pambıq kömək  eləmir. Gecələr  yatmaq  olmur. Gündüzlər  yol  getmək  olmur. Təbiətdən həzz  almaq  olmur.

Bəlkə  bizim  alimlər qulaq  filtri  kəşf  edələr. Normal danışığı  buraxa,  bizimkilərin sevdiyi   musiqiləri  yox. Təbiətin  səsini  eşidəsən, kefli,  yağlı,  piyli, zövqsüz azərbaycanlıların  təbiət  qoynunda  qoyduğu (qoyasan belə musiqiyə) musiqini  yox.  Bir  təbiət  qalıb, onusa da  bizə çox görmə.

Ağzınız  tikilsin sizin,  “azərbaycanlılar”,  oxuduğunuz  yerdə!

        

Mən  qonaq  getdiyim  heç  bir  fransızın  evində  pop  musiqi  yazılmış bir  CD də  görmədim, ancaq  klassika və  caz. Yəqin fransızlar hesab  edirlər ki, pop  musiqini  alıb  evə  gətirmək  lazım deyil, onsuz da o, pulsuz  sənin  evinə  girəcək, ona  xüsusi  olaraq  qulaq  asmaq lazım deyil, onsuz da küçədə-bayırda  eşidəcəksən.

XS
SM
MD
LG