Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 10:15

Mixeil Saakaşvili: Hakim partiya seçkini udarsa, müstəqil Gürcüstan 'daha mövcud olmayacaq'


Mixeil Saakaşvili klinikadan onlayn məhkəmə iclasına qatılır.
Mixeil Saakaşvili klinikadan onlayn məhkəmə iclasına qatılır.

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili xəbərdarlıq edir ki, hakim "Gürcü arzusu" partiyası oktyabrın 26-da parlament seçkilərini udarsa, bunun ağır nəticələri ola bilər.

"Növbəti günlərdə, həm seçkilər dönəmində, həm də sonrakı günlər provokasiyalar gözləyirəm", – Saakaşvili həbsxanadan AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində deyib.

2012-ci ildən hakimiyyətdə olan "Gürcü arzusu" oktyabrın 26-da keçiriləcək parlament seçkilərini udarsa, idarəçilik müddətini uzada bilər. Saakaşvilinin əsasını qoyduğu Vahid Milli Hərəkat daxil olmaqla müxalifət qrupları bunun Gürcüstanda demokratiyanı sarsıdacağını deyirlər, Qərb də oxşar xəbərdarlıq səsləndirib.

"Gürcü arzusu"nun vədləri

"Gürcü arzusu" xaricdən maliyyələşən QHT və medianın fəaliyyətini məhdudlaşdıran, eləcə də "LGBT propaqandası" əleyhinə qanunlar qəbul edib. Hakim partiya qalib gələrsə, bütün əsas müxalifət partiyalarını qadağan edəcəyinə söz verib.

Bütün bunlar isə Brüssel və Vaşinqtonu cəza tədbirlərinə əl atmağa vadar edib. Aİ Gürcüstanın bloka üzvlük prosesini dondurub, Vaşinqton sanksiyalara əl atıb.

"Gürcü arzusu" qarşıdan gələn seçkiləri hərb və sülh arasında həyati seçim kimi təqdim edir. Partiyanın seçki kampaniyasına Ukraynadakı müharibədən dağıntıların ağ-qara fotoları ilə dinc və çiçəklənən Gürcüstanın rəngli fotolarından ibarət posterlər daxildir. Partiyanın qurucusu və de-fakto lideri Bidzina İvanişvili hətta deyir ki, Gürcüstan 2008-ci ildə Rusiya ilə müharibəyə görə üzr istəməlidir.

'Azərbaycanlı uzağı müavin ola bilər' - Gürcüstan 'referenduma bərabər' seçkilərə hazırlaşır.
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

56 yaşlı Saakaşvili AzadlıqRadiosuna müsahibəsində bildirib ki, Rusiya Gürcüstana qarşı "hibrid müharibə" aparır, "Gürcü arzusu" hakimiyyətdə qalarsa, ölkənin gələcəyi yaxşı olmayacaq.

"Onlar seçkini saxtalaşdıraraq hakimiyyətdə qalarlarsa, Gürcüstan daha müstəqil ölkə olmayacaq", – Saakaşvili deyib. Ancaq o, nikbinliklə əlavə edib ki, "12 ildir müqavimət bayrağı ətrafında birləşmişik, yeni nəsil gəlir, Gürcüstanda doğulan, Rusiyaya deyil, Avropaya yönələn nəsil".

Hələ də zəhərlənmənin təsirini hiss etdiyini deyir

Saakaşvili 2021-ci ilin oktyabrında Ukraynadan Gürcüstanda qayıdarkən saxlanılıb. O, ikinci prezidentlik dönəmi bitəndən sonra Ukraynada yaşayıb, siyasi vəzifələrdə olub. Hazırda isə hakimiyyətdən sui-istifadə ittihamı ilə altı illik həbs cəzası çəkir. Özü və tərəfdarları ittihamı qurama sayırlar.

Saakaşvili və tərəfdarları onun həbsdə zəhərləndiyini deyirlər.

Xarici rəsmilər, təşkilatlar onun azadlığa buraxılmasına çağırırlar, Avropa Parlamenti bu yaxınlarda qətnamə də çıxarıb.

"Onlar mənim sağlıq durumumdan asılı olmadan dərhal və qeyd-şərtsiz buraxılmağımı tələb edirlər, çünki yaxşı bilirlər ki, qondarma ittihamlarla əsir götürülmüşəm", – Saakaşvili söyləyib.

"Ötən il bir neçə ay ölümlə həyat arasında qalmışdım. Hələ də zəhərlənmənin təsirini hiss edirəm", – o, sözlərinə əlavə edib.

Saakaşvili həbsxana şəraitindən gileylənib, üç ildir gün üzünə, təmiz havaya həsrət qaldığını deyib. O, telefon zənglərinin də yasaqlandığını sözlərinə əlavə edib.

Keçmiş prezidentdən Rusiyanın Ukraynada apardığı işğalçı müharibə barədə də soruşublar. O, Ukraynada qaldığı müddətdə vətəndaşlıq alıb, 2015-16-cı illərdə Odessa vilayətinin qubernatoru olub.

"Avropa məğlubiyyətçiliyə, ABŞ isə izolyasionizmə qapılmayınca, Rusiyanın müharibədə məğlubiyyəti qaçılmazdır. Bu baş verməyincə, Rusiyanın şansı yoxdur", – Gürcüstanın keçmiş prezidenti deyib.

XS
SM
MD
LG