Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:43

Azərbaycanlılar və tük


Ziya F.M.
Ziya F.M.

- "..Hər  şey  bezdirir.  Kimi  içkiyə,  kimi  kənarda  sevgiyə,  kimi  işə  qurşanır  ki,  fikirləşməsin,  yada  salmasın,  anlamasın. Keçmişi,  itirilmiş  imkanları,  özünün  küt  (“tük”ün  tərsi)  vaxtlarını  xatırlamasın..."

Ziya F.M.

 

Tük, yaş və ictimai status

 

Bizim  həyatımız tükdən  asılıdı.

Tük - bizim ən vacib  və  zəhlətökən  orqanımızdı.  Baş qırxılanda  dincəlməyimiz,  qırxılmış üzlə sevişməyimiz,  keçəlliyimizdən  utanmağımız,  qız  çıxmayanın başını  qırxıb  eşşəyə mindirməyimiz,  telimizi  darayıb  özümüzə  sığal verməyimiz,  donuzdan  qənimət  kimi  tük  qopartmağımız,   tükü - tükdən  seçə  bilmək  bacarığımız,  miqdarın çoxluğunu tüklə  hesablamağımız, fəsilləri  üzü  tüksüz  kosaya,  saqqallı  keçiyə  bənzətməyimiz, hətta  ayı-günəşi də saçlı-saçsız,  tüklü-tüksüzə  ayırmağımız  bizim  tükə  nə dərəcədə  aludə  olmağımızı, onu  nə  dərəcədə  vacib saydığımızı  göstərir.  Bəlkə  tüklü  həyatımıza  bir  nəzər  salaq?!...

 

Ətcəbala

- Sən  heç  nəsən.  Adi  ət  parçası.  Gözün var - görmür,  qulağın var - eşitmir. Əlin var - tutmur.  Ayağın var - yerimir.  

Başın var - tərtəmizdir, əmməkdən,  sormaqdan  və  ifrazatdan  başqa  heç  bir  funksiyan   işləmir,  başdan - ayağa  instinktlərin  diktəsindəsən.

 Yüngül,  quş  lələyinin  ucu  kimi  yumşaq  tüklərin  var,  rəngi  o  qədər  də  bilinmir,  ağdımı,  qırmızıdımı,  ümumiyyətlə  tükdümü?  Məlum deyil.  Bunlar  hamısı  töküləcək,  yerinə  başqaları  çıxacaq... bir  azdan.

 Fərqi  yoxdur,  qız  ya  oğlan.

 

Keçəl

- Birinci  süni  keçəllik. Təbiətin  çıxardığı  birinci  tükləri  qırxmaq  adətdir. İnanclara  görə,  baş  qırxılanda  yerinə  daha  yaxşı,  daha  sağlam  tüklər  çıxır.  Qısa  saç , əlbəttə ki, uzun  saçdan  daha  möhkəm  olmalıdı.

Balaca  qızların  həyatlarında  yeganə  rəsmi  qəbul  olunmuş  keçəllik  dövrü. Sonralar   bunun  heyfini  ərlərinin  başını  dəng  və  keçəl  eləməklə  çıxacaqlar.

 

Tərli  Bığ  yeri

- Əvvəlllər  daha  çox  tərləyən  yerlərdən  tük  çıxmağa  başlayır.  Hormonların  oynadığı,  başın  xarab,  səsin  kobudlaşdığı,  nəm  sonluqlu  erotik  yuxuların  çoxaldığı,  adda - budda,  burun  və  qoltuq  altından,  güngörməzdən,  az  əl  dəyən  yerlərdən  qıvrım,  düz,  seyrək  tüklərin   yavaş-yavaş  çoxaldığı  dövr  başlayır.

 Qızlar  hələlik  saç  uzadırlar.  Sonra  kəsəcəklər  uclarını,  sonra  bir  az  yuxarıdan,  sonra  düz  saçı  olan  buracaq,   qıvrım  olan  düzlədəcək,  qara  olan  saraldacaq,  xına  qoyub  qızardacaq,  hətta  mavi,  yaşıl,  qəhvəyi  rənglərə  belə, boyayacaqlar.  Hələlik  hörükdədirlər,  hələ  kəkil  çıxarmayıblar.

 Amma  burnunun  altında  çirkli  yerin  çoxaldığı  oğlanlara  naz,  göz - qaş  eləməyi  öyrənirlər  yavaş-yavaş.

 

İkinci  qırxım  dövrü

- Hər  şey  dəlləyin  saçqırxan  maşını  bir  az  da  aşağıya  doğru  sürütləməsindən  və  gələn  dəfəki  saç  qırxımına  qədər  üzün tüklənməsindən  başlayır.

Bəziləri  isə  bu  tük  gec  çıxdığına,  başqalarına  nisbətən tükün  az  olmasının  mənəvi-psixoloji   əziyyət  verdiyinə  görə  süni  yolla,  zorla  tüksüz  üzə  ülgüc  vurmağa  başlayırlar.  

Hətta  sinəsini  qırxanlar  da  olur.  Qoltuq  altından  isə  vəhşi  iylər  ətrafı  bürüməyə  başlayır.  Xüsusən  də  ictimai  nəqliyyatdan  istifadə  edən   təmizkarlar  üçün  kiminsə  tüklü  və  iyli  qoltuq  altını  məcburi  iyləməsi  heç  də  ürəyaçan  olmur.

Qızlarda  hormonla  bağlı  pis  qoxular  əmələ  gəlir. Ətir  zavodunun çənlərində  çimizdirsən  də  bu  iy  çəkilmir  ki, çəkilmir.  Onların  da (əsasən  də  bizimkilərin) müxtəlif  yerlərində  xırdaca  sarı-sarı tüklər  əmələ  gəlməyə  başlayır.

Sonralar  bu  tüklər  bir  az  qaralanda  sapdartma  üsulu  ilə  bu  tüklər  qoparılmağa  başlayacaq  və  bu  mübarizə  qadınların  bütün  həyatı  boyu  davam  edəcək.  

Amma   hələlik  onlar  sarımtıldılar  və  xırda  tük  sahiblərinə   vurulanlar  hələlik   tükü-tükdən  seçə  bilmirlər. Hormonlar imkam vermir.

 

Birinci, mifik və yeganə Ağ tük

- Artıq  gündəyməzində  tük  olanlar  silklərə  bölünməyə  başlayırlar.  Kiminsə  bəxti  gətirisə,  deməli  onun  g.tündə  ağ  tük  var.

 İnstituta  girə  bilmək  savadla  yox – ağ  tüklə,  işə  düzəlmək  rüşvətlə  yox -  ağ  tüklə,  ordudan  yayınmaq  saxta  düzəldilmiş  xəstəlik  kağızı  ilə  deyil  - ağ tüklə,  varlı  kiminsə  qızı  ilə  evlənmək  sevgi  ilə  yox - ağ tüklə  (!)  bağlanılır. Siyahını  uzatmaq  olar,  amma  lazım  deyil,  özünüz  əlavələr  edərsiniz.

                                   

Tük soyqırımı

- Qızlarda  gəlinlik  dövrü  ərəfəsidi.  Bircə  günün  içində  gözə  görünən  bütün  yerlərdən  bütün  tüklər  dartılır.  Əsas  da  qaşların  alt  tərəfindən.  Bəzilərində döşlərinin  arasından.

Ayaqlar  qırxılır. Yumşaq  yerdən  bir  az yuxarıda, beldə  yerləşən  tüklərə  fikir  verilmir. Onsuz  da arxası  üstə  uzanacaq  toy  gecəsi. 

Toy  günü  o  qədər  də  fikir  verilməyən  qaşaltı, səhərisi  gün  gecə  gördüyü  şeydən  dəhşətli  dərəcədə  qorxmuş,  heybətlənmiş   qadının  (artıq  qadının)  halına  yanmaq  istəyi  doğurur.  

Saçı  qısa  vurulmuş, üzü   tərtəmiz - kökündən  qırxılmış  kişi  (artıq kişi... guya!)  isə  sonralar  gecə  yatağa  girməmişdən  əvvəl  üzünün  qırxılıb - qırxılmamasına  o  qədər  də  fikir  verməyəcək. Çünki sabah  işə  gedəndə  üzü  təmiz  qırxılı  olmalıdı.  

Gecə  qırxsa  səhər  qırxa  bilməyəcək  və  işdə  təzə  qırxılmış  üz  təsiri  də  buraxa  bilməyəcək.  Bunun  altını  isə,  sözün  birbaşa  mənasında  arvad  çəkəcək.  

Bütün  yerdə  qalan  həyatı  boyu  (seksual dövr)  qırxılmamış, nanəcib  kişi  üzü  onun  nəcib  üzünü  gah  qızardacaq,  gah  deşəcək,  gah  dərisini  cıracaq. 

Dekorativ  üsullar  (krem, pudra)  bunun   görünən  tərəflərini  aradan  qaldırsa  da,  ilk  qısqanclığın  cücərtiləri  qadının  ürəyində  ilk  xallarını   salacaq.

 Qadın  ərinin  işinə  yavaş-yavaş nifrət  eləməyə  başlayacaq.  Bir  az  keçəndən  sonra  ilkin  nifrət  mənbəyi  yaddan  çıxacaq  və  qadın  kişinin  işinə  və  qazancına  patoloji  nifrət  eləməyə  başlayacaq.  Səbəbsiz!

 

Tüklənmə  dövrü

-“ Qıllanma”  variantı  da  var. Yəni, qazanc  dövrü.  Pul  qazanmaq  hər tüklüyə  nəsib  olur!  Kiminə  az,  kiminə  çox.  Amma  həmişə  olduğundan    bir  az  artıq  qazanılan   müddət  də  olur.

“Tüklənibsən deyəsən”  ifadəsi  bu  mərhələyə  aiddir.  Onda  adam  bir  balaca  qudurur,  pulu  sağa,  sola  xərcləyir.  

Çox  az  adam tapılar ki,  bu  müddət  ərzində  özünə,  gələcəyinə  gün  ağlasın.  Həmin  vaxt  ona  elə  gəlir  ki,  bu  heç  vaxt  sona  yetməyəcək.

Sonradan  özünün  nə  qədər  ağılsız  olduğunu, pullarını  boş-boş  şeylərə  küllədiyini  yada  salıb,  “müsəlmanın  sonrakı  ağlı”  ifadəsi  ilə  özünə  təskinlik  tapıb,  “hamı  mənim  kimi  axmaqdı”  fikri  ilə  rahatlanacaq.

Eləsi  də  olacaq  ki,  ikinci  süni  keçəllik  dövrünü  yaşayacaq.  Çox  da  uzaq  olmayan  yerdə,  divarları  hündür, kənarlarında  silahlı  gözətçilər  olan  sakit  yerdə  axırıncı – onu  bura  gətirib  çıxaran - hadisələri  hər  gecə  yada  salıb,  təkrar-təkrar  “ağ tük”ünün  olmamasından  əziyyət  çəkəcək.  

Hətta  ola  bilsin,  içəridəki  bəzi  şeyigöyçəklər,  onun  ağ  tükünün  olmamasını  dəqiq  biləcəklər.  

Qadınların  saçının  isə  ikinci  “soyqırım”   dövrü  başlayacaq.   Uzatma, qısaltma,  rəngləmə,  saraltma  saçı  bir  günə  salacaq  ki,  bəziləri  süni  saç  sisteminə   keçəcəklər.  

Saçuzatma,  şinyon,  qotur  saç  düzümünü  müxtəlif  üsullarla  tam  örtmək və  s.

 

Tükbərkiyən  dövr

 Gözün  aşağı  hissəsindəki,  burnun  pərlərindəki,  qulağın  içindəki,  bəzi  hallarda  isə  hətta  çölündəki  yumşaq, qısa,  sarımtıl,  gözəgörünməz  tüklər  qaralmağa,  uzanmağa  və  çoxalmağa  başlayır.

Öz  gözün  zəiflədiyindən  başqaları bu tükləri  səndən  yaxşı  görür. Bu, hələ  yerdə  baş  verənlərdi.

Kosmonavt  Titovdan  soruşanda  ki,  kosmosda  hər  hansı  fizioloji  dəyişiklik  baş  verirmi,  cavabında  demişdi  ki, adam  heyvan  kimi  yumşaq  tüklərlə  örtülür (человек  покрывается  мягким  пушком,  как зверек).

Bizim  bir  nağılımız  var  – “Qıllıca”.  Orada  azıb  meşədə  qalan  adam  bir  neçə  müddətdən  sonra  tüklə  örtülür.  Elə  ona  görə  də  nağılın  adı Qıllıcadır.

Sürtünmə , ümumdünya  cazibə  qanunu  və  əyində   pal – paltar  olmasaydı,  bu  dövrdə  çox  adam  ya  kosmonavt, ya  Qıllıca , ya da  Darvindənqalma ulu əcdadları  kimi  yumşaq  heyvani  tüklə  örtülərdi  yəqin  ki!

Köməyimizə  gələn yanlız   dəlləklərin  uzanan  qaşları  qayçılaması, qulaqlardan  çıxanları  pambıqla  yandırması  olur.  

Bəziləri  bununla  bacarmadıqlarını   görüb  başını  buraxırlar.  Qulaq  olur  cəngəllik.  Burundan  fırtılıq  qarışıq  tüklər  çıxır.  Həyatda  tutulan  yer  də  bərkiyir.  

Artıq  hər  şey  aydındır.  Arvad-uşaq,  dost - tanış  da  bərkiyən  tüklər  kimi  adamı  bürüyür.

Can  sıxılır,  orta  yaş  krizisi  başlayır.  Hər  şey  bezdirir.  Kimi  içkiyə,  kimi  kənarda  sevgiyə,  kimi  işə  qurşanır  ki,  fikirləşməsin,  yada  salmasın,  anlamasın. Keçmişi,  itirilmiş  imkanları,  özünün  küt  (“tük”ün  tərsi)  vaxtlarını  xatırlamasın.

 Qadınların  uzun  illər  qopardığı  tüklərin  yerinə  artıq  heç  nə  çıxmır. Başlayırlar  yerinə  rəng  döydürməyə,  rəsmxətt  dərslərini  yada  salmağa,  təbiətin  verdiyi   cizgiləri  dəyişdirməyə. 

 

Ağarma

- Ay  saqqalın  ağarsın!   Ağsaqqal!

 Tük ağardıqca,  ətrafdakılar  sənə  “ağsaqqal”  deyə  müraciət  etdikcə  ağıl  artmaqdan  daha  çox  azalmağa  doğru  ilkin  addımlarını  atır.

 Saçı  ağaran  elə  bilir  ki,  qocalmağın  özü  elə  ağıl  nişanəsidi.  Ay-hay!  “Cavanlıqda  da  bir  pox  deyildim”   ifadəsinin  müəllifi  Molla  Nəsrəddin  demiş, cavanlıqda  axmağın  yekəsi  olmusansa,  qocalıqda  nəyə  görə  ağlın  artmalıdı?!  

Təcrübə? Öldür  məni, inanmaram!  Ömrü  boyu  nə  düz  əməlli  oxuyub - yazmayan, nə  gəzdiyi  yerlərdə  dükandan başqa  heç bir yerə girməyən,  axmaq ara  mahnılarına   qulaq  asan,  hind  filmləri  ilə  böyüyən,  uşaqlıqdan  kənddə-kəsəkdə  gördüyündən   başqa  heç  nəyi  qəbul  etməyən  yaşlı ...  dünyaya,  aləmə,  yeniliyə,  inkişafa  hələ  açıq  olan  uşaqdan  niyə  ağıllı  olmalıdı?

Əgər  bütün  saçı  ağarmışlar  cavanlardan  ağıllı  olsaydı, biz  hələ  də  Azıx  mağarasında,  üstündə   “ritual xətt”lərin  olduğu  qadın alt  çənə  sümüyünün  yanında   yaşayırdıq.  

Ağarmanın  sonrakı  mərhələləri  bizdə  tam  öyrənilmədiyindən  onları  ayrıca  göstərməyə ,  haqqında  danışmağa  ehtiyac  yoxdu.  Ağbığ,  Ağsaç,   Ağbaş, Ağqaş,  Ağsinə...

 

Rəngli  ağbirçəklər...

Həyasız,  ağzı  qarğışlı,  ömrünü  sevmədiyi  ər  üçün,  onu  atıb  gedəcək  uşaqlar  üçün  sərf  etmiş,  paltar  yuyub  sərmiş,  ütüləyib  yığmış,  ancaq  toya  və  vaya  gedib  öz  missiyasını  tamamlamış,  sonuncu  məhəbbətləri  olan  nəvələri  tərəfindən   ancaq  məişətdə  lazımlıq  dərəcəsində  sevilən,   vaxtından  tez  qocalmış,  məhəllədə  yığışıb  onun-bunun  həyatını,  şəxsi   münasibətlərini  müzakirə  etməkdən  yorulmayan  qarılar  isə  ancaq  ağarmış  saçlara  hərdənbir  həna  yaxmaqla başlarını girləyirlər.

 

Süni xidməti keçəllik

Bəzi   “iş”lərdə   qırxıq  baş  tələb  olunur.  Əsasən  ağıl  az,  güc  çox lazım  olan  yerlərdə. Mühafizə,  cangüdənlik,  kiminsə  bədənini  öz  bədəni  ilə  qorumaq  lazım  olanda,  güclü  əzələsi,  az  intellekti  və  qırxıq  başı  olanlar  qabağa  çıxır.

Qəribə təzaddı. Alimlərin  dediyinə  görə,  saç  yaddaşın  bir  hissəsini   saxlayır. İndi  özünüz  fikirləşin... Yaddaşın  bir  hissəsini  itirmiş  cangüdən  və  ya  mühafizəçi  tüksüz  küt  başla  sahibini   hansı   ağılla qoruyacaq?

Qadınları  bu  işlərə  qoşmurlar.   “Əsgər  Ceyn”  bizdən   deyil.

 

Sonuncu Süni keçəllik

Əvvəllər belə  şey  olmazdı. Nəsə heç  kim  belə  eləmirdi.  İndi  dəbə  düşüb. Dünya - aləm  dəyişəndən,  müstəqillik  alınandan (ya  da  veriləndən)  sonra  yeni  zümrə  adamlar  əmələ  gəlməyə  başladı.

Sonralar  bu  müstəqillik  bir  də  -  bu  dəfə  daxilən  alındı,  amma   bu başqa  söhbətin  mövzusudu.

Tüklənmə - pullanma...  keçəlləşmə - pullanma  ilə  əvəz  olundu.  Pulu  olan ,  vəzifəsi  olan  (əsas   bankirimizi demirəm,  onunku  fitri - anadangəlmədi)  başladı  yarımkeçəlini  daz  qırxdırmağa.

New - Azərilər  nəsli  yarandı.  Keçəl, pullu, vəzifəli, imkanlı, əlaqəli. Yəqin  nağıllar  dövrünün  hər  şeyi  bilən, hamıyla  dil  tapmağı  bacaran,  sudan  quru  çıxan,  dəyirmanın  yuxarısından  ölü  düşüb  aşağısından  diri  çıxan, hətta  padşaha  da  kələk  gəlməyi  bacaran milli  qəhrəmanımız   Keçəl  boş  yerə  bu  millətin  dilinə  düşməyib. Keçəl  başlı  Bacaranlara  Tüklü  başlar qurban!

Qadınların  işi - gücü  isə  hər hansı  bir  problemə  görə  saçyolmasına  çıxmaqdan  ibarətdir.  Bu  zaman  deyilən  sözlərin,  qarğışların  nə  sayı - hesabı,  nə  də  bayağılıq  dərəcəsini  heç  kim  nə  ölçə , nə də  siñirə (həzm edə)  bilməz.

 

Saç  tökümü  və ya  Sonuncu  keçəllik

Artıq  hər  şey itirilib. Oğul - qız (böyütdüklərin,  əllərini  çörəyə  çatdırdıqların)  səni  bəyənmirlər.

 Nəvələrin  sənin  başına  çıxır. Nəticən   varsa, adlarını  yadda  saxlaya  bilmirsən.  Nəinki  onların  adlarını,  hətta  öz  uşaqlarının  da,  qardaş – bacının  da  adlarını  yaddan  çıxara  bilərsən. 

Qırxılmış  üzünün  bir  tərəfində  bir  cəngə  tükü  görməyə  də  bilərsən.  Başının  ortasında  çoxdan   tük  adına  heç  nə  yoxdur.  Qurumuş,  cadar-cadar  olmuş  boynunda  qalan  tüklər də  heç  kimə  lazım  deyil.

 Tez - tez  cavanlıqdakı  gur, daraq  götürməyən,  ancaq  barmaqlarla  birtəhər  yatırılan  saçların  düşür  yadına.

İtirilmiş  başda  itirilmiş  tüklər  o  qədər  də  vacib  olmasa  da , hər  halda hər  ikisinin  yenə  bir  yerdə  olması  pis  olmazdı...

Nənələrin  tükləri  dolmadan  çıxır.

 

Sahibindən  çox  yaşayan  tüklər...

Öldün... Səni  yudular...  Bükdülər...  və  tələm - tələsik  basdırdılar.  Sən  artıq  yer  üzündə  yoxsan.  

Yaddaşlarda  qoca,  tüksüz,  üzüqırışlı,  dişi  tökülmüş,  yaddaşı  zəifləmiş,  əl - ayağa  dolaşan , özünü  körpə  uşaq  kimi  aparan, heç  kimə  lazım  olmayan,  heç  nəyə  yaramayan  məxluq  kimi  qaldın.

Keçi  öldü,  qoturu  da  kəsildi.  Amma  sənin  yanlız  bir  funksiyan  hələ  işləyir.  Tük  bitirmək  bacarığı.  Öləndən  bir  neçə  müddət  sonra  da  tüklər  çıxmağa  davam  edir.

Sən - üzü tüklü  ölüsən. Tük  səndən  heç  olmasa bir  neçə  gün  çox  yaşayır.  Üzü  sulu  ikən  getmək,  başqa  sözlə  desək, vaxtında  ölməyin  özü  də  bir  kişilikdi.  Amma  xeyri  yoxdur. O  dünyaya  üzü  sulu  yox,  üzü  tüklü  gedəcəksən.

Vaxtında  ölməyin  özü  də  bir  gözəllikdi!!!

 

Sözardı:

Bütün   fantastik  əsərlərdə  yadplanetlilər  tüksüz  təsvir  olunurlar. Keçmiş  haqqında  danışılanda  isə  bəni-adəm  daha  çox  tüklü  təsəvvür  edilir (meymunlardan  iraq ).

Biz  hardasa  vəhşi  keçmişimizlə  ağıllı  gələcəyimizin  ortasındayıq. Demək,  inkişaf da tükdən  asılıdı...

Tük - inkişafın  göstəricisidir!

XS
SM
MD
LG