ABŞ Prezidenti Donald Tramp deyir ki, Ukrayna Avropa müttəfiqlərinin köməyi ilə bütün ərazilərini Rusiyadan geri ala bilər. Bu, Trampın Rusiya prezidenti Vladimir Putindən narazılığını göstərən kəskin dəyişiklik sayıla bilər.
Tramp daha öncə demişdi ki, müharibəni bitirmək üçün hər iki tərəf torpaq verməlidir. Hazırda Rusiya Ukrayna ərazisinin təxminən beşdə birinə, o cümlədən 2014-cü ildə qanunsuz olaraq ilhaq etdiyi Krım yarımadasını nəzarət edir.
BMT Baş Assambleyasındakı çıxışında Avropa müttəfiqlərinə Rusiyadan dərhal neft almağı dayandırmağı çağıran Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra sosial mediada yazıb ki, Rusiya "real hərbi gücün bir həftədən az müddətdə qələbə qazana biləcəyi bir müharibəni üç il yarımdır məqsədsiz sürdürür".
"Ukrayna və Rusiya arasındakı hərbi və iqtisadi vəziyyəti tam anladıqdan və Rusiyada yaratdığı iqtisadi çətinliyi gördükdən sonra düşünürəm ki, Avropa İttifaqının dəstəyi ilə Ukrayna öz ərazisini bütünlüklə geri almaq üçün savaşmaq və QALİB gəlmək mövqeyindədir", – Tramp yazıb.
Zelenski ayrıca mətbuat konfransında Trumpın şərhlərindəki “böyük dəyişiklik”i vurğulayaraq bildirib ki, ABŞ rəhbərinin Ukraynadakı durumu indi daha aydın anlayır.
“Trump Putinə münasibət qurmuşdu və ona güvənirdi. Putin Trumpa nağıllar danışırdı”, –Zelenski deyib.
“Trumpa dedim ki, Putin Ukraynada müharibəsinin sonunu gözləməyəcək. O, NATO-da zəif nöqtə tapmağa çalışacaq və bu artıq baş verir... Putin bir müharibəni digəriylə ‘mübadilə’ etmək istəyəcək”, – Zelenski əlavə edib.
Ukrayna prezidenti onu da vurğulayıb ki, Trump müharibə bitdikdən sonra onun ölkəsinə təhlükəsizlik zəmanətləri verməyə “hazırdır”, amma bu haqda onlarda detallı bilgi yoxdur.
“Hər tvitə bu qədər həyəcanlanmayın”. Bunu isə Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski Trumpın sosial media şərhlərinə cavab olaraq jurnalistlərə deyib.
Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas Trumpın müharibəyə dair mövqeyindəki dəyişiklikdən məmnunluğunu bildirib.
“Bəli, biz Rusiyanın enerjisindən almağı dayandırmalıyıq. Bəli, Ukrayna müharibədə qalib gəlməlidir və Trumpın bu gün Ukrayna və Rusiya ilə bağlı dediyi digər bütün bəyanatlar doğrudur”, – Kallas vurğulayıb.
Tramp: NATO ölkələri Rusiya təyyarələrini vura bilər
ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin hava məkanını pozduğu təqdirdə Avropanın Rusiya təyyarələrini vurmalı olub-olmadığı ilə bağlı suala müsbət cavab verib.
"Bəli", - Tramp BMT Baş Assambleyası çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.
Amma müttəfiqlərin səylərini dəstəkləyib-dəstəkləməyəcəyi sualına o, birbaşa cavab verməkdən yayınıb.
"Bu, şəraitdən asılıdır", - deyən Tramp bu yay hərbi büdcələrini ÜDM-in 5 faizinə qədər artırmağa razılaşan alyans ölkələrini tərifləyib.
"Biz NATO ilə bağlı çox qətiyik. NATO fəallaşıb. Bilirsiniz, onlar 2 faizdən 5 faizə keçəndə bu, böyük birlik idi", - Tramp vurğulayıb.
Alyans lazım gələrsə, NATO hava məkanını pozan Rusiya qırıcısını vurmağa hazırdır, - blokun baş katibi Mark Rutte sentyabrın 23-də Brüsseldə mətbuat konfransında bildirib.
Tramp Avropanı Rusiyadan neft almağı dayandırmağa çağırıb
ABŞ prezidenti Donald Tramp Avropa müttəfiqlərinə Rusiyadan neft alışını dərhal dayandırmağı çağırıb. O, Çin ilə Hindistanı Moskvaya Ukraynaya qarşı müharibəni maliyyələşdirməkdə ittiham edib.
D.Tramp sentyabrın 23-də BMT Baş Assambleyasının açılışında dünya liderlərinə müraciət edib. Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyini deyən Tramp əlavə edib ki, müharibəni dayandırmaq üçün Rusiyaya sanksiyalar tətbiq edə bilər, amma Avropa oxşar addımlar atmasa, "hamımız çox vaxt itiririk".
Tramp Nyu-Yorkda illik toplantıdakı çıxışında bildirib: "Rusiya müharibəni bitirəcək razılığa gəlməyə hazır deyilsə, ABŞ çox güclü tariflərin tətbiqinə tam hazırdır. Bunun qan tökülməsini çox tez dayandıracağına inanıram".
Amma onun sözlərinə görə,"tariflərin təsirli olması üçün Avropa ölkələri... bizə qoşularaq eyni tədbirləri qəbul etməlidir... Avropa bunu gücləndirməlidir".
Zelenski Trampdan nə istəyəcək
Ukrayna prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşü gözlənilir. Ukrayna lideri azı iki əsas məsələdə dəstək gözləyir: Rusiyaya daha sərt sanksiyalar və Kiyev ilə Moskva arasında sülh razılaşması olarsa, təhlükəsizlik zəmanətləri.
Amma sentyabrın 23-də Trampın Nyu-Yorkdakı qrafiki sıxdır: BMT Baş Assambleyasında çıxış edəcək; Argentina prezidenti Xavyer Miley ilə görüşəcək; Qətər, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə, Pakistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya liderləri ilə çoxtərəfli danışıqlar aparacaq.
Zelenski Assambleyada sentyabrın 25-də çıxış edəcək. O, sentyabrın 23-də Trampla görüşdən əlavə, BMT Təhlükəsizlik Şurasının Ukraynadakı müharibə ilə bağlı iclasına da qatılacaq.
Ən vacib məqam isə budur ki, Zelenski iki mümkün ssenaridən qaçmaq istəyəcək: Tramp onun Rusiyaya ciddi güzəştlərə getməsi üçün təzyiq göstərə bilər, yaxud sülh sazişi yönündə irəliləyişin olmamasına görə Ukraynanı günahlandıra bilər. Baxmayaraq ki, üç il yarımdır Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı işğalı davam etdirir.
İkinci hal bu ilin fevralında yaşanıb: Tramp Zelenskini "diktator" adlandırıb, müharibəyə görə onu günahlandırıb, Ağ evdəki başıbəlalı görüşdə onu sərt tənqid edib.
Avqust görüşündən bəri baş verənlər
Avqustda isə Avropa liderlərinin də qatıldığı Tramp-Zelenski görüşü daha yaxşı keçib. Bu görüş Trampın Alyaskada Putinlə görüşməsindən, atəşkəs çağırışını geri götürməsindən sonra baş tutdu. Əvəzində Tramp tərəflərin sülh razılaşmasına doğru irəliləməli olduğunu bildirdi. Baxmayaraq ki, Ukrayna atəşkəsi dəstəkləyir, Rusiya isə rədd edir.
Avqust görüşləri sülhə doğru hərəkətin başlayacağına ümid yaradıb. Tramp Zelenski və Putin arasında mümkün birbaşa danışıqlardan, özünün də qatılacağı üçtərəfli görüşdən danışıb. O, 1945-dən bəri Avropadakı ən böyük müharibəni bitirmək vədinə doğru addım atmaq istədiyini deyib.
Di gəl, Kreml Putin və Zelenskinin Moskvadan başqa yerdə mümkün görüş ehtimalını rədd edib. Bunu isə Ukrayna qəbuledilməz sayır.
Son həftələr sülhə doğru nəzərəçarpacaq irəliləyiş baş verməyib. Əksinə, Rusiya təcavüzkar addımlar artıb: cəbhə xəttində irəliləməyə cəhd göstərib, Ukraynada mülki əhalini bombardman edib, dronlar, hərbi təyyarələr NATO ölkələrinin hava məkanını pozub.
"Putin müharibədən danışıqlar yolu ilə çıxmağa maraq göstərmir, yalnız özünün qeyri-real şərtlərini irəli sürür", – London Kral Kollecinin müharibə araşdırmaları üzrə analitiki və fəxri professoru Lourens Fridman sentyabrın 23-də bloq yazısında qeyd edib.
Sanksiyalar
Müharibəni bitirəcək hər hansı razılaşma halında Ukraynaya ABŞ-nin dəstəklədiyi güclü təhlükəsizlik qarantiyaları lazımdır. Amma sülh yönündə proqresin olmaması o deməkdir ki, Kiyev üçün indi daha təcili və vacib məsələ ABŞ-nin Rusiyaya sərt sanksiyaların tətbiqidir.
Tramp Rusiyanın inadkar mövqeyindən məyusluğunun getdikcə atdığını bildirib, dəfələrlə deyib ki, Moskvaya yeni sanksiyalar tətbiq edə bilər. Rusiyadan enerji alan, onu Ukraynadakı müharibədə yararlana biləcəyi texnologiya ilə təmin edən ölkə və şirkətlərə ikinci dərəcəli sanksiyalara da çağırış səslənir. ABŞ Konqresində hər iki partiyanın təmsil olunduğu qruplar sanksiya layihəsini irəli sürüblər.
Sentyabrın 7-də Trampdan soruşublar ki, yeni sanksiyaların ikinci mərhələsinə keçməyə hazırdırmı. "Bəli, hazıram", – cavabını verib. Sentyabrın 18-də isə Putin haqqında deyib ki, "O, məni doğrudan da məyus etdi".
Amma bugünədək Rusiyadan neft aldığına görə Hindistandan idxala rüsum 25 faiz artırılıb, başqa cəza gözə dəyməyib. Tramp arada deyib ki, yeni sanksiyaların Putini masaya gətirmək səylərini çətinləşdirəcəyindən narahatdır.
Dövlət katibi Marko Rubio da bildirib ki, Rusiyaya yeni sanksiyalar sülhə zərbə vurar: "Tramp bu prosesdən çəkilsə, ya da Rusiyaya sanksiya tətbiq edib "işimi bitirdim" desə, onda dünyada münaqişənin sonunu vasitəçiliklə gətirəcək adam qalmaz. İndi ola bilər ki, biz bu nöqtəyə çatırıq. Ümid edirik ki, belə deyil, çünki bu, gerçəkdən ağır müharibədir və o, bunun bitməsini istəyir".