Keçid linkləri

2026, 14 Fevral, şənbə, Bakı vaxtı 23:04

Zelenski Qərbdən 'müharibə köləsi' Putinə qarşı güclü zəmanətlər istəyir

Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Qərbdən daha çox silah və “real təhlükəsizlik zaəmanətləri” istəyir. Zelenski fevralın 14-də Münxen Təhlükəsizlik Konfransında çıxış edib.

“Ukraynada heç kəs inanmır ki, (Putin) xalqımızı rahat buraxacaq, yaxud digər Avropa xalqlarından əl çəkəcək. Çünki o, müharibə ideyasından əl çəkən deyil. O özünü çar kimi görə bilər, amma əslində müharibə köləsidir”, – Zelenski deyib.

Ukrayna prezidenti ölkəsinin Aİ-yə üzvlüyü üçün konkret tarix qoyulmasının vacib olduğunu deyib. Onu da əlavə edib ki, Ukrayna hazırda Avropanı Rusiyanın mümkün təcavüzündən qoruyur. Macarıstanın Kiyevə dost münasibətdə olmadığını vurğulayan Zelenski deyib ki, baş nazir Viktor Orban “qarnını böyütmək” yerinə müdafiə xərclərini artırmaq barədə düşünməlidir.

Zelenski gələn həftə Cenevrədə gözlənən danışıqların “ciddi” keçəcəyinə ümidini bildirib. Zelenski ilə birlikdə müzakirələrə qatılan NATO-nun baş katibi Mark Rutte isə Rusiya nümayəndə heyətinin tərkibinə şübhəsini dilə gətirib, ona yenə Vladimir Medinskinin başçılıq edəcəyini deyib.

“Putin yenə bu tarixçini Cenevrəyə göndərir, orada o, ukraynalılara İsveç barədə mühazirə oxuyacaq”, – Rutte deyib.

ABŞ-dən güzəşt təzyiqi

Zelenski onu da deyib ki, Birləşmiş Ştatlar sülhün əldə olunması üçün Ukrayna tərəfdən mümkün güzəştlər haqda “həddən artıq tez-tez” danışır, amma Rusiyanın edə biləcəyi güzəştlərə toxunmur.

Onun dediyinə görə, müharibəni bitirmək, güzəştlər məsələsində Donald Tramp administrasiyasının təzyiqini “bir az hiss edir”. Zelenski bildirib ki, Ukrayna tezliklə sülhə nail olmaq istəyir, amma bu sülh “ləyaqətli” olmalıdır.

Zelenski xüsusilə qeyd edib ki, Ukrayna Donbasda nəzarətində olan ərazidən çıxmağa hazır deyil, amma kompromisə, orada azad iqtisadi zona yaradılmasını nəzərdən keçirməyə hazırdır.

“Sual budur ki, bəs rusiyalılar nə etməyə hazırdırlar? Rusiyadan heç bir kompromis eşitmirik”, – o deyib.

Ukraynada seçki keçirməyin mümkünlüyünə gəlincə, Zelenski deyib ki, bundan ötrü iki ay müddətinə atəşkəs lazımdır. Dediyinə görə, Rusiya seçki keçirmək qərarı verərsə, Ukrayna atəşi dayandırmağa hazırdır.

XS
SM
MD
LG