ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında deyib ki, ABŞ və Avropa “bir-birinə aiddir”.
“Amerika yeni rifah əsrinə yol açır və bunu əziz müttəfiqlərimiz və ən köhnə dostlarımızla birlikdə etmək istəyirik”, – Rubio fevralın 14-də Münxendəki “Bayerischer Hof” otelində çıxışında deyib.
Onun sözlərinə görə, Avropa ilə birlikdə hərəkət etmək “sağlam xarici siyasətin bərpasına kömək edəcək”.
Transatlantik ittifaqın zəifləməsi fonunda Rubionun çıxışı maraqla gözlənilirdi. Ötən il ABŞ-nin vitse-prezidenti Cey Di Vens Avropa liderlərini qitədə demokratiyanın, onun sözlərinə görə, geriləməsindəki roluna görə sərt tənqid etmişdi və bir il sonra ABŞ-nin yüksək vəzifəli rəsmisinin nə deyəcəyi ətrafında müzakirələr gedirdi.
Mümkün transatlantik “ayrılma”dan danışan Rubio deyib ki, “məqsədimiz, istəyimiz bu deyil”.
“Birlikdə qurduğumuz köhnə dünya nizamının qlobal institutlarını dağıtmağa ehtiyac yoxdur, amma onlarda islahat aparmaq lazımdır”, – Rubio söyləyib. O, prezident Donald Trampın rəhbərliyi altında ABŞ-nin dünyada “bərpa” prosesinə rəhbərlik etmək istədiyini də vurğulayıb.
ABŞ konfransa Rubionun başçılığı indiyə qədərki ən böyük heyətini göndərib, senatının dörddə biri heyətə daxildir. Üç gün davam edən illik tədbirdə Avropadan yüzlərlə nüfuzlu lider, qanunverici, hərbi rəsmilər, akademiklər də iştirak edir.
“Avropanın övladı”
ABŞ dövlət katibi Avropanın zəngin mədəni irsini barədə deyib ki, “biz amerikalılar... hər zaman Avropanın övladı olacağıq”.
Konfransdan öncə təşkilatçıların yayımladığı hesabatda deyilirdi ki, “dağıdıcı siyasət” başlanıb: “Mövcud qayda və institutlara balta vuranların ən güclüsü ABŞ Prezidenti Donald Trampdır”.
Builki Münxen Təhlükəsizlik Konfransı dünyada qarışıqlıqlar fonunda keçirilir. ABŞ-nin İrana mümkün hava zərbələri ehtimalı var, digər yandan Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsinin dörd ili tamam olur.
Ukrayna ilə bağlı “ən çətin suallar”
Ukraynadakı “müharibəni bitirmək üçün məsələlər azalıb, amma pis xəbər odur ki, ən çətin suallara gəlib çıxmışıq”, – Rubio bildirib.
Prezident Tramp Rusiyanın müharibəsini dayandırmağı prioritet saysa da, Moskva güzəştə meylli deyil. ABŞ-Rusiya-Ukrayna danışıqlarının son iki raundunda böyük irəliləyiş əldə olunmayıb.
Fevralın 14-də Rubio konfrans çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməlidir.
Çıxışından sonra konfransın sədri Volfqanq İşinqer ilə qısa sual-cavab zamanı Rubio deyib: “Cavablandıra bilmədiyimiz və hələ də sınadığımız bir məsələ var – elə bir nəticə mümkündür ki, Ukrayna onu qəbul etsin, Rusiya da buna razılaşsın? İndiyədək bu, mümkün olmayıb”.
Konfransda çıxışdan sonra “Bloomberg”ə müsahibəsində Rubio deyib ki, “fikrimcə, Rusiya bu müharibənin əvvəlindəki ilkin məqsədlərinə belə nail ola bilməz”.
“İndi əsas məsələ onların Donetskdə hələ nəzarət etmədikləri 20 faizi ələ keçirmək istəyi ilə bağlıdır. Bu isə çətin məsələdir”, – Rubio əlavə edib.