Keçid linkləri

2026, 14 Fevral, şənbə, Bakı vaxtı 21:44

Tramp: Rejim dəyişikliyi İranda 'baş verə biləcək ən yaxşı şeydir'

Donald Tramp hərbi bazada çıxış edir
Donald Tramp hərbi bazada çıxış edir

ABŞ prezidenti Donald Tramp deyir ki, rejim dəyişikliyi İranda “baş verə biləcək ən yaxşı şeydir”. O, ikinci təyyarədaşıyanın da tezliklə Ərəb dənizində “böyük” ABŞ armadasına qoşulacağını təsdiqləyib.

“Görünür, bu, baş verə biləcək ən yaxşı şeydir”, – Tramp fevralın 13-də jurnalistlərin onun Tehran “rejim dəyişikliyi” istəyib-istəməməsi haqda sualına cavabında deyib.

“Onlar 47 ildir elə hey danışırlar. Bu arada, onlar danışdığı müddətdə xeyli can itirmişik”, – Tramp deyib. Bu, Trampın İrandakı sərt rejimin getməsi üçün ən birbaşa çağırışı sayıla bilər.

Tramp indiki hökumətin süqutu halında kimi hakimiyyətdə görmək istəməsi haqda bir söz deməyib, əlavə edib ki, “adamlar var”.

İranın sonuncu şahının mühacirətdə olan oğlu Rza Pəhləvi İran müxalifəti arasında liderliyə can atan fiqurlardan biridir.

İranda dini rejim 1979-cu il İslam inqilabından bəri hakimiyyətdədir. O zaman Ayətüllah Ruhulla Xomeyniyə sadiq ruhanilər İranda ABŞ-nin dəstəklədiyi Məhəmməd Rza Pəhləvini devirib. 1980-ci ildən iki ölkə arşında diplomatik əlaqələr yoxdur.

Vaşinqton və Tehran İranın nüvə proqramı üzrə vasitəçilərlə danışıq aparır. Qərb ölkələri İranın nüvə silahı hazırlamağa çalışmasından şübhələnir, Tehran isə proqramının dinc məqsədli olduğunu deyir.

Tramp hökumətə qarşı çıxan etirazçılara zor tətbiq olunacağı halda İranı yeni hərbi zərbə ilə hədələmişdi.

Azərbaycan Trampa görə İrandan idxalı dayandıracaqmı?
Gözlə

No media source currently available

0:00 0:05:48 0:00

“Çətin” nüvə danışıqları

Tramp Şimali Karolinada hərbi bazada ABŞ əsgərlərinə deyib ki, İranla nüvə danışıqları “çətindir” və iranlılara daha çox təzyiq göstərilə bilər.

“Onlarla saziş əldə etmək çətindir. Bəzən qorxmalısan. Bu, vəziyyətdən çıxmağın yeganə yoludur”, – o deyib.

Tramp İranla İsrailin iyunda 12 günlük müharibəsindən ağızdolusu danışıb. O zaman ABŞ İranın nüvə obyektlərinə zərbə endirmişdi.

Bu arada Vaşinqton Fars körfəzinə indiyədək görünməmiş miqyasda qüvvə cəmləyir.

Ekspertlərin fikrincə, məqsəd Trampa İrana hücum etməyi seçəcəyi halda seçim verməkdir.

İranda dekabrın sonundan yanvarın əvvəlinədək davam edən etirazlarda minlərlə nümayişçi öldürülüb. İnsan haqları qrupları azı 53 min nəfərin həbs olunduğunu deyirlər.

“Saziş əldə etməsək, lazım olacaq”

“Reuters” fevralın 13-də ABŞ-nin adı çəkilməyən iki rəsmisinə istinadla yazmışdı ki, ordu İrana qarşı həftələrlə çəkə biləcək əməliyyat ehtimalına hazırlaşır, əlbəttə ki, Tramp hücum əmri verərsə.

Daha öncə ABŞ ordusu Fars körfəzi regionuna “Abraham Lincoln” təyyarədaşıyanını yerləşdirib.

Tramp isə “Gerald R. Ford” təyyarədaşıyanının da Karib dənizindən çıxdığını, tezliklə regiondakı ABŞ qüvvələrinə qoşulacağını təsdiqləyib.

“Gerald R. Ford” dünyada ən böyük hərbi gəmi sayılır, uzunluğu 337 metrdir, ən müasir hərbi texnologiyaları daşıya bilir.

İkinci hərbi gəmini niyə göndərməsi haqda sualı Tramp belə cavablandırıb: “Saziş əldə etməsək, lazım olacaq... Ehtiyac yaransa, hazır olmalıdır”.

İran-ABŞ danışıqlarının növbəti raundunun fevralın 17-də Cenevrədə keçiriləcəyi bildirilir. Ötən həftə Omanda ev sahibinin vasitəçiliyi ilə danışıqlar olub.

Tehran nüvə proqramının müzakirəsinə hazır olduğunu deyir, amma ballistik raket proqramının müzakirə mövzusu olmamasında israr edir.

XS
SM
MD
LG