Yanvarın 5-də Kiyevdə, 6-da isə Parisdə Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibə müzakirə olunacaq.
Görüşlər öncəsi Rusiya Ukrayna paytaxtı Kiyevə zərbə endirib, azı iki nəfər həlak olub.
Yanvarın 5-də Avropa ölkələrinin baş qərargah rəisləri Kiyevdə bir araya gələcək. Sabah isə Fransa prezidenti Emmanuel Makron Parisdə Avropa liderlərinin görüşünə ev sahibliyi edəcək.
Danışıqlar öncəsi Zelenski ölkəsinin bütün imkanlara hazır olduğunu deyib.
"Ukrayna sülh istəyir. Amma Ukrayna öz gücünü heç kimə təslim etməyəcək", – o bildirib.
Bir gün öncə Zelenski deyib ki, sülh danışıqlarında müharibəyə diplomatik yolla son qoyulmasa, ölkəsi özünü Rusiya işğalından qorumağa davam edəcək.
ABŞ prezidenti Donald Tramp ötən ilin noyabrında Zelenskiyə 28-bəndlik sülh təklifini qəbul etməsi üçün təzyiq göstərib. Bu plan daha çox rusiyayönlü təsiri bağışlayıb.
Ukrayna isə Avropa müttəfiqləri ilə 20-bəndlik planı razılaşdırıb, burada Kiyevin maraqları daha çox nəzərə alınıb, xüsusilə də təhlükəsizlik zəmanətləri və ərazi bütövlüyü məsələləri.
Makron deyib ki, Paris toplantısında spesifik təkliflər təqdim oluna bilər.
Tramp Kremlin iddiasını rədd edir
Rusiya dekabrın 29-da iddia edib ki, Ukrayna Putinin iqamətgahlarından birini hədəfə alıb və Moskva buna cavab verəcək, danışıqlarda mövqeyinə yenidən baxacaq.
Kiyev iddianı rədd edib, Kremli bundan mülki ərazilərə hücum üçün bəhanə kimi istifadə etməkdə suçlayıb.
Tramp əvvəlcə Rusiyanın iddialarını qəbul edə biləcəyinə eyham vurub. Amma Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) belə bir hücumun olmadığını müəyyən edəndən sonra o, Kiyevin tərəfini tutub.
"Bu zərbənin baş verdiyinə inanmıram. Yaxınlıqda nəsə baş verib, amma bununla əlaqəsi olmayıb", – o, yanvarın 4-də deyib.
Zelenski yanvarın 4-də bildirib ki, Rusiya ötən həftə Ukraynaya azı 2 min hava zərbəsi endirib. O, Qərbdən əlavə yardım çağırışını bir daha dilə gətirib.
Elə həmin gün Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Podoli şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Qurum təkcə Moskva vilayəti üzərində 57 dronun vurulduğunu bildirib.