ABŞ alimlərinin apardığı yeni araşdırmanın nəticələrinə görə, get-gedə daha çox yeniyetmə tənhalıqdan əziyyət çəkdiyini bildirir. Bu barədə ABŞ-ın «USA Today» qəzeti yazır.
Dostları ilə əsasən telefon vasitəsilə ünsiyyətdə olan yeniyetmələr daha çox tənhadırlar. Ancaq araşdırmanın nəticələri hətta həm real həyatda, həm də sosial mediada ünsiyyətdə olan gənclərin get-gedə daha artıq təcrid olunduğunu göstərir.
Araşdırmanın müəllifi, San-Dieqo Dövlət Universitetinin psixoloqu, professor Jean Twenge deyir ki, tənhalıq yalnız yaşla bağlı deyil, həm də nəsillə bağlıdır. Əgər 2012-ci ildə orta məktəbin sonuncu sinif şagirdləri arasında özünü tənha hiss etdiyini deyənlərin sayı 26% idisə, 2017-ci ildə bu göstərici 39% olub.
Tez-tez özünü kənarda qalmış kimi hiss edən 12-ci sinif şagirdlərinin sayı da artıb: bu göstərici 2012-ci ildə 20% olubsa, 2017-ci ildə 38%-ə çatıb.
«Çox vaxt tək oluruq»
«Journal of Social and Personal Relationships» jurnalında dərc edilmiş bu məlumatlar 1976-2017-ci illər arasında aparılmış, bütün ölkəni əhatələyən geniş sorğu nəticəsində əldə edilib.
Məlumdur ki, tənhalıq mental və fiziki sağlamlığa, habelə uzunömürlülüyə təsir göstərən amillərdən biridir.
Ötən il «Cigna» sığorta şirkətinin araşdırmasında yeniyetmələrin özlərini ən çox tənha hiss etdiyi üzə çıxmışdı. Ancaq bunun onların yaşı, yoxsa fərqli nəslə aid olmaları ilə bağlılığını müəyyənləşdirmək mümkün olmamışdı.
«Biz bunun nəsil fərqi olduğunu üzə çıxardıq, çünki yeniyetmələr arasında tənhalıq hissi 2012- 2017-ci illər arasında artıb», – Twenge deyir.
Professorun sözlərinə görə, tənhalıq hissinin artması yeniyetmələrin asudə vaxtlarını necə keçirməsi ilə bağlıdır. O deyir ki, daha əvvəlki onilliklərin yeniyetmələri ilə müqayisədə Z nəslinin uşaqları dostları ilə üz-üzə görüşməyə, qonaqlığa getməyə, dostlarla gəzməyə çıxmağa, sevgililəri ilə görüşməyə, əyləncə üçün maşın gəzintisinə çıxmağa, alış-veriş mərkəzinə, kinoya getməyə daha az meyllidirlər.
Nyu-yorklu Rebecca Agnello 2015-ci ilin dekabrında intihar edənədək tənhalıqdan əziyyət çəkirmiş və bunu heç kim bilmirmiş. Atası Rob onun intiharının bir səbəbi olmadığını, ancaq sosial medianın böyük rol oynadığını deyir.
«Sosial mediada bütün o yaxınlığın mövcud olmasının görüntüsü var, ancaq biz çox vaxt tək oluruq», – o deyir.
Twenge-in tədqiqatından bəzi məqamlar:
• 1970-ci illərin sonlarında, 12-ci sinif şagirdlərinin 52%-i, demək olar, hər gün dostları görüşdüyünü deyib. 2017-ci ildə isə bu göstərici cəmi 28% olub.
• 2017-ci ildə yeniyetmələr il ərzində dostları ilə 1990-cı illərin əvvəllərinə nisbətən 68 dəfə daha az görüşüblər. Ən yuxarı sinif şagirdləri isə il ərzində 32 dəfə daha az gəzməyə çıxıblar.
• Z nəslinin 10-cu sinif şagirdləri X nəslinin 10-cu sinif şagirdlərinə nisbətən il ərzində 17 dəfə daha az partiyə gediblər.
Virciniyada yaşayan uşaq psixoloqu, iki yeniyetmənin anası Melissa Sporn sosiallaşmanı məhdudlaşdıran amillər arasında qrafikə həddindən çox məşğuliyyətin salınmasını və uşaqları bayırdakı təhlükələrdən qorumaq cəhdlərini, nəticədə uşaqların evdə kompüter və telefonlarla daha çox vaxt keçirməsini göstərir.
Twenge deyir ki, təcridin artması gənclərin daha çox ev tapşırığına vaxt ayırması ilə bağlı deyil. Tədqiqat göstərir ki, indi gənclər pul müqabilində görülən işlərə 1980-ci və 90-cı illərdəkindən daha az, ev tapşırıqlarına isə eyni qədər vaxt sərf edirlər.
Sporn isə bununla razılaşmır: «Bizim yuxarı sinif şagirdləri universitet dərsləri götürürlər, uşaqların ev tapşırıqlarında isə 15 il əvvəlki ilə müqayisədə ciddi artım var».
«Cigna» şirkətinin illik Qlobal Rifah hesabatında (Well and Beyond) ABŞ-da millennialların – hazırda yaşı 25 – 34 arasında olan Y nəslinə aid insanların öz smartfonlarını və kompüter oyunlarını dostları ilə ünsiyyətdən daha üstün tutduğu vurğulanır. Hesabatda deyilir ki, rəqəmsal cihazlar və oyun oynamaqla vaxt keçirmək insanları şəxsi ünsiyyətdən çəkindirməklə daha çox təcrid edir.