Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:31

Tənhalıq köklükdən də betərmiş


Tənhalıq. Foto illüstrasiya
Tənhalıq. Foto illüstrasiya

Tənhalıq köklükdən də betərdir və sağlamlığa ciddi təhlükə kimi nəzərdən keçirilməlidir. ABŞ alimlərinin yeni araşdırması barədə «The Telegraph» qəzetində Sarah Knapton yazır.

Tədqiqatçılar sosial təcrid və tənhalığın səhiyyəyə təsiriylə bağlı təxminən dörd milyon nəfər üzərində aparılmış 218 araşdırmanı təhlil ediblər. Onlar üzə çıxarıblar ki, tənha adamların 50 faizi daha yaxşı sosial əlaqələri olanlara nisbətən daha artıq erkən ölüm riskiylə üzləşir. Müqayisə üçün, köklük 70 yaşından tez ölüm hallarını 30 faizədək artırır.

AYDA BİR DƏFƏ DƏ OLSUN...

Araşdırmanın aparıcı müəllifi Dr. Julianne Holt-Lunstad deyir ki, adamlar təqaüdə çıxmağa həm sosial, həm də maddi baxımından hazırlaşmalıdırlar. Çünki çoxlarından ötrü iş yeri ən böyük ünsiyyət mənbəyidir.

«Digərlərinə sosial bağlılıq fundamental insan ehtiyacı kimi nəzərdən keçirilir – bu, həm sağlamlıq, həm də həyatda qalmaqdan ötrü vacibdir», – o deyib.

Alim körpələrlə bağlı bəzi örnəklər də çəkir. Belə ki, insan kontaktından məhrum körpələr çox vaxt yaşaya bilmir, dünyalarını dəyişirlər. Yəqin, elə buna görə, sosial təcrid, yaxud həbsxanada «kars»a salınma bir cəza növü kimi istifadə olunur.

Araşdırma üzə çıxarıb ki, yaşlıların hər 10 nəfərindən biri çox vaxt heç ayda bir dəfə də olsun sevdiklərini görmürlər. «Tənhalığa Son Qoyaq» Kampaniyasının məlumatına görə, yaşlıların 17 faizi dostlarını, ailə üzvlərini və qonşularını həftədə bir dəfədən də az görürlər. Hər 10 nəfərdən biri isə sevdikləriylə ayda bir dəfə görüşə, ya görüşməyə.

Bu xeyriyyə fondunun son sorğusu üzə çıxarıb ki, yaşlıların 2/5-si, 3.9 milyon nəfərə yaxını televizoru əsas ünsiyyət vasitəsi sayır.

Pensionerlər
Pensionerlər

BÖYÜK BRİTANİYANIN PROBLEMİ

Bundan başqa, Britaniyanın Avropanın tənhalıq paytaxtı olduğu vurğulanır. Buranın sakinləri çox vaxt qonşularını tanımırlar, Avropa Birliyində hamıdan az güclü dostluq əlaqələri qura bilirlər.

Artıq bəzi qurumlar tənhalığı əsas sağlamlıq məsələsi saymağa başlayıblar.

«Tənhalığa Son Qoyaq» Kampaniyasının direktoru Laura Alcock-Ferguson deyir:

«Mənalı sosial ünsiyyət insan xoşbəxtliyinin əsasıdır... Ölkə çərçivəsində bu böhrana son qoymaqdan ötrü Böyük Britaniya üzrə tənhalıqla və sosial təcridlə mübarizə strategiyası hazırlamağa çağırırıq».

Tənhalıq daha çox yaşlıların problem sayılır. Di gəl, Zehni Sağlamlıq Fondunun son araşdırması göstərib ki, 18-34 yaşlılar yaşı 55-dən yuxarı olanlara nisbətən özlərini daha tez-tez tənha sayırlar.

Araşdırmalara görə, yetkinik yaşına çatanların 20-80 faizi daha tez-tez özünü tənha hiss edir. Yaşlılar arasında bu rəqəm 40-50 faizdir.

TÖVSİYƏLƏR

Tədqiqatçılar məktəblərdə uşaqlara sosial bacarıq təlimlərinin keçilməsinə öncəlik verməyə çağırırlar. Həkimlərdən isə istək budur ki, tibbi müayinə zamanı sosial bağlılıq da nəzərdən keçirilsin.

Yerli şuralardan tələb olunur ki, toplantı, ünsiyyət üçün yetərincə sosial məkanlar, həmçinin istirahət mərkəzləri və icma bağları yaradılsın.

Dr. Holt-Lunstad-ın sözlərinə görə, əhali yaşlandıqca, tənhalığın sağlamlığa təsiri də arta bilər.

«Faktiki, dünyada bir çox ölkələr tənhalıq epidemiyasıyla üzləşdiyimizi bildirir. İndi əsas problem buna görə nə edə biləcəyimizdir», – o vurğulayıb.

York Universitetinin son araşdırması tənha adamların digərlərindən 30 faiz daha artıq ürək xəstəliyindən, yaxud iflicdən əziyyət çəkdiyini ortaya qoyub. Bunlar Britaniyada ölümün əsas iki səbəbidir.

Səbəblər hələ də qaranlıq qalır. Bəzi tədqiqatçıların fikrincə, sadəcə, kiminsə xəstə olduğunu daha az adam görür və ona sağlamlığının qeydinə qalmalı olduğunu deyən olmur.

Ötən il Harvard Universitetinin araşdırması üzə çıxarmışdı ki, dostların olmamasıyla qanın laxtalanması arasında əlaqə var və bu da infarkt və iflicə gətirə bilər.

XS
SM
MD
LG