Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:27

Alıcılar: 'Təkcə yağ və ət deyil, hər şeyin qiyməti artır...' [video]


Bakıda son bir ayda yağın qiyməti xeyli artıb. Kərə yağının kilosu azı 2-3 manat, duru yağların litri isə 40-50 qəpik artıb.

Satıcı Ramiz Quliyev deyir ki, qiymət artımından sonra alver xeyli azalıb:

“Bu yağı satırdıq 13 manata. Bir həftədə qiymət 15 manat 50 qəpiyə qalxıb. Yerli istehsal olan yağların da kilosunda 2.5 manatlıq bahalanma var”.

Ramiz Quliyevin dediyi qiymətlər topdansatış məntəqələrindədir. Alıcılar deyir ki, pərakəndə satışda qiymət artımı daha çoxdur.

Buna da bax:​ Azərbaycanda yağların qiyməti bahalaşıb

Alıcı İntizar İsmayıl deyir ki, pərakəndə satışda yağın kilosu 5 manat artır:

“Yayda “Anchor” yağının kilosu 12 manat idi, indi olub 17 manat. Bundan başqa ətin də qiymətində hardasa 4 manatlıq artım var. Hər şey bahalanıb, baxın indi makaron almışam o da artıb. Yumurta 10 qəpik idi, indi olub 13 qəpik”.

Ətin və yağın qiyməti təkcə Azərbaycanda deyil, qonşu ölkələrin bir çoxunda bahalanıb. AzadlıqRadiosu-nun erməni xidmətinin məlumatına görə Yerevanda əvvəllər kilosu 10 manata olan yağın kilosu indi 14 manat olub.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, artım var, lakin Azərbaycanda inhisar ucbatından qiymətlər daha bahadır. Ekspertin yerli mediaya verdiyi bu açıqlamadan sonra oktyabrın 4-də Gömrük Komitəsi məlumat yayıb.

Buna da bax:​ Benzindən sonra qiymətlərdə artım var... [video]

Açıqlamada deyilir ki, kərə yağının qiyməti artan dövrdə onun gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb:

“Bu sahədə inhisarçılıq hallarına yol verməsinə gəlincə, 2016-cı ildə Azərbaycana 22 ölkədən 51 şirkət, 2017-ci ilin 9 ayında isə 44 şirkət 16 ölkədən yağ idxal edib. Ölkəyə yağ idxal edən şirkətlərin sayına və idxal olunan məhsulun miqdarına dair rəqəmlər bu iddiaların absurd olmasının sübutudur”.

Gömrük Komitəsinin açıqlamasında qeyd olunur ki, 2016-cı ildə 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib. Komitə yağın qiymətinin artmasını dünya bazarında bu məhsulun bahalaşması ilə əlaqələndirir.

Buna da bax:​ Ərzaq indi gömrükdə baha qiymətə rəsmiləşdirilir - səbəbi burada

Bu açıqlamadan sonra iqtisadçı Natiq Cəfərli öz “Facebook” hesabında başqa məqama diqqət çəkib:

“Gömrük Komitəsi özü də etiraf edir ki, yağın hər kiloqramı 4,28, yəni 7.2 manata rəsmiləşdirilib. Tutalım, hər kiloqrama 1.5 dollar, yəni, 2,55 manat loqistik xərcləri də əlavə olunur. Deməli, Bakıya yağ 9,75 manata daxil olur. Bəs, necə olur ki, 18 manata satılır?! Niyə yeni Zelandiyadan gələn yağ Tiflisdə 10-11 manata, Bakıda 18-19 manata satılır?!”.

Kənd Təsərrüfatı eksperti Vahid Məhərrəmovsa diqqəti başqa məqama çəkir. Deyir ki, Gömrük Komitəsinin açıqlamasından da göründüyü ki, təkcə 2017-ci ilin 9 ayında xaricdən hardasa 36 milyon dollarlıq yağ alınıb:

Buna da bax:​ 'Ötən həftə 10 manata olan yağ indi 14 manata satılır' – Media icmalı

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

“Azərbaycanın torpaq iqlim şəraiti imkan verir ki, özünün buğda ət, şəkər, bitki yağları, çay və digər əsas kənd təsərrüfatı, ərzaq məhsullarına olan tələbatını ödəsin. Təsəvvür edin Azərbaycan 9 ayda xaricdən ancaq ət almağa 36 milyon dollar xərcləyirsə, bu olduqca böyük göstəricidir. Rəsmi məlumata görə Azərbaycan özünün ərzağa olan tələbatını ödəmək üçün 1 milyard 3 milyon xaricdən məhsul alır”.

Bu problemi İlham Əliyev də çıxışlarından birində vurğulayıb. Prezident kapital axının qarşısını almaq üçün yerli istehsalı artırmağı hökumətin əsas hədəflərindən biri olduğunu vurğulamışdı.

Buna da bax:​ Deputat: “Süni qiymət artımı danılmazdır”

Amma ekspert Vahid Məhərrəmli hökumətin siyasətinin uğurlu olacağına ümidi azdır. O deyir ki, örüş yerlərinin çoxu əkin sahələrinə çevrilir. Nəticədə təkcə 2017-ci ilin ilk 8 ayında ölkəyə ixrac olunan ət 2.3 dəfə, süd məhsulları 70 faiz artıb. Vahid Məhərrəmlinin fikrincə, bunun əsas səbəbi də yerli istehsalın azalmasıdır. Bunun da nəticəsində qiymətlər artır.

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, Ayda ərzağa nə qədər pul xərcləyirsiz?

Müstəqil ekspertlər ümidli olmasalar da millət vəkili Vahid Əhmədov deyir ki, problemlərin həlli yolları hökumətin yeni hazırladığı strateji yol xəritəsində öz əksini tapıb.

Vahid Əhmədovun fikrincə, artıq yol xəritəsi uğurla icra olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG