"Bu mitinqlər xalqın mitinqləridir"
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hüquq-mühafizə orqanlarının bölgələrdəki aksiyaları müxalifətin təşkil etməsi haqda dediklərinə münasibət bildirərkən AzadlıqRadiosuna deyib ki, rəsmi açıqlamadakı fikirlərin əsası yoxdur:
«Azərbaycan hökuməti etiraf etmək istəmir ki, uzun müddətdir həyata keçirdiyi siyasətin nəticəsi olaraq xalqı aclıq vəziyyətinə gətirib çıxarıb. Demək olar ki, çörəyə möhtac edilmiş, ac və qəzəbli xalqla üz-üzə qalıb. Bu gün regionlardakı etirazlar sosial etirazlardır, xalqın özü tərəfindən həyata keçirilən etirazlardır. Biz mitinq keçirəndə xəlvət keçirmirik. Mitinq keçirəndə rəsmən müraciət edirik. Bu mitinqlərsə xalqın mitinqləridir».
Şagirdi döyən müəllimi qovdular
Təhsil Nazirliyi Sumqayıt şəhər 22 nömrəli orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar müəllim İdris Hüseynovu işdən azad edib.
Nazirliyin məlumatında deyilir ki, müəllim «Təhsil haqqında» Qanunun və «Müəllimlərin etik davranış qaydaları»nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edib. Onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib.
Nazirliyin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma apardığını, o başa çatdıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcəyi deyilir.
«Gürcüstandan Azərbaycana qarşı qaz xəyanəti»
«Yeni Müsavat»ın məqaləsi belə adlanır.
«Gürcüstanın ən ağır günlərində Azərbaycan həmişə onun yanında olub. Mənim yadıma gəlir, 1993-cü ildə baş nazirin 1-ci müavini işləyəndə rəhmətlik Heydər Əliyevin tapşırığı ilə gedib Shevardnadze ilə görüşdüm. Azərbaycan həmişə onlara kömək olub, pis günlərində yanında olub. Amma onlar indi fərqli mövqedən çıxış edirlər».
Milli Məclisin deputatı Vahid Əhmədov «Yeni Müsavat»a açıqlamasında bunları bildirib.
BANKLARDAN BAŞQA DOLLARI HARADA ALMAQ OLAR?
Bir neçə gündür ki, Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti dayandırılıb. Mərkəzi Bankdan AzadlıqRadiosuna bununla bağlı bildirilib ki, hazırda valyuta mübadilə əməliyyatları bankların baş ofislərində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir.
Məlumatda deyilir ki, valyutadəyişmə məntəqələri yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) operativ valyuta mübadilə ehtiyaclarının qarşılanması məqsədilə fəaliyyətlərini davam etdirirlər.