1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların kütləvi qətl və deportasiyasında təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi davam edir. Noyabrın 1-də Bakıda keçirilən məhkəmədə zərərçəkmişlərin dindirilməsi mərhələsi yekunlaşıb.
Xaçatryanın işi üzrə 58 zərərçəkmiş var. Bildirldiyinə görə, onlar, əsasən, Meşəli hadisələrində xəsarət alanlar, yaxud ölənlərin ailə üzvləridir. Xocalı rayon İcra Hakimiyyəti də zərərçəkmiş qismində tanınıb.
Bir neçə iclasda zərərçəkmiş kimi tanınan şəxslərin ifadələri dinlənilib. Noyabrın 1-də qalan zərərçəkənlərin də ifadələri eşidilib. Onlardan ikisi - Əli Mehrəliyev və Sədaqət İsmayılova özləri gəlməsələr də, istintaqdakı ifadələrini təsdiqləyən teleqram göndərərək, Xaçatryana ağır cəza istədiklərini vurğulayıblar.
Məhkəmədə ifadə verən digər zərərçəkənlər öncəki iclaslarda dindirilənlər kimi, 1991-ci il dekabrın 23-də səhər tezdən Meşəliyə silahlı şəxslərin hücum çəkib, sakinləri güllələməsi, içində adamlar olduğu halda bir neçə evi yandırması və s. haqda danışıblar. Onlar Xaçatryanı ittiham ediblər.
Zərərçəkənlərdən Nadir Əkbərov iddia edib ki, Xaçatryan Meşəli ilə yanaşı, Malıbəyli, Quşçular kəndlərinə hücumlara da qatılıb. Onun sözlərinə görə, təqsirləndirilən şəxs Dağlıq Qarabağda separatçı rejimin “Təhlükəsizlik Şurasının katibi” olmuş Vitali Balasanyanın yaxın adamlarından sayılıb.
“Ona öz kəndlərində “Vaqir” deyirdilər. Əsgəranda Xocalı əsirlərini dəyişənlərdən biri də o olub”, - zərərçəkmişin sözləridir.
Təqsirləndirilən şəxs onun dediklərini təkzib edərək bildirib ki, Meşəlidə və başqa kəndlərdə baş verənlərə aidiyyəti olmayıb. Onun sözlərinə görə, zərərçəkmişlərin hücum günü onu orada görməsi mümkün deyil, çünki Meşəliyə silahlı hücum zamanı Badara kəndində (Əsgəran rayonu-red.) öz evində ailəsiylə birlikdə olub:
“Silahlı hücumlarda iştirak eləsəydim, mən də yaralanardım. Mən, ümumiyyətlə, heç bir hərbi əməliyyatda iştirak eləməmişəm, fəhlə adam olmuşam...”.
Zərərçəkmişlərdən sonra şahidlərin dindirilməsi mərhələsi başlanıb və bir neçə nəfərin ifadəsi dinlənilib.
Noyabrın 1-də qalan tək şahid də dindiriləndən sonra cinayət işindəki bəzi sənədlər açıqlanacaq. Ardından məhkəmə istintaqı yekunlaşacaq və prokuror çıxış edərək, Xaçatryana cəza istəyəcək.
Xatırlatma
68 yaşlı Vaqif Xaçatryan iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb. O, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana müalicəyə getmək istədiyini bildirmişdi. Həmin vaxt Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda günahlandıraraq, Qarabağ sakininin saxlanmasını “adam oğurluğu” adlandırmışdı.
Azərbaycan Baş Prokurorluğu isə Xaçatryanın hələ 2013-cü ilin noyabrından Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışda olduğunu açıqlamışdı.
Baş Prokurorluğun məlumatında Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərinsə yaşadığı yerdən didərgin salındığını bildirilir.
Azərbaycan qanunvericiliyində soyqırım cinayətinə görə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.