Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:35

'Neft Fonduna, VTB-yə qoyduğunu çıxarması üçün 62 il lazımdır'


VTB Bank
VTB Bank

Ötən il Dövlət Neft Fondu (DNF) VTB-dən 402 milyon rubl (6 milyon ABŞ dolları) divident əldə edib. Bunu "APA-Economics"ə eksklüziv müsahibəsində fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, DNF indiyədək VTB-dən divident şəklində 1,2 milyard rubl (təxminən 25,3 milyon ABŞ dolları) məbləğində gəlir əldə edib: "VTB öz strategiyasına uyğun olaraq stabil dividentlər ödəməyi üstün tutur. Buna baxmayaraq, divident siyasəti Müşahidə Şurasının tövsiyəsi və səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyənləşdirilir və təbii ki, bu siyasətdə dəyişiklik baş verərsə, buna uyğun olaraq, divident məbləği də dəyişə bilər".

Buna da bax:​ Ekspert: 'Sxem sadədir - əhali dolları satır, yığılan dollar...'

DNF 2013-cü ildə “Bank VTB”nin emissiya etdiyi 500 milyon ABŞ dolları dəyərində səhm alaraq bankın ümumi səhm kapitalında 2,99 faizlik paya sahiblənmişdi. O zaman Rusiya iqtisadiyyatının sabit olmamasını siyasi risklərin mövcudluğunu əsas gətirən bəzi ekspertlər fondun bu addımını tənqidə tutmuşdular. Üç il ötəndən sonra DNF-nin bu investisiyasının ilkin nəticələri bilinir. Həmin nəticələr əsas götürülsə, VTB-yə yatırım uğurlu sayıla bilərmi?

“İqtisadi cəhətdən səmərəsiz layihədir”

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, bu gedişlə 62,5 il lazımdır ki, DNF qoyduğu investisiyanı geri götürsün: “Orta illik gəlir 1,6 faiz, aylıq götürəndə 0,13 faizdir. Halbuki daxili bazarda kreditlərin orta illik faizi 25 faizi aşır. Fikrimcə, bu, iqtisadi cəhətdən səmərəsiz layihədir”.

Buna da bax: 'Azərbaycanda daha bir neçə bank bağlana bilər'

Qubad İbadoğlu investisiyanın siyasi tərəfini Azərbaycanın strateji maraqlarına zidd sayır: “Bu gün Rusiya iqtisadiyyatına sərmayə qoymağın riskləri yüksəkdir. Heç kəs təminat verə bilməz ki, VTB 62,5 il mövcudluğunu qoruyacaq. Bank indiki böhranın da qurbanına çevrilə bilər, çünki Rusiya iqtisadiyyatının da perspektivləri çox tutqundur”.

Ekspertlərdən Natiq Cəfərli məsələyə daha nikbin yanaşır: “Şükr etmək lazımdır ki, heç olmasa itirməyiblər. Amma 500 milyon dollara görə, 6 milyon divident, təbii ki, çox azdır”.

Buna da bax:​ Valyuta ehtiyatı nəyin hesabına artıb?

“VTB gəlirlə işləməyə də bilər”

Ekspert deyir ki, VTB hər il gəlirlə işləməyə də bilər: “Gəlir olmasa, divident də olmur. VTB dövlət bankıdır. Bir neçə beynəlxalq məhkəmə Rusiyanı cərimələyib və bu baxımdan, günün birində VTB-nin ölkədənkənar aktivləri də o cərimələrə görə əlindən alına bilər. Belə olarsa, VTB-nin səhmləri ucuzlaşa, ziyanı da arta və beləcə, DNF də çox pul itirə bilər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG