Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 06:24

Valyuta ehtiyatı nəyin hesabına artıb?


"Neft". Şerif. Karikatura.
"Neft". Şerif. Karikatura.

Azərbaycan Mərkəzi Bankının (AMB-nin) valyuta ehtiyatları yanvarda gözlənilməz həddə - 8.9 faiz artaraq (352.8 milyon dollar) 4 milyard 327.2 milyon dollara çatıb.

Ötən ilin sonunda bu rəqəm 3 milyard 974.4 milyon dollar enmişdi. Bir ay kimi qısa zamanda valyuta ehtiyatının xeyli çoxalması təbii sual doğurur: Azərbaycan iqtisadiyyatında hansı önəmli dəyişiklik olub ki, belə artım baş verib?

Buna da bax:​ 'Əliyevin dediyi rəqəmlər var, ət yoxdur'

Xatırlamağa dəyər ki, ötən ilin əvvəlindən AMB hərraclarda dollar satmır. Dövlət Neft Fondu (DNF) bu ilin yanvarında hərraclarda cəmi 285 milyon dollar satıb. AMB-nin valyuta ehtiyatındakı artım (352.8 milyon dollar) bu rəqəmdən böyükdür. Deməli, AMB-nin DNF-dən valyuta hərraclarında dollar almaq ehtimalı ortadan qalxır. Üstəlik, valyutaya ciddi ehtiyac duyan digər bankların da baş banka dollar satması real görünmür.

“Bu, süni yoldur”

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, artım DNF-dən bu il köçürülməsi nəzərdə tutulan 7.5 milyard manatın ilk bölümünün köçürülməsindən qaynaqlanır: “Hər ay 350 milyon dollara yaxın transfertlər olacaq. Artım bu yolla baş verib və bu, süni yoldur”.

Buna da bax: Mərkəzi Bankın valyuta ehtiyatında artım

Ekspert, valyuta ehtiyatının, əslində, yalnız iki yolla arta biləcəyinə diqqət çəkir: “Ya AMB hərracda dollar alır, ya da ölkənin qazancı artdıqca, müxtəlif kanallarla AMB-yə vəsait daxil olur”.

“Bankların Mərkəzi Banka valyuta satışı real görünmür”

Maliyyə bazarları eksperti Cəfər İbrahimli də eyni fikirdədir: “Yanvarda AMB-nin keçirdiyi hərraclarda dollara ciddi tələb vardı. Bu vəziyyətdə bankların AMB-yə valyuta satışı real görünmür. Böyük ehtimalla, DNF AMB-yə nəzərdə tutulan transfertin ilk bölümünü verib”.

Buna da bax:​ 'Yanvarda dollara tələbat azalmalı idi, martda yenə artacaq'

C.İbrahimli deyir ki, ixrac idxalı ciddi şəkildə üstələsə, valyuta ehtiyatlarında sabit artım olar: “Real sektorun tədiyə balansındakı ixracları nəticəsində yaranan profisit banklar vasitəsi ilə AMB-yə satılır. Bu da AMB-nin manat qarşılığı dollar satması və ehtiyatının artması ilə nəticələnir”.

İkinci yol

Ekspertin fikrincə, iqtisadi subyektlərin yığımlarını xarici valyutada azaldıb, yerli valyutaya keçirməsiylə də baş bankın ehtiyatları arta bilər: “DNF ilə AMB-nin ehtiyatlarının artırılması istisnadır. Hələlik, AMB-nin valyuta ehtiyatlarının fondun transfertləri hesabına artması real görünür”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG