Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 20:23

'Yanvarda dollara tələbat azalmalı idi, martda yenə artacaq'


"Muzeydə dollar". Gündüz Ağayev. Karikatura.
"Muzeydə dollar". Gündüz Ağayev. Karikatura.

Bu ilin yanvarında Dövlət Neft Fondu (DNF) valyuta hərraclarında 285 milyon ABŞ dolları satıb. Məlumatı DNF yayıb.

Yanvarda bu qurum 9 valyuta hərracına qatılıb və hər dəfə, ortalama, 31 milyon dollar satıb. Ötən il keçirilən hərraclarda tələbat, bəzən, 600 milyon dolları da aşırdı.

Dollar çatışmazlığı Azərbaycanda dolların bahalaşmasının əsas səbəblərindən sayılır. Ortaya çıxan təbii sual bir ayda 285 milyon dolların banklara yetərli olub-olmamasıdır. Axı bankların həm xarici, həm də daxili müştərilər qarşısında öhdəlikləri var.

Buna da bax:​ Neft Fondu valyuta hərracı ilə bağlı açıqlama yayıb

“Bu məbləğ bankların tələbatını ödəmir”

İqtisadçı ekspert Ülvi Əmrahsoy açıqlanan məbləğin bankların tələbatını ödəmədiyinə əmindir: “Banklar məcbur olub xaricdə 2 milyard dollar civarındakı aktivlərini geri gətirəcək. Di gəl, bankların 4 milyard dollar da xarici borcu var”.

Ekspertin fikrincə, valyuta ehtiyatlarını qorumaq üçün hərracda az dollar satırlar: “Bu il DNF-dən büdcəyə transfert cəmi 6.1 milyard manat nəzərdə tutulub. Bundan başqa, ilin axırınadək Mərkəzi Banka (AMB-yə) ayrılacaq 7.5 milyard manatdan nə qədərinin hərracda satılacağı da məlum deyil”.

Buna da bax: Beynəlxalq Banka ayrılacaq pulların taleyi sual altında qalır

“Yanvarda dollara tələbatın azalması gözlənilən idi”

İqtisadçı ekspert Vüqar Bayramovdan ötrü yanvarda dollara tələbatın azalması gözlənilməz deyilmiş: “Yanvar maliyyə ilinin ilk ayıdır. Büdcə ayırmaları azdırsa, deməli, dövriyyəyə buraxılan manat kütləsi də azalır. Digər tərəfdən, idxal aşağı düşür, xarici səfərlərdəki ciddi ölçüdə azalmalar da dollara tələbatı azaldır”.

Ekspert ötən ilin ortalarındakı proqnozunu - dekabrda dollara tələbatın artacağını söylədiyini xatırladır: “Dekabrda dollar qıtlığı da tələbatın artmasından qaynaqlanırdı. Çünki dekabrda istər özəl, istərsə dövlət müəssisələrin, eləcə də bankların xarici borc öhdəlikləri, xarici səfərlər, o cümlədən idxal artır”.

Buna da bax:​ İ.Əliyev: 'Azərbaycana kredit almaq problem deyil'

“Banklar hərraclara şişirdilmiş tələblə gəlir”

Ekspert bankların hərraclara şişirdilmiş tələblərlə gəldiyinə diqqət çəkir: “Yüksək sifariş verirlər ki, onun müəyyən hissəsini ala bilsinlər. Hərracdan 5 milyon dollar almaq istəyən bank, heç olmasa, 40 milyonluq tələblə gəlir. Hərraclara çıxarılan indiki həcm tələbi ödəyir. Bu səbəbdən, bankların çoxu dolları ya limitsiz, ya da yüksək limitlə satır”.

Vüqar Bayramovun sözlərinə görə, martdan başlayaraq, dollara tələbat yenə artacaq: “AMB hərraclar vasitəsilə dövriyyədən manatı yığır və milli valyuta təklifini azaldır. Nəticədə, dollara tələbat da azalır. Güman edilir ki, fevralda da dollara tələb yüksək olmayacaq. Martdansa dollara tələbin artması gözlənilir. Bu həm idxalın artması, həm də xarici səfərlərin davamlı çoxalması ilə bağlıdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG