Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:28

'Azərbaycanda daha bir neçə bank bağlana bilər'


İ.Əliyev və Kral Salman
İ.Əliyev və Kral Salman

Azərbaycanda islam həmrəyliyi, manatın bahalanmasının səbəbləri, bank sektorunun durumu, korrupsiya və işsizliyin artması bu gün medianın aparıcı mövzusudur...

İSLAM HƏMRƏYLİYİ NÜMUNƏSİ - AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «İlham Əliyevin barışdırıcılıq missiyası» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazıda dövlət başçısını həmrəylik və barış lideri kimi təqdim edir.

Yazıda dünyadakı ziddiyyət və onun səbəbləri belə izah edilir: «Dünya ziddiyyətlər burulğanına düşərək qan içində boğulur, dünya terrorizmin girdabına düşüb. Dünya «demokratiyanın bərqərar edilməsi», «insan haqlarının qorunması» adı altında dağıdılır».

Yazıda Azərbaycanda 2017-ci ilin «İslam həmrəyliyi ili» elan olunması uzaqgörən siyasətin nəticəsi kimi dəyərləndirilir.

Müəllif yazır ki, dövlət başçısı İlham Əliyevin İslam dünyasını bir masa ətrafında əyləşməyə dəvət etməsi onların hədələrə qarşı birgə mübarizəyə səfərbər olunmasıdır.

Yazıda qeyd edilir ki, Azərbaycan bir çox ölkələrə nümunə ola bilər: «İslam rəhbərlərini bir məclisə cəmləyir, hamıya qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq nümunəsi göstərir, ən nəhayət, İslam dünyasının Bakıda toplanmasına şərait yaradan IV İslam Həmrəyliyi Oyunlarını təşkil edir».

Müəllif yazır ki, dövləti, xalqı, dünyanı terrordan, dağıntılardan, yoxsulluq və gerilikdən qurtarmaqdan ötrü Azərbaycan prezidentinin yaratdığı bu imkandan səmərəli istifadə edilməlidir.

Dollar
Dollar

MANAT MÜVƏQQƏTİ BAHALAŞIR

Azadliq.info saytında «Manatın bahalaşması üçün fundamental səbəb varmı?» sualına cavab axtarılıb.

İqtisadçı-ekspert Samir Əliyev bildirib ki, manatın bahalaşmasına fundamental səbəb yoxdur.

O qeyd edir ki, manatın bahalaşması uzun müddət davam edə bilməz: «Ölkəyə dollar yenə ancaq Dövlət Neft Fondu xətti ilə daxil olur. Hərraca çıxarılan dollar 25-30 milyon həcmində olur. İdxal cəmi 7.6 faiz, ixrac 20 faiz, qeyri-neft ixracı 28 faiz azalıb. Neft də kəskin bahalaşmayıb».

İqtisadçı indi manatın bahalaşmasının bir səbəbini möhtəkirliklə əlaqələndirir. O deyir ki, artıq bir sıra banklar aktiv şəkildə valyuta alqı - satqısına girişiblər. Kreditləşmə imkanları məhdudlaşan banklar yeni gəlir mənbəyi kimi valyuta alverindən istifadə edirlər.

Ekspert daha bir səbəb kimi xarici borcların qaytarılmasını göstərir.

İqtisadçı vurğulayır ki, hazırda büdcə xərcləri çox deyil: «Neft Fondundan Mərkəzi Banka ayrılan 7.5 milyard manat məbləğindəki «makroiqtisadi sabitlik» pulu valyuta bazarında ötən il müşahidə edilən gərginliyi azaltmağa imkan verəcək. Həmin vəsaitlər bazarda gərginlik yaradan xarici borc problemini həll edəcək».

Ekspert deyib ki, hökumət bu il kəskin devalvasiyaya getmək niyyətində deyil. Üstəlik, o qeyd edir ki, dolların bir müddət düşməsi belə qiymətlərə təsir etməyəcək.

İqtisadçı manatın indiki möhkəmlənməsini müvəqqəti hesab edir. Bir müddət sonra manatın yenidən ucuzlaşacağına şübhə etmir.

Əkrəm Həsənov
Əkrəm Həsənov

YENƏ BƏZİ BANKLAR BAĞLANACAQ?

«Exo» qəzetində «Azərbaycanda daha bir neçə bank bağlana bilər» sərlövhəli məqalə oxumaq olar.

Ekspert Əkrəm Həsənov bank sektorundakı durumu qəzetə belə anladır: «Bu il Azərbaycanda daha bir neçə bank bağlanacaq. Artıq məlumdur ki, bəzi maliyyə institutları əmanətçilərə əmanət ödəyə bilmir. Bu bankın müflis olmasının ilk əlamətidir».

Ə.Həsənov xatırladıb ki, 15 bank 2016-cı ilin IV rübünə aid maliyyə hesabatlarını açıqlamayıb. O bildirib ki, hesabatlarını dərc etməyən maliyyə institutları, bir qayda olaraq, müflisləşmə həddində olurlar: «Bundan əlavə, problemli kreditlərin həcmi də bank sabitliyinə təsir edir. Əgər bu həcm çoxdursa və artmaqda davam edirsə, şübhəsiz, bank tədricən müflisləşməyə doğru gedir. Bütün yuxarıda göstərilən faktlar öz rolunu oynayır və mövcud olan 32 bankın bir hissəsi də bağlanmağa məcbur olacaq».

Ə.Həsənov deyib ki, 2016-cı ildə ölkənin bank sektorunun məcmu zərəri 1.5 milyard manatdan yuxarı olub. Ekspertin deməsinə görə, keçən il ən böyük zərərə «Nikoil Bank» düşüb.

Ötən il Azərbaycanda 10-dan çox bank bağlanıb.

Əmək yarmarkası
Əmək yarmarkası

BÖHRAN TÜĞYAN EDƏCƏK

«Novoye Vremya» qəzetində isə «İşsizliyi artırmaq olmaz» sərlövhəli məqalə diqqəti cəlb edir.

Müəllif 2017-ci ildə ölkə iqtisadiyyatı ilə bağlı gözləntilərini belə ifadə edir: «İqtisadi böhran tüğyan edəcək, Ümumi Daxili Məhsul azalacaq, manat dəyərsizləşməkdə davam edəcək, inflyasiya və bahalaşma, eləcə də işsizlik artacaq».

Müəllif yazır ki, bəzi müəssisələrdə işçilər kütləvi şəkildə məcburi məzuniyyətə göndərilib.

Yazıda qeyd edilir ki, elektrik enerjisinin bahalaşmasından sonra bir çox istehsalat müəssisələrində rentabellilik aşağı düşüb.

Müəllif vurğulayır ki, indi istər özəl, istərsə də dövlət müəssisələrində ixtisarlarla maliyyə vəsaitlərinə qənaət etmək düşüncəsindədirlər. Bu da yanan ocaqda alovu şiddətləndirmək kimi qəbul edilməlidir.

Yazıda deyilir ki, ölkədə əksər müəssisələr müasir tələblərə cavab vermir: «Bu mənada özəl sahə çoxdan çalxalanır, Bakının mərkəzində, regionlarda 100-lərlə market və mağazalar bağlanıb, ticarət mərkəzləri boşalıb. Ofis və bank əməkdaşları işsizlər ordusuna qoşulub».

Müəllif hesab edir ki, ölkədə bu vəziyyət korrupsiyaya və inhisarla tammiqyaslı mübarizəni qaçılmaz edir.

XS
SM
MD
LG