Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:57

Vardanyan Bakı həbsxanasından Paşinyanın bəyanatına cavab verib


Hazırda Bakıda həbsxanada olan Ruben Vardanyan və Ermənistan baş naziri Nikol Paşinyan
Hazırda Bakıda həbsxanada olan Ruben Vardanyan və Ermənistan baş naziri Nikol Paşinyan

Erməni milyarder, Qarabağın keçmiş separatçı dövlət naziri, hazırda Bakıda həbsxanada olan Ruben Vardanyan Ermənistan baş naziri Nikol Paşinyanın onun barəsində bəyanatı ilə bağlı şərh verib.

Paşinyan avqustun 31-də Yerevanda keçirilən mətbuat konfransında “Azərbaycan prezidenti İlham Əliyevdən Vardanyanın və əsirlikdə olan başqa ermənilərin azad olunmasını tələb edibmi” sualına belə cavab vermişdi:

“Necə olub ki, Ruben Vardanyan özünün Rusiya vətəndaşlığını ləğv etdirib. Bu addımı atmaq məsləhətini və ya təlimatını ona kim verib? Onu Ermənistana, Qarabağa hansı məqsəd və vədlərlə kim göndərib?”

Paşinyanın bu cavabı Ermənistan müxalifəti və onun başqa opponentləri tərəfindən pislənmişdi. Onlar deyirdilər ki, Paşinyan bu bəyanatı ilə Azərbaycan prezidentinin dediklərinə qüvvət verib. İlham Əliyev də bildirmişdi ki, Vardanyanı Qarabağa Moskva, Rusiyanın maraqlarını qorumaq üçün göndərib.

Vardanyana qarşı ittihamlar

Tənqidçilər deyirlər ki, Paşinyan bu bəyanatı ilə Bakı həbsxanasında olanların orada uzun müddət saxlanmasına haqq qazandırıb.

Qarabağın separatçı rejimində 2022-ci ilin noyabrından 2023-cü ilin fevralınadək ikinci postu tutan Vardanyan Qarabağın erməni əhalisi ilə birlikdə bölgəni tərk etməyə çalışarkən Azərbaycan xüsusi xidmətləri tərəfindən Laçın postunda saxlanıb.

Azərbaycanda ona qarşı “terroru maliyyələşdirmək”, Qarabağa qanunsuz daxil olmaq və separatçı ordunu silahlarla təchiz etmək ittihamları irəli sürülüb. O bu ittihamları rədd edir.

Vardanyanın ofisi iddia edib ki, Azərbaycan müstəntiqləri Vardanyana Paşinyanın bəyanatı ilə bağlı suallar veriblər. Vardanyanın ofisi bildirib ki, o Paşinyanın dedikləri barədə məlumatı ailə üzvləri ilə telefonda danışarkən alıb.

“Hərə öz həyat prinsipləri ilə ölçür”

Vardanyan bu bəyanata münasibəti barədə məlumat verilməsini xahiş edib:

“Birincisi hər bir şəxs başqalarının hərəkətləri haqqında öz həyat modellərinə və prinsiplərinə uyğun şəkildə fikir yürüdür. İkincisi, əgər baş nazirin mənə sualları var idisə, onun 2022-ci ilin noyabrında, bizim son görüşümüz zamanı belə bir imkanı vardı. Mən onda hələ Artsaxın (Qarabağ-red) dövlət naziri idim. Buna baxmayaraq mən onun suallarına imkanım çərçivəsində cavab verməyə həmişə hazıram”.

Bəyanatda iddia olunur ki, Vardanyan 2018-ci ildə Paşinyana “yalnız Qarabağın taleyi” onu Ermənistan siyasətinə qarışmağa vadar edə bilər demişdi:

“Mən həmişə açıq və israrlı şəkildə demişəm ki, 2020-ci il hadisələri və Artsaxa (Qarabağ-red) davamlı təhdidlər mənim üçün dönüş nöqtəsi olub. O zamandan mənim bütün hərəkətlərim Artsaxın (Qarabağ-red) və onun xalqının taleyindən narahatlıqla diktə olunub”.

Paşinyan Vardanyanın Bakıdan göndərdiyi mesaja reaksiya verməyib. Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan AzadlıqRadiosu Erməni xidmətinin zənglərinə cavab verməyib.

Vardanyan separatçı Qarabağda 2022-ci ilin noyabrında, Rusiya prezidenti Vladimir Putin onu Rusiya vətəndaşlığından çıxarmazdan bir ay əvvəl “dövlət naziri” təyin olunub.

O Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinə yönəlik siyasətlərini tənqid edib, 2023-cü ilin martında Azərbaycanın təzyiqi ilə vəzifəsindən kənarlaşdırılıb.

Putin ondan imtina edib

“Milyarderin azad olunması üçün nəsə edilirmi?” sualına Putin Vardanyanın artıq Rusiya vətəndaşı olmadığını deməklə cavab vermişdi.

Putin bunu da bildirmişdi ki, Paşinyanın hökuməti Bakıda həbsxanada olan separatçı liderlərin azad olunmasında maraqlı deyil.

Paşinyan avqustun 31-də keçirilən mətbuat konfransında Putinin dediklərini bir daha yada salıb.

Ermənistanda doğulub boya-başa çatan Vardanyan sərvətinə 1990 və 2000-ci illərdə Rusiyada investisiya bankiri kimi sahiblənib.

O habelə Ermənistan və Qarabağ erməniləri üçün bir sıra xeyriyyə proqramları təsis edib.

Vardanyan ötən may ayında arvadı ilə telefon söhbətində 2022-ci ildə Qarabağa köçməyindən peşman olmadığını demişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG