Pavlo Kirilenko 2023-cü ildə Ukraynanın Antiinhisar Komitəsinin rəhbəri təyin olunmazdan əvvəl Rusiyanın qismən işğal etdiyi Donetsk regionunun Ukraynanın nəzarətində olan hissələrinə rəhbərlik edərək vilayət administrasiyasının ən yüksəkrütbəli rəsmisi kimi fəaliyyət göstərib.
Bu müddət ərzində onun qayınataları həm də daşınmaz əmlak investorları olub, paytaxt Kiyevdə və qərbdəki Ujqorod şəhərində kommersiya ofisləri, torpaq sahələri və mənzillər daxil olmaqla 21 mülk əldə ediblər. Mülkiyyət sənədlərində qohumlarının adları keçən həyat yoldaşı da lüks "BMW X3" idman avtomobilini sürüb.
Üstəlik, onun qanunla tələb olunan maliyyə bəyannamələrində ciddi çatışmazlıqlar olub. Bundan əlavə, həyat yoldaşının belə bir sərvəti – təxminən 70 milyon qrivna (1.8 milyon dollar) dəyərində əmlakı – qanuni yolla necə əldə etdiyini izah edə biləcək hər hansı rəsmi gəliri olmayıb.
Bu faktlar ilk olaraq AzadlıqRadiosunun Ukraynadakı araşdırma bölməsi "Sxemı" tərəfindən üzə çıxarılıb və nəticədə Kirilenko "qanunsuz varlanma" və "yalan məlumat vermə" ittihamları ilə rəsmi şəkildə günahlandırılıb
Korrupsiyaya qarşı mübarizə aparanların təvazökar qələbəsi - Kirilenokoya qarşı ittihamlar Ukraynanın 10 ildən artıqdır mübarizə apardığı problemi xatırladıb: dövlət və özəl sektorda geniş yayılmış korrupsiya.
"Aydındır ki, bizim hələ görüləcək çox işimiz var. Bu, doğrudur və, təbii ki, Ukraynada korrupsiya hələ də var. Lakin mən bugünü 13 il əvvəl burada olanlarla müqayisə edə bilərəm ... və nəticələr inanılmazdır" , - 2012-ci ildə əsası qoyulmuş Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin icraçı direktoru və tanınmış fəal Darya Kalenyuk bildirib.
Korrupsiya qalmaqalları
Rusiyanın genişmiqyaslı işğalının üçüncü ilində Ukrayna cəmiyyəti hələ də müharibə rejimindədir, xarici və ekzistensial təhlükə olan düşmənə qarşı silahlı qüvvələri dəstəkləməyə səfərbər olunub, eyni zamanda, prezident Volodimir Zelenskinin müharibə dövründəki liderliyinin ətrafında birləşib.
Lakin korrupsiya ölkə üçün davamlı daxili təhdid olaraq qalır. Son illərdə Müdafiə Nazirliyi, milli prokurorlar və varlı iş adamlarını əhatə edən bir sıra qalmaqallar bunu bir daha sübut edib. Hazırkı müdafiə nazirinin sələfi ərzaq qiymətlərinin süni şəkildə şişirdilməsi ilə bağlı qalmaqal səbəbindən vəzifəsini itirib.
"Yaxşı haldır ki, Ukraynada genişmiqyaslı işğalın dördüncü ilində korrupsiyanı faktiki olaraq sərbəst şəkildə ifşa etmək mümkündür və insanlara bunu etməyə imkan verən alətlər var", - D.Kalenyuk AzadlıqRadiosuna deyib. "Beləliklə, bu, əslində açıq cəmiyyətimizin və hələ də nəzarət və tarazlıq sistemimizin, azad ölkə, azad cəmiyyət olduğumuzun göstəricisidir".
"Transparency International Ukraine" təşkilatının icraçı direktoru Andriy Borovik isə bildirib ölkənin korrupsiyaya bulaşmış imicini təmizləmək uğrunda mübarizə bəzən çətin olur. Lakin onun sözlərinə görə, hər qarışıqlıq mütləq korrupsiyanın əlaməti deyil.
"Müharibə zamanı korrupsiyadan danışmaq lazımdırmı? Düşünürəm ki, bəli, bu lazımdır", - Borovik AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib. "Ancaq Ukrayna cəmiyyətində hər hansı bir səmərəsizliyi və ya axmaqlığı dərhal korrupsiya kimi qələmə vermək tendensiyası var. Burada hadisələr məhz belə qəbul edilir", - o vurğulayıb.
Zelenskinin liderliyi altında müharibə dövründə korrupsiya
Rüşvətə qarşı nifrət 2013-2014-cü il Maydan nümayişlərinin əsas səbəblərindən biri olaraq göstərilir. Həmin dövrdə minlərlə ukraynalı aylarca Kiyevin küçələrinə çıxaraq etiraz etmişdi.
Prezident Viktor Yanukoviç 2014-cü ilin fevralında ölkədən qaçdıqdan və Rusiya Donbasın şərqində gizli və aşkar hərbi əməliyyatlara başladıqdan sonra Ukraynanın hərbi qüvvələri effektiv müdafiə təşkil etməkdə çətinlik çəkirdi, bəzi hallarda isə müqavilə bağlanmış, amma təchiz edilməmiş silahların çatışmazlığı yaşanırdı. Bu problem əsasən korrupsiya ilə əlaqələndirilirdi.
Çoxları üçün ən dəhşətli an Maydan etirazlarından sonra Yanukoviçin "Mejiqorya" adlanan, Versal sarayına bənzəyən kompleksindəki tapıntılar idi. Orada o, böyük bir malikanə, qonaq evləri, göllər, klassik lüks avtomobillər kolleksiyası yaratmış, saxta 18-ci əsr İspaniya döyüş gəmisi ilə bir liman inşa etdirmişdi.
2019-cu ildə prezident seçkisində Zelenskinin böyük qələbəsi cəmiyyəti köhnə vərdişlərdən - kiçik və böyük rüşvətlərdən və komissiyalardan uzaqlaşdırmaq, şəffaflıq və hesabatlılıq istiqamətində yönəlmiş bir başqa cəhd olaraq qəbul edildi.
Lakin Rusiyanın müharibəsi bunu daha da çətinləşdirib.
İşğal dövründə müdafiə planlaşdırıcıları nəzərəçarpan tədarük qalmaqalları səbəbindən sərt tənqid edilib – bu, silahlı qüvvələri dəstəkləməyə can atan ukraynalılarda dərin bir rezonans doğurur.
2022-ci ildə Rusiyanın işğalçı müharibəsi başladıqdan sonra hərbi müqavilələr gizli saxlanılırdı. Lakin bu, 2023-cü ilin yanvarında dəyişdi, jurnalist araşdırmaları nəticəsində bir hərbi təchizatçının dövlətə yumurtaları pərakəndə qiymətindən təxminən 2.5 dəfə artıq qiymətə satıldığı aşkar edildi.
Sonradan "Sxemı" əlavə müqavilələr aşkar etdi, burada təchizatçılar silahlı qüvvələrə bazar qiymətindən yuxarı qiymətlə ərzaq məhsulları təqdim edirdilər. İctimai təzyiq nəticəsində Zelenski 2023-cü ilin sentyabrında müdafiə naziri Oleksiy Reznikovu vəzifəsindən azad edib.
ABŞ və Ukraynaya yardım edən Qərb ölkələrinin təzyiqi ilə Zelenski hökuməti silahların sifarişi, alışı və təchizatının daha səmərəli həyata keçirilməsi üçün ixtisaslaşdırılmış qurum - Müdafiə Təchizatları Agentliyini yaradıb.
2025-ci il yanvarın 28-də Ukrayna Nazirlər Kabineti təchizat əməliyyatlarında dəyişikliklər çərçivəsində müdafiə nazirinin müavinini vəzifəsindən azad edib. Eyni gün, Korrupsiyaya Qarşı Milli Büro müdafiə naziri Rustem Umerova qarşı Marina Bezrukovanın müqaviləsini uzatmaqdan imtina etdiyi üçün cinayət işi açıb.
Lakin Umerov Müdafiə Təchizatları Agentliyini səmərəsizliyə və zəif idarəçiliyə görə tənqid edib. 2024-cü ilin əvvəllərində vəzifəyə başlayan agentliyin direktoru Bezrukovanın müdafiəçiləri isə onun qarışıq, amma vacib olan bir sistemi təmizləməyə kömək etdiyini deyiblər.
"Təəssüf ki, müdafiə xərclərinin monitorinqi olduqca qeyri-şəffaf bir proses olaraq qalır və ictimaiyyət qanun pozuntuları haqqında yalnız ayrı-ayrı hallarda öyrənir", - "Antikorrupsiya Baş Qərargahı" adlı qeyri-hökumət təşkilatının rəhbəri Sergiy Mitkalik bildirib.
Ukrayna nə dərəcədə korrupsiyalaşmış ölkədir?
Korrupsiya ilə bağlı reytinqləri bütün dünyada diqqətlə izlənilən "Transparency International" təşkilatı bildirib ki, Ukrayna son illərdə "Avropaya inteqrasiya ilə bağlı islahatlar və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi" sayəsində nəzərəçarpacaq dərəcədə irəli gedib.
Lakin təşkilatın bildirdiyinə görə, islahatların "yalnız formal olaraq həyata keçirilməsi" və ya prosesin qəsdən ləngidilməsinə görə ötən il ölkənin mövqeyində geriləmə olub.
Ümumilikdə, Ukrayna təşkilatın 2024-cü il Korrupsiya Qavrama İndeksində 180 ölkə arasında 105-ci yerdə qərarlaşıb - Rusiya və Belarusu qabaqlayır, lakin Moldova, Macarıstan və Rumıniyadan geri qalır. ABŞ bu indeksdə 28-ci yerdədir.
Keçən il "Sxemı"nın araşdırmasına görə, Baş Prokurorluğun yüksəkvəzifəli məmuru Dmitri Verbitskinin öz qardaşı oğlunun aşağı qiymətə aldığı şəhərətrafı qəsəbədə kirayədə yaşadığı məlum olub. Araşdırma nəticəsində onun qardaşı oğlunun əslində gizli şəkildə Odessadan olan bir işadamını təmsil etdiyi, yəni, "təmsilçı alıcı" olduğunu göstərən dəlillər aşkarlanıb.
Prokuror müavini hər hansı qanun pozuntusunu inkar etsə də, ekspertlər bu tərtibatın vergidən yayınma ilə bağlı ola biləcəyini bildiriblər.
"Sxemı" daha sonra Verbitskinin sevgilisinin əmlakı ilə bağlı faktları aşkar ediblər. Onun 2024-cü ildə yeni bir "Porsche" markalı avtomobil və Verbitskinin yaşadığı eyni elit yaşayış massivində üçmərtəbəli bir bağ evi əldə etdiyi ilə bağlı detallar üzə çıxıb. Halbuki, Verbitskinin sevgilisinin bəyan etdiyi gəliri əhəmiyyətli dərəcədə aşağı olub
Daha sonra Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu Verbitskinin aktivləri ilə bağlı cinayət işi açıb. Açıqlamalardan və sonrakı araşdırmalardan bir neçə həftə sonra Verbitski rəsmi olaraq prokurorluqdan istefa verib.
Korrupsiyaya qarşı mübarizə fəalı Kalenyuk bu qalmaqalların və araşdırmaların ictimaiyyətin diqqətində olmasının ardı-arası kəsilməyən korrupsiya əlaməti olmadığını iddia edir; daha doğrusu, onun sözlərinə görə, bu, Ukrayna ictimaiyyətinin və vətəndaş cəmiyyətinin problemə reaksiya verməsinin sağlam əlamətidir.
"Bu, Belarusda korrupsiya olmadığını demək kimidir. Heç kim Belarusda korrupsiyadan danışmır, tamamilə heç kim. Amma bu, korrupsiya olmadığı anlamına gəlmir", – o, bildirib. "Bu sadəcə o deməkdir ki, əgər Belarusda korrupsiyadan danışırsınızsa, siz həbs olunacaq, işgəncə, zorakılığa məruz qalacaq, qorxudulacaq, öldürüləcəksiniz, nə olursa olsun."
Qeyri-qanuni əmlak sövdələşmələrinə görə qanunsuz varlanmada ittiham olunan Kirilenkoya gəlincə, prokurorlar onun həbs olunmasını istəyiblər, lakin bunun əvəzində məhkəmə onu 2024-cü il avqustun 28-də məhkəməyə qədər elektron izləmə qolbağı və 30 milyon qrivna (730 min dollar) girov ilə azadlığa buraxıb.
"Sxemı"nın araşdırmasına görə, girovu Kirilenko özü ödəməyib, əksinə, hazırda Antiinhisar Komitəsinin regional departamenti tərəfindən araşdırılan bir şirkətin sahibi olan işadamı ödəyib.
Yazı AzadlıqRadiosunun baş beynəlxalq müxbiri Mayk Ekkel və radionun Ukrayna xidmətinin əməkdaşı, araşdırmaçı jurnalist Georgi Şabayev tərəfindən hazırlanıb.