Uber və Lyft şirkətləri amerikalı mühafizəkar fəal Laura Loomer-ə qadağa tətbiq ediblər.
Onun sözügedən taksi şirkətlərinin xidmətlərindən istifadə etməsi yasaqlanıb.
CNBC xəbər verir ki, şirkətlər bu addımı Loomer-in müsəlmanlara qarşı yönələn tvitlərindən sonra atıblar.
Loomer həmin tvitləri Nyu-Yorkda maşınla törədilən və 8 nəfərin ölümünə səbəb olan sonuncu terror aktından sonra yazıb.
Loomer taksi şirkətlərini ekstremistləri işə götürməkdə ittiham edib.
O tvitində yazıb ki, Uber və Lyft şirkətlərindən istifadə etmək istəmir, "çünki müsəlman miqrantlara xeyir vermək fikri yoxdur".
Həm də jurnalist fəaliyyəti göstərən Loomer-in iddiasına görə, Nyu-York polisinin keçirdiyi mətbuat konfransına gecikməsinin səbəbi "yarım saat qeyri-müsəlman taksi sürücüsü axtarması, amma tapa bilməməsi olub".
Nyu-York terrorunu törətməkdə şübhəli bilinən özbək immiqrant Sayfullo Saipov Uber-in işçisi olub.
Uber bunu rəsmən təsdiqləyib.
Saipov çərşənbə günü məhkəmə qarşısına çıxarılan zaman terror aktını "İslam dövləti" qruplaşmasının adından törətdiyini bildirib.
Loomer-in müsəlmanlar haqda yazdıqları sosial şəbəkələrdə böyük narazılıq doğurub.
Uber və Lyft bildiriblər ki, Loomer-in hesabını bağlamalarının səbəbi onun "icma qaydalarını pozmasıdır".
Buna da bax: Nyu York şübhəlisinin bacısı Amerikadan 'aman' istəyib