Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:04

Nyu York hücumunda şübhəli bilinənə terrorçuluq ittihamı


Nyu Yorkda hadisə yeri
Nyu Yorkda hadisə yeri

ABŞ-da prokurorlar Nyu Yorkda səkkiz nəfəri öldürməkdə təqsirləndirilən özbək mühacirə terrorçuluq ittihamı irəli sürüblər, onun İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasından ruhlandığı bildirilir.

Prokurorlar noyabrın 1-də Menhettendə məhkəmədə deyiblər ki, Sayfullo Saipov polis tərəfindən yaralandıqdan sonra xəstəxana otağının qarşısından İŞİD-in bayrağının asılmasını istəyib, “elədiyindən sonra özünü yaxşı hiss etdiyini” söyləyib.

Saipov məhkəməyə əlləri və ayaqları bağlı şəkildə, əlil arabasında gətirilib. Ona irəli sürülən ittihamlar üzrə ölüm cəzası da nəzərdə tutulub.

*** Buna da bax: Nyu York hücumunda suçlanan “düşmən döyüşçüsü” elan oluna bilər

HÜCUMU TÖRƏTDİYİNİ ETİRAF EDİB

Prokurorların deməsinə görə, Saipov xəstəxanada dindirilən zaman hüquqlarının müdafiəsindən imtina edib, hücumu törətdiyini boynuna alıb.

Saipov-a məhkəmədə hüquqları oxunan zaman o, başını bir neçə dəfə tərpədib. Ona məhkəmənin təyin etdiyi vəkil David Patton deyib ki, Saipov-un “çox güclü ağrıları” var və həbsxanada saxlandığı müddətdə tibbi müalicəsini davam etdirsin.

Saipov oktyabrın 31-də icarəyə götürdüyü pikapı velosiped cığırına sürərək 8 nəfəri öldürməkdə və 12 nəfəri yaralamaqda təqsirli bilinir. Ona terror qruplaşmasına maddi dəstək vermək ittihamı da irəli sürülüb.

Prokurorların sözlərinə görə, onun mobil telefonundakı 90 video və 3 min 800-dən çox fotonun əksəriyyəti İŞİD təbliğatıyla bağlıdır. Təsvirlərdə məhkumların başlarının kəsilməsi, güllələnməsi, tankla üstlərindən keçilməsi göstərilir.

Sayfullo Saipov
Sayfullo Saipov

Məhkəmə sənədlərinə görə, Saipov hücuma görə qəsdən Halloween bayramını seçib, “çünki küçələrdə daha çox adamın olacağına inanıb”, daha çox adam öldürmək istəyib.

HÜCUMU İŞİD-İN BAYRAĞIYLA TÖRƏTMƏK İSTƏYİB

Xəstəxanada dindirilən zaman Saipov deyib ki, mobil telefonda izlədiyi İŞİD videolarından həvəslənib, bir il öncədən hücum planlaşdırmağa başlayıb.

Rəsmilərin bildirməsinə görə, Saipov hücum zamanı maşının üstünə İŞİD bayrağı sancmaq istəyib, ancaq diqqət çəkməməkdən ötrü fikrindən daşınıb.

Federal Təhqiqat Bürosu (FBI) isə bildirib ki, dindirməkdən ötrü axtardığı 32 yaşlı özbəkistanlı Mukhammadzoir Kadirov-u tapıb.

Ötən ilin ortasından İngiltərə, Fransa, İsveç, İspaniya və Almaniyada müxtəlif növ maşınlarla dinc sakinlərə qarşı oxşar hücumlar törədilib.

*** Buna da bax: Trump mühacirlərin “aşırı diqqətlə” yoxlanmasına göstəriş verir

Nyu Yorkdakı hücum Birləşmiş Ştatlarda dərhal siyasi məsələyə çevrilib. Prezident Donald Trump mühacirlərlə bağlı qaydaları sərtləşdirəcəyini, viza lotereya proqramını ləğv etmək istədiyini deyib. Saipov 2010-cu ildə Birləşmiş Ştatlara bu proqramla gedib, qrin-kartı var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG