Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Noyabr, Cümə, Bakı vaxtı 04:47

Türkmənistanda təqaüdçülər kütləvi işdən çıxarılır


Türkmənistan. Qoca kişi dayanacaqda kölgədə oturub.

Türkmənistanın bütün dövlət qurumlarımda təqaüd yaşına çatmış əməkdaşların işdən çıxarılması kampaniyasına başlanılıb.

AzadlıqRadiosu-nun türkmən xidməti "Türkmənistanın Alternativ Xəbərləri" internet portalına istinadən yazır ki, təqaüdçülərin işdən çıxarılması Türkmənistan prezidenti Qurbanguly Berdymuhamedov-un birbaşa əmriylə gerçəkləşdirilir.

KAMPANİYA 3 AYDIR BAŞLANIB

Portal həmçinin Türkmənistanın Dövlət turizm komitəsinin rəhbəri Serdar Cholukov-un sərəncamını dərc edib. Sərəncamda bu dövlət strukturuna aid bütün qurumlardan "təqaüd yaşına çatmış bütün əməkdaşları layiq olduqları istirahətə göndərmələri" tələb edilir. Onların yerinə isə turizm sahəsində uyğun təhsili və xarici dil bacarıqları olan gənc mütəxəssislər götürüləcək.

Sərəncamın mətninə görə, təqaüdçülərin işdən çıxarılması artıq üç aydır ki, həyata keçirilir.

Buna da bax:​ Pensiyaların müqayisəsi - keçmiş sovet ölkələrində

Son aylar ərzində hökumətin iclaslarında çıxış edən Türkmənistan prezidenti qlobal iqtisadi problemləri əsas gətirərək nazirlik və idarələrin iqtisadi vəziyyətini nizamlamağın, onların əməkdaşlarının əməkhaqlarını artırmağın vacibliyindən danışır.

"10 FAİZ" VS "2-3 DƏFƏ"

Son bir neçə il ərzində ölkədə əməkhaqqı və pensiyalar hər il 10 faiz artırılır. Ancaq yerli müşahidəçilər deyirlər ki, maaşlar artsa da, ərzaq və başqa məhsulların qiyməti ildə 2-3 dəfə yüksəlir.

Dövlət sektorunda ixtisarlar təkcə təqaüdçülərə təsir etməyib. Ötən il ölkənin neft-qaz kompleksinə aid bir sıra müəssisə və qurum ləğv edilib. Ölkə iqtisadiyyatının digər sahələrinə aid qurumlarda da iş yerləri ixtisar edilib.

Bir sıra büdcə təşkilatlarında rəhbərliyin əməkdaşları ödənişsiz məzuniyyətə göndərməyə, yaxud da iş saatlarını ixtisar etməyə məcbur olduğu vurğulanır.

Buna da bax: Türkmənistanda ağsaqqallar parlamentdən ali ola bilər

Ölkənin rəsmi mətbuatı dövlət qulluqçularının ixtisarı barədə heç bir bilgi vermir.

TƏQAÜD YEGANƏ GƏLİR MƏNBƏYİDİR

AzadlıqRadiosu-nun Türkmənistandakı həmsöhbətləri deyirlər ki, təqaüdçülərin kütləvi işdən çıxarılmasıyla minlərlə ailə qazanc yerini itirə bilər. Belə ki, gənclər arasında kütləvi işsizlik səbəbindən bir çox ailələrin maddi durumu birbaşa yaşlı nəslin gəlirlərindən asılıdır. Çox zaman təqaüdlər ailələrin yeganə gəlir mənbəyi olur.

2015-ci ilin məlumatlarına görə, Türkmənistan vətəndaşlarının təqaüd yaşı 62-dir. Ölkədə orta ömür həddi isə 61 yaşdır. Regionda ən aşağı təqaüdlər də Türkmənistandadır.

Təqaüdçülərin işdən çıxarılması kampaniyasına prezidentin ölkənin məşvərətçi orqanı olan Ağsaqqallar Şurasının rolunu gücləndirmək niyyətini bildirməsindən bir neçə gün sonra başlanılıb.

Buna da bax:​ 'Türkmənistan 25 ildən sonra: Avtoritarizmin ağır bədəli'

Dövlət başçısı bildirib ki, bu, ölkənin siyasi sisteminin təkmilləşdirilməsi çərçivəsində gerçəkləşdiriləcək.

DAHA YEDDİ İL

2016-cı ilin sentyabrında Daşoğuz vilayətində Ağsaqqallar Şurası iştirakçılarının təsdiqlədiyi yeni konstitusiyaya görə, fevralın 12-də üçüncü dəfə prezident seçilmiş Gurbanguly Berdymuhamedov daha yeddi il ərzində ölkəni idarə edəcək.

Berdymuhamedov prezidentlik səlahiyyətlərinə başlaması münasibətilə çıxışında deyib ki, Ağsaqqallar Şurasına parlamentin qəbul etdiyi qanunları təsdiqləmək səlahiyyəti veriləcək.

2006-cı ilin sonunda keçmiş prezident Saparmurad Niyazov-un ölümündən sonra Gurbanguly Berdymuhamedov-un hakimiyyətə gəlməsiylə ölkənin ali təmsilçilik orqanı olan Xalq şurası (Xalk maslahatı) ləğv edilmişdi. 1992-ci ildən 2008-ci ilədək mövcud olmuş bu qurumun üzvləri, əsasən, seçilirdi. Xalq Şurasının səlahiyyətləri qismən Ağsaqqallar Şurasına verilmişdi.

Buna da bax: Fətullah Gülen dalğası Türkmənistana da çatdı

Ağsaqqallar Şurasının iclasları, ənənəvi olaraq, ildə bir dəfə keçirilir. İştirakçıları isə hər dəfə yerli hakimiyyət orqanları seçir. Rəsmi siyahılara görə, Ağsaqqallar Şurasının iclaslarına 600 ağsaqqal qatılır. Ölkənin 5 regionunun hər birini 100 nəfər təmsil edir. İclasa paytaxt Aşqabat şəhərindən də ayrıca 100 nəfər iştirakçı qatılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG