Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 12:55

'Türkmənistan 25 ildən sonra: Avtoritarizmin ağır bədəli'


Türkmənistan prezidenti Gurbanguly Berdimuhamedov pambıq sahısində, 21 sentyabr 2014

Karnegi Fondu “Türkmənistan 25 ildən sonra: Avtoritarizmin ağır bədəli” adlı məqalə hazırlayıb.

“Sovetlər Birliyi dağılandan 25 il sonra digər keçmiş sovet respublikaları arasında Türkmənistan “daha çox avtoritar ölkə” adını qoruyub".

Fondun “Türkmənistan 25 ildən sonra: Avtoritarizmin ağır bədəli”adlı məqaləsi bu sözlərlə başlayır.

Məqalədə vurğulanır ki, sovet dövrünün son illərində və ardından - müstəqillik dövründə ölkəyə rəhbərlik etmiş Saparmurat Niyazov-un yaratdığı siyasi system “repressiyalara və karbohidrogen sərvətinə” söykənib:

“Onun xələfi Gurbanguly Berdimuhamedov da Niyazov-un yoluyla gedir, miras aldığı sistemi əbədiləşdirir, onu daha da sərtləşdirir. “Freedom House” təşkilatı “2016-cı il Dünyada Azadıq” indeksində söz azadlığı, mətbuat, toplaşma, dini azadlıqlarla bağlı Türkmənistanı Şimali Koreya, Sudan və Suriya kimi qatı diktator ölkələriylə bir araya qoyub”.

Buna da bax: Balaca Heydər: Pambıq müşavirəsində parlayan ulduz​

Tərki-dünya krallıq?

Məqalədə türkmənlərin səyahət məhdudiyyəti olduğu, ölkənin bir çox əcnəbinin üzünə bağlı qaldığı vurğulanır.

Türkmənistan sərhəddi
Türkmənistan sərhəddi

Di gəl, qaz ixracından əldə edilən gəlirlə maliyyələşən “tərkü-dünya krallıq” təhlükəsizliklə bağlı ciddi problemlərlə üzləşib. Məqalə müəllifi Əfqanıstan-Türkmənistan sərhədlərində türkmən hərbçilərinin problemlə qarşılaşdığına -yaraqlıların ölkə daxilinə keçməsinin qarşısını almaqda çətinlik çəkdiyinə diqqət çəkir. Digər tərəfdən, qaz gəlirləri də azalır.

Yazıda deyilir ki, Aşqabat son onilliklərdə türkmən qazı üçün yeganə real bazar olan Pekinin sayəsində inkişaf edib və Çin ölkənin əsas borcverəninə çevrilib.

Türkmənstanın azalan qaz gəlirləri, milli valyutanın devalvasiyası, yüksək inflyasiya, ərzaq təhlükəsizliyi təhlükəsi ilə üzləşməsi də müəllifin gözündən yayınmayıb:

“Burada illərlə sosilal layihələr üçün mənbələr təcrid edilib, adamlar təzyiq altında və informasiyasızlıq şəraitində yaşayıblar”.

Buna da bax: Azərbaycan yenə 'qeyri-azad' sayıldı

“Heç vaxt ədalətli seçki olmayıb”

Sözügedən məqalədə deyilir ki, Niyazov Türkmənistanda hakimiyyət başına təsadüfən gəlib. Süquta uğramış SSRİ-nin son rəhbəri M. Gorbachev Rusiyada mühəndis çalışan Niyazov-u 1985-ci ildə Türkmənistan Kommunist Partiyasının birinci katibi təyin edib.

Burası da var ki,sovet idarəçilik üsulundan müstəqil respublikaya eyni rəhbərlə keçid ölkəyə liberal siyasət təcrübəsi yaşatmayıb.

Türkmənistanın keçmiş prezidenti Saparmurat Niyazov
Türkmənistanın keçmiş prezidenti Saparmurat Niyazov

Niyazov xalq hərəkatına qadağa qoyub, Kommunist Partiyasını Demokratik Partiya adlandırıb.

Yazıda deyilir ki, Türkmənistanda heç vaxt ədalətli seçki olmayıb, Niyazov öz prezidentlik müddətini uzadıb, (müəllif Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan və Özbəkistanda da eyni təcrübənin baş verdiyini xatırladır), 1999-cu ildə özünü ömürlük prezident elan edib və 2006-cı ildə ömrünün sonunadək bu vəzifədə qalıb.

Məqalədə göstərlir ki, ölkədə təhsilin keyfiyyəti ildən-ilə aşağı düşüb, yerli əhalinin xarici ölkələrdə, hətta Rusiyada təhsil alması məhdudlaşdırılıb, kitabxanalar bağlanıb, “əvəzində uşaqlara Niyazovun müəllifi olduğu “Ruhnamə” oxutdurulub”.

Müəllif qeyd edir ki, təbliğat maşını Niyazovu yaxşı lider təqdim etməyə çalışır: türkmənlər sudan, işıqdan, qazdan, ictimai nəqliyyatdan pulsuz istifadə edirlər.

Buna da bax: Hakimiyyətin sülalə daxilində üçüncü nəslə ötürülməsi...

“Rəqibsiz hakimiyyət”

Niyazovun kiminsə daha çox siyasi və ya iqtisadi güc sahibi olmasına imkan vermədiyi də məqalədə əksini tapıb. Bir çox dövlət məmuru ya həbsxanaya düşüb, ya da sürgün həyatına məruz qalıb:

“Ölkədə milli müxalifət təmsilçiləri də qalmayıb”.

Niyazov 2006-cı ildə ürək tutmasından vəfat edəndən sonra hakimiyyət onun xələfinə - səhiyyə naziri və baş nazirin müavini kimi hakimiyyəti müvəqqəti idarə etməyə səlahiyyəti çatmayan Gurbanguly Berdimuhamedov-a ötürülüb.

Qanuna görə, hakimiyyətin müvəqqəti idarəsi parlamentin spikerinə keçməliydi, ancaq 0, Niyazov ölən zaman həbs olunaraq, siyasi həyatdan təcrid edilib.

Şəffaflığı şübhə doğuran prezident seçkisində yüksək səs toplayan Gurbanguly Berdimuhamedov 2012-ci ildə yenidən vəzifəsinə “seçilib”.

O, Konstitusiyaya dəyişiklik edərək prezidentlik müddətini 7 ilə çatdırıb. Bir dəyişiklik odur ki, indi məktəblərdə “Ruhnamə” yox, yeni prezidentin kitabları oxunur, Aşqabadda isə onun qızıldan heykəli ucalır.

Buna da bax: 'Nə oldu, pambıqçılıqdan bir şey alınmadı?'

Əvvəlcə Şimali Koreyada, indi Türkmənistanda…

Məqalədə deyilir ki, indi Türkmənistan dəyəri 5 milyard dollarla ölçülən 2017-ci il Asiya Qapalı və Hərbi İncəsənət Oyunlarına hazırlaşır. Həmin oyunların bircə dəfə Şimali Koreyada keçrilməsi ilə bağlı məlumat var. O da vurğulanır ki, xarici dünyanın üzünə qapalı olan ölkə turizmi inkişaf etdirməyə çalışır.

Müəllif Türkmənistanda, əslində, müstəqil və azad medianın olmamasına, AzadlıqRadiosuna çalışan bir neçə müxbirin təzyiqlə üzləşib, həbs edilməsinə diqqət çəkir.

“Əhalinin yalnız 14.9 faizi internetin nə olduğunu bilir. Üstəlik, internetin qiyməti çox bahadır və istifadə edənlər nəzarət altındadır. Ölkədə tənqidi saytlar yoxdur, Türkmənistanla bağlı tənqidi saytlara giriş də bloklanıb”.

Müəllif yazır ki, “Transparency İnternational” Türkmənistanı korrupsiya faktına görə, 176 ölkə arasında 154-cü yerdə görüb.

Türkmənistan iqtisadiyyatının elektrik enerjisinə, neft və qaza əsaslandığı bildirilənyazıda, ÜDM-in ildən-ilə azalma meyli vurğulanır və deyilir:

“Türkmənistan dünyanın dördüncü ən böyük təbii qaz ehtiyatlarına sahibdir, ancaq coğrafi və siyasi təcridolma ölkənin bu imkanlardan yetərincə yararlanmasını əngəlləyir. Nəticədə, Türkmənistan Çinin qaz qiyməti diktəsindən tam asılı hala düşüb”.

Buna da bax: 'Xarici borc ciddi problemə çevrilir'​

Beləcə, Çindən milyardlarla dollar borc alan Türkmənistan büdcə xərclərini kəskin azaltmağa məcbur qalıb.

Türkmənistan, taxıl yığımı, 2012
Türkmənistan, taxıl yığımı, 2012

Taxılçılıq və pambıqçılıq da geriləyib, onların ÜDM-dəki payı yalnız 13 faizdir. Müəllif bunun səbəbini aqrar sahənin pis idarə edilməsində görür.

Uşaq ölümlərinə görə Türkmənistanın keçmiş SSRİ respublikaları arasında yüksək yer tutmasını xatırladan müəllif bunu ölkədə tibbi ələçatımlığın aşağı səviyyəsiylə izah edir.

Türkmənistanın 25 illik mstəqil dövlət həyatını müəllif belə səciyyələndirir:

“Türkmənistanda daxili və xarici problemlər artır. Bu, ölkənin uzunmüddətli stabillyini təhlükəyə atan ürəkağrıdıcı mirasdır və yaxın gələcəkdə bir bəlaya çevriləcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG