Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:26

Azərbaycan yenə 'qeyri-azad' sayıldı


“Freedom House”un hesabatı. Şerif. Karikatura.
“Freedom House”un hesabatı. Şerif. Karikatura.

Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatı dünyada azadlığın səviyyəsini göstərən illik hesabatını açıqlayıb.

Dünyada Azadlıq – 2017” adlı hesabatda ötən il demokratik ölkələrdə populistlərin və millətçilərin xeyli irəlilədiyi, avtoritar rejimlərin isə “abırsızcasına aqressivləşdiyi” deyilir.

“Freedom House” builki hesabatında 195 ölkədə siyasi hüquqlar və vətəndaş azadlığını qiymətləndirib. Bu ölkələrin 87-si azad, 59-u qismən azad, 49-u azad olmayan ölkə hesab olunub.

Azərbaycan yenə də azad olmayanların, həm də son 10 ildə geriləyən ölkələrin sırasındadır.

Buna da bax:​ Beynəlxalq təşkilatların hesabatları Azərbaycan üçün "kağız parçasıdırmı"?

CİDDİ NƏZARƏTLƏ KEÇİRİLƏN REFERENDUM

Hesabatın “Referendumlar və demokratik zəiflik” bölməsində Azərbaycanda ötən il keçirilən referendumdan söz açılır. Demokratiyanın zəif olduğu bəzi başqa ölkələrdəki kimi, Azərbaycanda da prezident İlham Əliyevin konstitusiyaya dəyişikliklər etməklə öz hakimiyyətini gücləndirdiyi, referendumun ciddi nəzarət altında keçirildiyi və seçicilərin 90%-nin dəyişikliklərə səs verdiyi deyilir.

Qeyd edək ki, ötən ilin sentyabrında Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Dəyişikliklərdə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılıb. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılıb. Müxalifət bu dəyişiklikləri “mürtəce” adlandırıb.

Hesabatın “Hakimiyyətdəkilər gələcəyə hazırlaşırlar” bölməsində isə Avrasiya ölkələrinin iki qismə ayrıldığı bildirilir. Ukrayna, Gürcüstan və Moldovanın demokratik irəliləyişə nail olmağa çalışdıqları, şərqdə isə bəzi liderlərin iqtisadi və siyasi sabitsizliyə hazır olmaqdan ötrü hakimiyyətlərini gücləndirdiyi vurğulanır. Neftin ucuzlaşmasından narahat olan Azərbaycan liderlərinin də gələcək hakimiyyətlərinin möhkəmliyini bərpa etmək məqsədilə referendum keçirdiyi bildirilir.

Buna da bax: 'Azərbaycanı ağır illər gözləyir'

Siyahıya aşağıdan yuxarı baxanda Azərbaycanın azadlığın inkişafı baxımından durumun ən pis olduğu Suriyadan 20 pillə irəlidə dayandığı görünür. Kuba, Çin, İran kimi ölkələr Azərbaycandan öndədir.

GÜRCÜSTAN, ERMƏNİSTAN VƏ TÜRKİYƏ

Qafqaz qonşuları bu hesabatda da Azərbaycandan irəlidədir: Gürcüstan da, Ermənistan da “qismən azad” ölkə kimi dəyərləndirilib.

Türkiyədə də ciddi geriləmə müşahidə olunub və Türkiyə, həmçinin Rusiya və İran da azad olmayan ölkələr siyahısındadır.

Hesabat müəllifləri ümumilikdə 67 ölkənin siyasi hüquqlar və vətəndaş azadlığı baxımından geriyə getdiyini, cəmi 36 ölkənin irəlilədiyini deyirlər. Hətta ən nüfuzlu demokratik ölkələrdə də durum ürəkaçan deyil. “Britaniyanın Avropa Birliyindən çıxmasıyla bağlı səsvermə, Polşadakı yeni hökumətin qeyri-demokratik addımları, Avropadakı millətçi partiyaların uğurları və ABŞ-dakı prezident seçkilərində Donald Trump-ın qələbə qazanması demokratik ölkələrdə də narahatlıq və qərarsızlığa səbəb olub”. “Freedom House”un hesabatında belə deyilir.

Buna da bax:​ Azərbaycan ABŞ insan haqları hesabatında tənqid edilir

ƏN AZAD VƏ ƏN QEYRİ-AZAD ÖLKƏLƏR

Rusiyanın davranışları – Birləşmiş Ştatlar və digər demokratik ölkələrdə seçki prosesinə müdaxilə cəhdləri, Suriyadakı diktaturaya yardımı, Ukraynaya təcavüzü də dünyada azadlığın durumuna təsir göstərib.

Hesabatda azad olmayan ölkələrdən 11-ndə vəziyyətin özəlliklə pis olduğu deyilir. Bunlar Suriya, Eritreya, Şimali Koreya, Özbəkistan, Cənubi Sudan, Türkmənistan, Somali, Sudan, Ekvatorial Qvineya, Mərkəzi Afrika Respublikası və Səudiyyə Ərəbistanıdır.

Ən azad ölkələr Finlandiya, Norveç, İsveç, Kanada və Niderlanddır.

Buna da bax: “Azərbaycana qarşı 1500-dək şikayət var”

Bu hesabata Azərbaycan rəsmiləri, hələlik, reaksiya verməyib. Amma indiyədək beynəlxalq insan haqları qurumlarının tənqidlərini hakimiyyət təmsilçiləri rədd edib, ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirib. Prezident İlham Əliyev ötən ilin noyabrında “Freedom House”u qərəzdə, “ermənipərəst mövqe” sərgiləməkdə ittiham etmişdi.

Gün ərzində AzadlıqRadiosu hesabata reaksiyaları təqdim edəcək. Saytımızı izləyin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG