Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:28

Türkiyədə hicab orduya da keçdi


Türkiyədə aksiya (arxiv fotosu).

Türkiyə silahlı qüvvələrində xidmət edən qadınlara hicab taxmağa icazə verildi.

Bu, tarixən Türkiyənin dünyəviliyinin qoruyucusu olan silahlı qüvvələrdə ciddi mədəni dəyişiklik deməkdir. “The New York Times” qəzeti belə yazır.

Ordu Türkiyədə hicab qadağasının qaldığı sonuncu institutlardan biri idi.

HƏR ŞEY NECƏ BAŞLADI

Cəmi 10 il öncə ordu komandirləri həyat yoldaşı hicab taxan bir namizədin dövlət başçısı olacağı halda müdaxilə edəcəklərini bildirmişdilər. Ancaq prezidentliyə o zamankı namizəd Abdullah Gul sonucda heç bir maneəsiz prezident oldu. Üstündən on il keçmiş ordunun müdaxiləsi baş naziri istefaya məcbur etdi.

Buna da bax:​ Türkiyə təhsilində yenilik-daha çox İslam, Erdogan, daha az Atatürk

Qəzet yazır ki, müdafiə nazirliyinin çərşənbə günü verdiyi qərar bu illər ərzində istər ordu, istərsə də cəmiyyətdəki dəyişiklikləri çox aydın göstərir. Türkiyədə uzun zamandan bəri baş örtüyü ölkənin dünyəvi və dini kəsimlərinin mübarizəsinin rəmzi kimi görülüb.

2002-ci ildən bəri Recep Tayyip Erdoğan hökuməti tədricən dövlət sektorunu hicablı qadınların üzünə açıb. Artıq 2011-ci ildə universitetlərdə, 2013-cü ildə isə dövlət qulluğunda hicab taxmağa icazə verilmişdi. 2015-ci ildə ölkə, ilk dəfə məhkəməni hicablı hakimin idarə etdiyini gördü. Ötən ilin avqustundan isə hicablı qadınlar artıq polisdə də xidmət edə bilirlər.

YENİLİK

2015-ci ildə hərbçilərin mövqeyi yumşaldı. Ordu əsgərlərin hicablı yaxınlarının hərbi obyektlərə daxil olmasına icazə verdi.

Buna da bax: 'Şarf bağlayın, papaq qoyun, ancaq hicab qəti olmaz'

Ötən ilin iyulundakı çevriliş cəhdi də orduda baş verən mədəni dəyişikliklərdən xəbər verir. Tarixən Mustafa Kemal Atatürkün davamçılarının qalası olan silahlı qüvvələrdə islamçı kəsimin mövcudluğu belə bir yenilikdir.

Türkiyədə qadınlar yalnız kiçik zabit heyətini təmsil edir. 2013-cü ildən silahlı qüvvələrdə 1345 qadın zabit xidmət edirdi. Daha 370 qadın kiçik zabit heyətində idi. Müqayisə üçün deyək ki, Türkiyə silahlı qüvvələrinin şəxsi heyətinin ümumi sayı 723 min 741 nəfərdir.

Qadın əsgərlərin hicab taxmasına icazə verilməsi Erdoğanın ölkəni dünyəvi əsaslarından uzaqlaşdırması ilə bağlı qorxuları daha da dərinləşdirə bilər.

İKİNCİ İRAN?

Erdoğanın partiyası üzvlərinin islamçı olduqlarına dair iddiaları rədd edir. Halbuki, Erdoğan ölkədə dini məktəblərin sayını artırıb və türklərin daha inanclı bir nəslinin yetişdirilməsindən söz açır.

Buna da bax:​ Dövlət qulluğuna qəbulda bunu soruşurlar

2016-cı ilin iyul hadisələrindən sonra Erdoğan hələ 1990-cı illərdə dini baxışlarına görə ordudan qovulmuş generalı özünə hərbi müşavir təyin etməklə dünyəvi dairələrdə daha çox təşviş yaratdı.

Erdoğanın ən sərt tənqidçiləri onun Türkiyədə ikinci İran yaratmasından ehtiyatlanırlar.

İstefada olan üçulduzlu general, Türkiyə İstefada olan Zabitlər Assosiasiyasının rəhbəri Erdoğan Karakus hesab edir ki, hicabla bağlı yeni qərar ordunun işlərinə yersiz müdaxilədir. O deyir ki, hicab orduda istifadə edilmək üçün çox ağıryüklü rəmzdir.

“Biz siyasətçiləri hava, ordu, dəniz qüvvələrinə qarışdırmaq istəmirik. ABŞ-da kimsə idarəyə çimərlik geyimində gəlmək istəsə, siz bunu qəbul edərsinizmi?" – general Karakus "The New York Times"ın müxbirinə deyib.

Buna da bax:​ Müsəlman ölkələrində qadın necə geyinsin?

“DİNDAR KƏSİMİN LƏYAQƏTİ ÖZÜNƏ QAYIDIR”

Ancaq bu qərarı alqışlayanlar da var. Bir çoxları Erdoğanı demokratik normalara hörmət etməməkdə, minlərlə insanı dissident elan edərək onlara təzyiq göstərməkdə suçlayırsa, bəziləri onun Türkiyənin dindar kəsiminin ləyaqətini özünə qaytardığını düşünür. Onillər boyunca dünyəvi elita dindar kəsimi ölkənin ictimai həyatından uzaq saxlayıb.

AKP-ni təmsil edən hüquqşünas Ravza Kavakci deyir ki, sözügedən qərar emansipasiya prosesinin sonuncu hissəsidir. “Məncə, bu, demokratikləşmə yolunda çox mühüm bir addımdır", – o deyir.

Xanım Kavakci-nin böyük bacısı Merve vaxtilə hicablı qadınlara ayrıseçkiliyə qarşı mübarizlərdən olub. Millət vəkili olmuş professor Merve Kavakci 1999-cu ildə Məclisə hicab taxaraq gəlmişdi. O zaman onun üstünə qışqırmış, sonradan onu parlamentdən uzaqlaşdırmışdılar.

Buna da bax:​ Avropa ölkələrində hicab

Merve Kavakci deyir ki, bu qərar Türkiyənin dünyəviliyini azaltmır, dinə münasibətdə daha tolerant edir. Onun sözlərinə görə, bununla Türkiyə daha çox ABŞ kimi olacaq.

QEYRİ-TOLERANT DÜNYƏVİLİK

“Bu o demək deyil ki, Türkiyə daha dünyəvi deyil. Bu o deməkdir ki, Türkiyə daha dünyəvi fundamentalist deyil. Keçmişdə dünyəvi-fundamentalist ideologiyaya malik Türkiyədə çox qeyri-tolerant dünyəvilik vardı. Din dövlətin tabeliyində və nəzarətində idi. İndi biz bunu dəyişməyə çalışırıq", – Merve Kavakci deyir.

“Parlamentdən qovulduğum gündən bəri davam edən arzum gerçəkləşib. Bu, qadın haqlarının açıq-aydın qələbəsidir", – deyə o əlavə edib.

Buna da bax:​ Müsəlman polis qadın hicaba görə məhkəməyə üz tutub

Türkiyədə islamla dünyəviliyin yerinin dəyişməsi üzrə ekspert, "Müsəlman millətçiliyi və Yeni Türklər" kitabının müəllifi, professor Jenny White deyir:

“Bu, hər kəsin hər yerdə hicab taxmasına imkan vermək prosesini tamamlamaq da sayıla bilər, sonuncu tabunun qırılması ilə kemalist zabitlərin sındırılması da. ...Mən bunu atatürkçü hərbçilərin təhqir olunması adlandırardım".

Günün bütün mövzuları

XS
SM
MD
LG