Keçid linkləri

2026, 15 May, cümə, Bakı vaxtı 15:16

Tramp-Si sammiti başa çatdı: 'Ritorik öhdəliklər Çinə çox da baha başa gəlmir'

ABŞ prezidenti Donald Tramp Pekində, Çjunnanhay iqamətgahının bağında Çin lideri Si Cinpinlə görüşür.
ABŞ prezidenti Donald Tramp Pekində, Çjunnanhay iqamətgahının bağında Çin lideri Si Cinpinlə görüşür.

ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin mayın 15-də Pekində keçirilən sammiti yekunlaşdırıblar. Liderlərin görüşü Çin Kommunist Partiyasının ciddi mühafizə olunan Çjunnanhay kompleksində baş tutub.

Sinin yanında əyləşən Tramp jurnalistlərə açıqlamasında deyib: "Biz İranı da müzakirə etdik. Bu məsələnin necə nəticələnməsi ilə bağlı mövqelərimiz çox oxşardır. Biz onların nüvə silahı əldə etməsini istəmirik, Hörmüz boğazının açıq qalmasının tərəfdarıyıq".

Fevralın 28-də ABŞ və İsrailin hava hücumlarına məruz qalan Tehran cavab olaraq strateji Hörmüz boğazını faktiki bağlayıb və bəzi gəmilərdən 2 milyon dollaradək keçid rüsumu tələb etməyə başlayıb. Vaşinqton isə İrana gedən və oradan gələn bütün dəniz nəqliyyatını tam blokadaya alıb.

İrandakı müharibə sammitin gündəliyini sürətlə dəyişdirib. Əsasən ticarət və texnologiya məsələlərinə həsr olunması gözlənilən görüş münaqişənin daha geniş iqtisadi və geosiyasi fəsadlarının idarə olunmasına yönəlib. Vaşinqton Pekindən Tehrana təsir imkanlarını işə salaraq müharibənin bitməsinə yardım etməsini istəyir. Çin isə İranla yaxın münasibətlərini enerji təchizatı və qlobal iqtisadi artımla bağlı narahatlıqları arasında balanslaşdırmağa çalışır.

Donald Tramp Pekində, Çjunnanhay iqamətgahının bağında Si Cinpinlə şəkil çəkdirir.
Donald Tramp Pekində, Çjunnanhay iqamətgahının bağında Si Cinpinlə şəkil çəkdirir.

"İran məsələsində az-çox razılıq var"

Çin Xarici İşlər Nazirliyi mayın 15-də bildirib ki, Pekin İranla bağlı kövrək atəşkəsin davam etdirilməsini dəstəkləyir və müharibəni bitirmək üçün "yorulmadan çalışır". Nazirlik gələcək sülh danışıqlarında "konstruktiv rol" oynamaq istədiyini bəyan edib. Açıqlamada dəniz marşrutlarının mümkün qədər tez açılması çağırışı da yer alıb ki, bu da birbaşa Hörmüz boğazına işarə kimi dəyərləndirilir.

"Pekin razılaşdı ki, Hörmüz boğazı açıq qalmalı və İran nüvə silahı əldə etməməlidir. Bu ritorik öhdəliklər Çinə çox da baha başa gəlmir. Əsas məsələ Pekinin Tehrana təzyiq göstərməsi, Çin şirkətlərinin İrandan neft alışını məhdudlaşdırması və Vaşinqtonla ümumi bəyanatları konkret nəticələrə çevirməsidir", - Demokratiyaların Müdafiəsi Fondundan Kreyq Sinqlton AzadlıqRadiosuna bildirib.

Bununla belə, Pekin Vaşinqtonu birbaşa tənqid etməkdən yayınır və özünü diplomatiya ilə regional sabitliyin tərəfdarı kimi göstərir.

Çikaqo Universitetinin Çin siyasəti üzrə professoru Dali Yan AzadlıqRadiosuna açıqlamasında deyib: "Yaxın Şərqdə vəziyyətin sakitləşməsi Çinin öz maraqlarına uyğundur. Strateji baxımdan düşünürəm ki, İran məsələsində az-çox razılıq var, Çin açıq şəkildə müharibəyə qarşı olduğunu nümayiş etdirir".

Çin İran neftinin ən böyük alıcısı və Tehranın əsas iqtisadi tərəfdaşlarından biridir. Bununla yanaşı, Pekin təchizat zəncirlərini daha da poza və qlobal tələbi zəiflədə biləcək uzunmüddətli münaqişədən qaçmaqda maraqlıdır.

Donald Tramp Pekində, Çjunnanhay iqamətgahının bağında Si Cinpinlə gəzintidə.
Donald Tramp Pekində, Çjunnanhay iqamətgahının bağında Si Cinpinlə gəzintidə.

İsti ritorika, lakin az irəliləyiş

Təhlilçilərin fikrincə, isti ritorikaya baxmayaraq, sammit hələlik ciddi praktiki nəticələr verməyib və iki ölkə arasındakı rəqabətin miqyasını bir daha nümayiş etdirib.

Sinqlton vurğulayır: "Tramp öz ölkəsində göstərmək üçün az da olsa müəyyən irəliləyişlər əldə edir. Si isə Pekinə lazım olan sabitliyin əsasını qoyur, eyni zamanda əldə etdiyi rıçaqları qoruyur. Hər iki tərəf rəqabətin əsas şərtlərini dəyişdirmədən prosesi idarə etməyə çalışır".

Vaşinqton və Pekin arasında uzunmüddətli rəqabəti körükləyən bir çox məsələ isə hələ də həll olunmamış qalır. Bunlara qabaqcıl texnologiyalara tətbiq edilən ixrac qadağaları, nadir torpaq metalları ilə bağlı məhdudiyyətlər və Tayvan məsələsi daxildir.

Si danışıqların ilk günündə Trampa xəbərdarlıq edib ki, Tayvan məsələsi düzgün idarə olunmasa, birbaşa qarşıdurma nöqtəsinə qədər gəlib çıxa bilər.

"Sammit sabitləşdirici ton yaradır. Amma bundan sonra, xüsusilə çətin məsələlər üzrə nə baş verəcəyi əsasən hər iki ölkədəki daxili siyasətdən, həmçinin İran və Ukrayna kimi münaqişələrin gedişatından asılı olacaq", - Corc Meyson Universitetinin dosenti Ketyan Çjan AzadlıqRadiosuna şərhində bildirib.

XS
SM
MD
LG