Keçid linkləri

2026, 14 May, cümə axşamı, Bakı vaxtı 15:15

Böyük vədlər, məhdud nəticələr – Tramp və Si Pekində görüşdü

update
Donald Tramp və Si Cinpin Pekində Xalq Yığıncaqları Sarayında
Donald Tramp və Si Cinpin Pekində Xalq Yığıncaqları Sarayında

ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin mayın 14-də Pekində yüksəksəviyyəli danışıqlar keçiriblər. İki lider görüşdə şəxsi münasibətlərini vurğulayıb, daha sıx əməkdaşlığın vacibliyini qeyd ediblər. Bu sammit dünyanın iki ən böyük iqtisadiyyatı arasında gərginliyin artdığı bir vaxtda baş tutub.

Trampı hərbi orkestrin ifası, top atəşləri və əllərində bayraq və çiçəklər tutmuş uşaqların iştirakı ilə təntənəli mərasim ilə qarşılayıblar. O, Xalq Yığıncaqları Sarayında çıxışında deyib: "Sizinlə burada olmaq mənim üçün böyük şərəfdir. Sizin dostunuz olmaq şərəfdir və Çin-ABŞ münasibətləri əvvəlkindən daha yaxşı olacaq".

S.Cinpin isə daha ölçülü tonla danışıb. O, sammiti qlobal qeyri-sabitliyin artdığı fonda Pekin və Vaşinqtonun rəqabəti idarə edib-etməyəcəyinin sınağı kimi dəyərləndirib.

Si vurğulayıb ki, əsas sual Çin və ABŞ-nin "Fukidid tələsi"ni aşaraq böyük güclər arasında yeni münasibətlər modelinə yol aça bilib-bilməyəcəyi ilə bağlıdır. Bu nəzəriyyə yüksələn bir güclə mövcud hegemon dövlət arasında qaçılmaz olaraq yaranan rəqabət və qarşıdurma tendensiyasını ifadə edir.

"Biz rəqib deyil, tərəfdaş olmalıyıq, bir-birimizin uğuruna nail olmalı, birlikdə inkişaf etməli və yeni dövrdə böyük dövlətlərin bir-biri ilə düzgün münasibət qurma yolunu müəyyənləşdirməliyik", –Si bildirib.

Tramp və Si 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən görüşdən sonra ilk dəfə üzbəüz danışıqlar aparırlar. Bu, həmçinin Trampın 2017-ci ildən bəri Çinə ilk səfəridir.

Donald Tramp və Si Cinpin Pekindəki Səma Məbədini ziyarət edirlər
Donald Tramp və Si Cinpin Pekindəki Səma Məbədini ziyarət edirlər

Si Cinpindən Trampa Tayvan xəbərdarlığı və iqtisadi vədlər

ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin mayın 14-də Pekində danışıqları iki saatdan çox çəkib.

Danışıqlarda Tayvan məsələsi əsas mövzulardan biri olub. Çinin "Sinxua" dövlət xəbər agentliyinin məlumatına görə, Si Trampa xəbərdarlıq edib ki, bu problemin yanlış idarə olunması iki ölkəni birbaşa qarşıdurmaya sürükləyə bilər.

"Bu məsələ düzgün idarə olunarsa, iki ölkə sabitliyi qoruya bilər. Əks təqdirdə, iki ölkə toqquşa və hətta qarşıdurma yarana bilər ki, bu da ABŞ-Çin münasibətlərini son dərəcə təhlükəli vəziyyətə salar", – Si bildirib.

Daha əvvəl yayılmış məlumata görə, Tramp administrasiyası Pekinlə gərginliyi artırmamaq üçün sammit ərəfəsində Tayvan üçün 13 milyard dollarlıq silah paketi ilə bağlı Konqresə bildirişin göndərilməsini təxirə salıb. Si hələ fevralda telefon danışığı zamanı Trampı bu məsələyə son dərəcə ehtiyatla yanaşmağa çağırmışdı.

Ticarət və iqtisadi gərginlik də danışıqlarda mühüm yer tutub. Amma ilkin nəticələr irəliləyişin məhdud olduğunu göstərir.

Pekin yüzlərlə Amerika kəsim məntəqəsinə Çinə mal əti ixracını bərpa etmək üçün yenidən lisenziya verib. Lisenziyaların müddəti Trampın Çin mallarına əvvəlki tarifləri tətbiq etməsindən sonra - 2025-ci ilin martında başa çatmışdı. Bu addım tariflər, ixrac məhdudiyyətləri və təchizat zəncirləri ilə bağlı bu gün Pekində aparılan daha geniş danışıqlar öncəsi məhdud xoşməramlı jest kimi qiymətləndirilir.

Digər tərəfdən, Si ABŞ-nin biznes nümayəndə heyətinə Çinin xarici bazarlara daha geniş açılacağını vəd etsə də, hələlik heç bir konkret öhdəlik açıqlamayıb.

"Çinin xarici dünyaya qapıları getdikcə daha da geniş açılacaq. Amerika şirkətlərini Çində daha parlaq perspektivlər gözləyir", – Çin dövlət mediası Sinin sammitdə dediklərindən sitat gətirib.

Donald Tramp Pekindəki Xalq Yığıncaqları Sarayına gəlişi zamanı Si Cinpin ilə əl sıxışır.
Donald Tramp Pekindəki Xalq Yığıncaqları Sarayına gəlişi zamanı Si Cinpin ilə əl sıxışır.

Təhlilçi: Tramp-Si görüşü strateji rəqabəti zəiflətməyəcək

AzadlıqRadiosunun Çin üzrə müxbiri Reyd Stendişin yazdığına görə, nikbin açılış bəyanatlarına baxmayaraq, sammit ticarət, Tayvan, texnologiya, İran və Ukrayna kimi münaqişələr ətrafında getdikcə dərinləşən fikir ayrılıqları fonunda keçirilir. Təhlilçilər hesab edir ki, sammit simvolik jestlər və ya məhdud razılaşmalarla nəticələnsə belə, Vaşinqton ilə Pekin arasındakı strateji rəqabət mahiyyətcə zəifləməyəcək.

ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə keçmiş köməkçisi Daniel Rassell AzadlıqRadiosuna deyir: "İstənilən iddialı bəyanatlara baxmayaraq, uzunmüddətli istiqamət strateji rəqabət olaraq qalır. Əldə edilən nəticələrin əksəriyyəti məhdud və anlıq maraqlara əsaslanan müvəqqəti xarakter daşıyacaq, hər an yenidən qüvvədən düşə bilər".

Ticarət gərginliyi Trampın Pekin gündəliyinin mərkəzində dayanır. Si isə illərlə ziddiyyətlərin dərinləşməsinə baxmayaraq, Çini sabit və əməkdaşlığa açıq tərəfdaş kimi təqdim etməyə çalışır.

Rassell mövzunu belə şərh edir: "Tramp aralıq seçkilər ərəfəsində və ABŞ-nin İran münaqişəsinə cəlb olunduğu bir vaxtda sabitlik istəyir. O, həmçinin bunu böyük şəxsi diplomatik uğur kimi təqdim etmək niyyətindədir. Pekin isə daxili iqtisadi təzyiqləri idarə etməyə çalışdığı bir vaxtda xarici mühitin sabit qalmasında maraqlıdır. Böyük iddialı ritorika ilə bəzədilmiş məhdud və taktiki nəticələr gözləmək olar".

Tramp və Si ötən il Cənubi Koreyada görüş zamanı sürətlə artan ticarət mübahisəsini yumşaltmağa razılaşmışdı. Bundan əvvəl Pekin ABŞ tariflərinə cavab olaraq nadir torpaq elementlərinin ixracına geniş məhdudiyyətlər tətbiq edəcəyi ilə hədələmişdi. Çin həmin tədbirləri bir il müddətinə təxirə saldı. Bu müvəqqəti razılaşmanın uzadılıb-uzadılmayacağı sammitin əsas mövzularından biridir.

Bundan başqa, smartfonlardan tutmuş, qırıcı təyyarələrə qədər ən müxtəlif sahələrdə tətbiq olunan 17 mineraldan ibarət nadir torpaq elementləri Pekinin əlində mühüm təsir rıçaqına çevrilib. Qabaqcıl texnologiyalar və qlobal təchizat zəncirləri uğrunda rəqabətin kəskinləşdiyi bir dövrdə Çin bu elementlərin dünyadakı hasilat və emal gücünün böyük hissəsinə təkbaşına nəzarət edir.

Tayvan Sahil Mühafizə gəmisinin heyət üzvü adanın şərq sularında Çin sahil mühafizə gəmisini müşahidə edir.
Tayvan Sahil Mühafizə gəmisinin heyət üzvü adanın şərq sularında Çin sahil mühafizə gəmisini müşahidə edir.

Pekin Hind-Sakit okean regionunda ABŞ-ni geri oturtmağa çalışır – ekspert

"American Enterprise Institute"un eksperti İvon Çiu bildirib ki, Si Trampdan qabaqcıl texnologiyalara ixrac məhdudiyyətlərinin yumşaldılmasını istəyəcək və Vaşinqtonun Çin mallarına əlavə tariflər tətbiq etməyəcəyinə dair təminat almağa çalışacaq.

Təhlilçilərin fikrincə, Tayvan məsələsi də danışıqlarda əsas mövzulardan biri olacaq. Pekin üçün bu, ən həssas təhlükəsizlik məsələsidir. Çin özünü idarə edən adanı öz suveren ərazisi sayır və bildirir ki, lazım gəlsə, müharibə yolu ilə də olsa, onu materikə birləşdirəcək. Çin rəsmilərinin Trampa Birləşmiş Ştatların Taypeyə dəstəyini azaltması və adaya silah satışını məhdudlaşdırması üçün təzyiq göstərəcəyi gözlənilir.

"Si Cinpin istəyir ki, Tayvan məsələsində ya müəyyən güzəştlər qazansın, ya da Çinin adaya təzyiqi artıracağı halda Trampın necə davranacağına dair təminat alsın. Bunun arxasında Pekinin daha böyük strateji məqsədi dayanır – ABŞ-ni Hind-Sakit okean regionunda geri oturtmaq", - Çiu AzadlıqRadiosuna bildirib.

Tramp sammit öncəsi çıxışlarında diqqəti ticarət və investisiyalara yönəldib. Çinin ABŞ kənd təsərrüfatı məhsulları, təyyarələr və digər malların alışını artırması da razılaşdırıla bilər. ABŞ prezidentini səfərdə "Tesla"nın baş direktoru İlon Mask, "Nvidia"nın rəhbəri Censen Huanq və "Apple"ın baş direktoru Tim Kuk daxil olmaqla, bir sıra tanınmış biznes rəhbərləri müşayiət edir.

İrandakı müharibə və süni intellekt sahəsində rəqabətin də müzakirələrdə mühüm yer tutacağı gözlənilir. Tramp Vaşinqtondan yola düşməzdən əvvəl bildirib ki, səfər zamanı həbsdə olan Honqkonq media maqnatı Cimmi Leyin məsələsini də qaldırmağı planlaşdırır.

XS
SM
MD
LG