Keçid linkləri

2026, 13 May, çərşənbə, Bakı vaxtı 02:35

İki nəhəngin Pekin dueli: Geosiyasi düyünlər açılacaq?

Donald Tramp və Si Cinpin Cənubi Koreyanın Pusan şəhərində görüşdən sonra.
Donald Tramp və Si Cinpin Cənubi Koreyanın Pusan şəhərində görüşdən sonra.

Bu həftə ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Pekində görüşəcək. İki ölkə İran, Tayvan və kritik təchizat zəncirlərinə nəzarət məsələlərində gərgin manevrlər aparır, eyni zamanda kövrək də olsa, iqtisadi atəşkəs əldə etməyə çalışır.

Tramp sonuncu dəfə Çində 2017-ci ildə səfərdə olub. O, mayın 13-ü axşam Pekinə çatacaq, mayın 14-15-də isə Si ilə danışıqlar aparacaq və bir sıra tədbirlərə qatılacaq. Bu, iki liderin altı aydan artıq fasilədən sonra ilk üzbəüz görüşü olacaq. Tərəflər tariflər, mineral ixracına nəzarət və münasibətləri gərginləşdirən digər mübahisəli məsələləri sabitləşdirməyə çalışacaqlar.

Sammitdə ABŞ-nin soya ixracından tutmuş, Çinin Rusiya ilə münasibətlərinə qədər geniş spektrdə iqtisadi və geosiyasi məsələlər müzakirə olunacaq. İran müharibəsinin də gündəmin ön sıralarında olacağı gözlənilir.

ABŞ rəsmilərindən birinin sözlərinə görə, Tramp Pekinə təzyiq göstərərək müharibənin dayandırılması üçün Çin vasitəçiliyi istəyə bilər. Çin hazırda İran neftindən ucuz enerji mənbəyi kimi istifadə edir.

ABŞ rəsmiləri və analitiklərin fikrincə, Tramp və Si Böyük Xalq Zalında görüşəndə əsas diqqət ticarət gərginliyinin azaldılmasına yönələcək.

"Si ABŞ-nin Tayvana dəstəyini azaltmaq istəyir. Vaşinqtondan Tayvana silah satışlarını gecikdirməsi və ya məhdudlaşdırması üçün təzyiq göstərir. Pekin həmçinin qabaqcıl texnologiyalar üzrə ABŞ ixrac məhdudiyyətlərinin yumşaldılmasını və qlobal təchizat zəncirlərində mövqeyinin qorunmasını hədəfləyir", – Fransanın "Natixis" maliyyə şirkətinin Asiya-Sakit okean regionu üzrə baş iqtisadçısı Alisiya Qarsiya-Errero AzadlıqRadiosuna bildirib.

Ticarətdə atəşkəs istəyirlər?

Gözlənilir ki, tərəflər bir sıra yeni alış müqavilələri imzalasınlar – soya kimi kənd təsərrüfatı məhsullarından tutmuş, "Boeing" təyyarələrinə qədər. Qarşılıqlı ticarət və investisiyaları asanlaşdıracaq yeni platformaların yaradılması ilə bağlı danışıqlar da aparılacaq.

ABŞ-Çin qarşıdurmasında Azərbaycan kimin yanındadır?
Gözlə

No media source currently available

0:00 0:06:45 0:00

Tramp administrasiyası ikinci prezidentlik müddətinin başlanğıcında, 2024-cü ilin əvvəllərində Çinə qarşı yüksək tariflər tətbiq etmişdi. Sonradan ABŞ Ali Məhkəməsinin bəzi rüsumları məhdudlaşdırması və bəzilərini qanunsuz sayması ilə ticarət gərginliyi qismən azalmışdı.

Si və Tramp 2025-ci ilin oktyabrında Cənubi Koreyada keçirilən görüşdə gərginliyi azaltmaq barədə razılığa gəliblər. O vaxtdan bəzi ixrac məhdudiyyətləri və nadir torpaq metalları ilə bağlı qadağalar yumşaldılıb.

Təhlilçilərin qənaətinə görə, Pekin danışıqlarda mövqeyini gücləndirmək üçün güclü kozırdan – nadir torpaq metalları və kritik minerallardan istifadə edəcək. Çin smartfondan tutmuş, döyüş təyyarələrinə qədər bir çox strateji məhsulun istehsalı üçün vacib olan bu resurslar üzərində nəzarəti əlində saxlayır.

"ABŞ artıq başa düşür ki, Çinin istədiyi vaxt istifadə edə biləcəyi mühüm rıçaqları var. Çünki nadir torpaq metallarının hasilatı və emalında dominant mövqeyə malikdir", – Vaşinqtondakı "Center for American Progress" analitik mərkəzinin Çin siyasəti üzrə tədqiqatçısı Maykl Klark AzadlıqRadiosuna deyib.

Hazırda Çin qlobal nadir torpaq metalları hasilatının 70 faizdən çoxuna, onların emalının 90 faizə yaxınına və maqnit istehsalının 93 faizə qədərinə nəzarət edir.

Pekin 2025-ci ilin oktyabrında istənilən ölkəyə nadir torpaq metalları və ikili təyinatlı komponentlərin ixracını dayandırmağa imkan verən yeni hüquqi mexanizm tətbiq edib. Bu, müdafiə sənayesi üçün vacib olan yeddi nadir torpaq elementi üzrə məhdudiyyətləri daha da sərtləşdirib.

Cənubi Koreya görüşündə Vaşinqtonun bəzi tarifləri yumşaltması və Çinin ABŞ-dən soya idxalına yenidən başlaması qarşılığında nadir torpaq metalları ilə bağlı bəzi məhdudiyyətlər dayandırılıb.

Çin İrana gizlicə silah verir?
Gözlə

No media source currently available

0:00 0:05:59 0:00

Əsas məsələ İran müharibəsidir

AzadlıqRadiosunun jurnalistləri Reyd StendişKolin Hud yazır ki, İran müharibəsinin sammitə ciddi təsir göstərəcəyi gözlənilir.

Trampın Pekinə səfərindən bir həftə əvvəl Çin İranın xarici işlər nazirini qəbul edib. ABŞ Maliyyə Nazirliyi bu yaxınlarda İran neftini emal etdiklərinə görə Çinin beş özəl neft emalı şirkətinə — ən böyük zavodlarından birinə — sanksiya tətbiq edib. Pekin buna açıq şəkildə etiraz edərək şirkətlərə ABŞ sanksiyalarına məhəl qoymamağı tapşırıb. Hərçənd ölkənin maliyyə tənzimləyicisi qeyri-rəsmi qaydada iri dövlət banklarına qara siyahıya salınmış neftayırma zavodlarına yeni kreditlərin verilməsini dayandırmağı tövsiyə edib.

Çin və ABŞ-nin Hörmüz boğazının yenidən açılmasında həm iqtisadi, həm də strateji maraqları var. Təhlilçilərə görə, əsas sual Pekinin Tehrana təzyiq göstərməyə hazır olub-olmaması və bunun qarşılığında Vaşinqtondan nə tələb edəcəyidir.

M.Klark deyir: "Tramp Çinə çox dəyərli bir şey verməsə, Çin Hörmüz boğazının açılmasına kömək etməyəcək. Buraya süni intellekt çipləri, qabaqcıl çip istehsalı avadanlıqları və reaktiv mühərrik texnologiyalarına tətbiq edilən ixrac məhdudiyyətlərinin yumşaldılması daxil ola bilər".

Bəs Tayvan necə olacaq?

Pekin Tayvan məsələsində də güzəştlər istəyə bilər. Çin Tayvanı öz ərazisi hesab edir və lazım gələrsə, güclə onu materikə birləşdirəcəyini gizlətmir. Pekin həmçinin ABŞ-nin Tayvana silah satışlarından ciddi narahatdır. Vaşinqton dekabrda Tayvana rekord həcmdə — 11.1 milyard dollarlıq silah paketi təsdiqləyib. Bundan əlavə, dəyəri 14 milyard dolları keçə biləcək yeni bir yardım paketi üzərində də iş aparılır. Sammitin gedişatına xələl gətirməmək üçün bu barədə Konqresə rəsmi bildirişin qəsdən gecikdirildiyi bildirilir.

Tramp mayın 11-də jurnalistlərə bildirib ki, Si ilə görüşdə Tayvana silah satışı məsələsi də müzakirə olunacaq.

Harvard Universitetinin professoru Rana Mitterə görə, Çin sammitdə ABŞ-nin Tayvana dəstəyini fundamental problem saydığını açıq şəkildə nümayiş etdirmək istəyir: "Bu məsələdə Amerikanın mövqeyini dəyişdirməyə çalışmaq Pekinin əsas hədəfi olacaq və bu, İranla bağlı hər hansı mövzudan daha kəskin və qabarıq şəkildə ifadə edilə bilər".

Nüvə silahları, süni intellekt və Rusiya

Sammitin gündəliyinə süni intellekt, nüvə silahları və Çinin Ukrayna müharibəsində Rusiyaya dəstəyi məsələləri də daxildir. Lakin bu mövzuların nə dərəcədə müzakirə olunacağı hələlik aydın deyil.

Pekin nüvə silahları ilə bağlı danışıqlara açıq yanaşmır və bu məsələ ətrafında ciddi müzakirələrdən yayınmağa çalışa bilər. Tramp administrasiyasının rəsmiləri isə Çinin Rusiyaya maliyyə dəstəyini sammitdə gündəmə gətirməyi planlaşdırdıqlarını bildiriblər.

Bundan əlavə, qabaqcıl süni intellekt modellərinin istifadəsindən yarana biləcək risklərin qarşısını almaq üçün tərəflər arasında "kommunikasiya kanalı" yaradılması mümkündür.

XS
SM
MD
LG