ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında 30 günlük qeyd-şərtsiz atəşkəsə çağırış edib və atəşkəsə əməl edilmədiyi təqdirdə ABŞ və tərəfdaşlarının daha çox sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.
"Rusiya və Ukrayna ilə danışıqlar davam edir. ABŞ ideal olaraq 30 günlük qeyd-şərtsiz atəşkəsə çağırır", - Tramp mayın 8-də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışdıqdan qısa müddət sonra "Truth Social" platformasındakı paylaşımında bildirib.
Tramp deyib ki, "bütün bunlar çox sürətli şəkildə edilə bilər və əgər mənim xidmətlərimə ehtiyac olarsa, mən hər an hazır olacağam".
Trampın bu bəyanatı Ukrayna XİN rəhbərinin Rusiya tərəfindən elan edilmiş atəşkəsi "saxta" olaraq təkzib etməsindən sonra gəlib. Ukraynanın baş diplomatı Andriy Sibiqa bildirib ki, Rusiya qüvvələri 72 saatlıq atəşkəsin ilk günü cəbhə xəttində atəşkəsi dəfələrlə pozub.
Ukrayna parlamenti ölkənin ABŞ ilə razılaşmasını təsdiqləyib
Ukrayna parlamenti ABŞ-yə ölkənin mineral sərvətlərinə xüsusi çıxış hüququ verən razılaşmanı ratifikasiya edib.
Zelenski parlamentin ABŞ ilə imzalanmış İqtisadi Tərəfdaşlıq Sazişini ratifikasiya etməsini alqışlayıb və bunu "əməkdaşlıq üçün bir çox yeni imkanlar açan həqiqi tarixi sənəd" adlandırıb.
O, Trampla telefonla danışdığını və sülhə nail olmaq üçün davamlı səylərin, o cümlədən atıla biləcək konkret addımların zəruriliyini müzakirə etdiyini bildirib. Zelenski X sosial media şəbəkəsindəki paylaşımında deyib ki, "Tramp bu müharibənin bitməsini istədiyini, kömək etməyə hazır olduğunu və atəşkəs zərurətini dəstəklədiyini təsdiqləyib. Biz gələcək təmaslarımız haqqında razılığa gəldik".
Çin Rusiyanın yanındadır
Çin lideri Si Cinpin mayın 8-də Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Qərbin sanksiyaları fonunda Çin Rusiya iqtisadiyyatını saxlamağa və onun Ukraynaya qarşı müharibəsini maliyyələşdirməyə kömək edib, bu, Rusiya nefti və qazını alaraq həyata keçirilib.
Putin əsassız işğala bəraət qazandıran səbəblərdən biri kimi Ukrayna hökumətinin neonasist olması ilə bağlı yalan iddialardan istifadə edib.
"Çinli dostlarımızla birlikdə biz tarixi həqiqətin keşiyində möhkəm dayanırıq, müharibə illərində baş vermiş hadisələrin xatirəsini qoruyuruq. Neonasizmin və militarizmin müasir təzahürlərinə qarşıyıq", - Putin Si ilə görüşün açıq hissəsində deyib.
S.Cinpin isə Putinə bildirib ki, Pekin "birtərəflilik və hegemon zorakılıq" qarşısında Rusiya ilə yanaşı dayanır, bu, hər iki ölkənin ABŞ əleyhinə mövqeyinə istinad edir. O əlavə edib ki, "böyük dünya güclərinin öz xüsusi məsuliyyətlərini öhdəsinə götürmək üçün Çin Rusiya ilə işləyəcək".
S.Cinpin Putini "köhnə dost", Putin isə onu "əziz dost" adlandırıb.
Mayın 8-də Moskvada keçirilən görüşdən sonra Putin və Cinpin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair bəyanat imzalayıblar.
Bəyanatda həmçinin qeyd olunub ki, Moskva və Pekin hərbi əməkdaşlığı gücləndirməyə davam edəcək, "koordinasiyanı fəal şəkildə artıracaq və praktiki əməkdaşlığı dərinləşdirəcək".