ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, ABŞ ordusu İranı məhv etməyə "heç başlamayıb" və rejim "tez" hərəkətə keçməlidir. Bir aydan çoxdur ABŞ və İsrail İrana aviazərbələr endirir, Tehran isə cavabında İsraili, regiondakı hədəfləri vurur.
Tramp isə deyib ki, ABŞ hərbçiləri İranın qalan hissəsini dağıtmağa hələ tam başlamayıb. O, Tehran rejimini elektrik stansiyaları və körpülərə zərbələr endirməklə hədələyib.
"Bizim ordumuz, dünyada (indiyədək!) ən güclü və ən qüdrətli ordu İranda qalanları məhv etməyə hələ başlamayıb. Növbədə körpülər, sonra elektrik stansiyalarıdır! Yeni rejim rəhbərliyi nə etməli olduğunu bilir və bunu TEZ etməlidir!", – Tramp aprelin 2-də gecə "Truth Social" platformasında yazıb.
Bu açıqlamadan bir neçə saat öncə İran İsrailə və Körfəz ölkələrinə yeni raket və dron hücumları həyata keçirib. Tramp daha əvvəl Tehrana xəbərdarlıq edib ki, "nə qədər ki ölkədən heç nə qalmayıb razılaşma əldə etsin".
Tramp müharibə ilə bağlı ziddiyyətli mesajlar verməkdədir. O, aprelin 1-də televiziya çıxışında deyib ki, "ABŞ İranda işini bitirməyə yaxındır". Amma ABŞ qüvvələrinin daha iki-üç həftə ölkəyə "çox güclü" zərbələr endirəcəyini də bildirib.
O, çıxışında müharibəni İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün vacib adlandırıb.
İranda körpü vurulub
Tramp başqa bir paylaşımında Tehranla Əlburz vilayətindəki Kərəc şəhərini birləşdirən körpüyə ABŞ-nin zərbəsini alqışlayıb. İran mediası bunun Yaxın Şərqdə ən hündür körpü olduğunu yazır.
"İrandakı ən böyük körpü dağıldı, artıq heç vaxt istifadə edilməyəcək – davamı çox olacaq!", – o yazıb.
İran rəsmiləri körpüyə iki hücum nəticəsində 8 nəfərin həlak olduğunu, 95 nəfərin yaralandığını bildiriblər. Bu məlumatı müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf sosial şəbəkədə sərt mesaj paylaşıb: "İranlılar ölkələrini müdafiə etməkdən sadəcə danışmırlar, bundan ötrü üçün qan axıdırlar. Bunu əvvəllər etmişik, yenə etməyə hazırıq... Gəlin!".
İran ordusunun sözçüsü isə "daha geniş və daha dağıdıcı" hücumlar barədə xəbərdarlıq edib.
İsrailə raket hücumları davam edir
İsrail ordusu aprelin 3-ü səhər bildirib ki, İrandan atılan raketlərin qarşısını almaq üçün havadan müdafiə sistemləri işə düşüb.
İsrailin Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, İran İsrailə doğru raketlər buraxıb, "təhlükənin qarşısını almaq üçün müdafiə sistemləri fəaliyyət göstərir". İtkin, yaxud zərərlə bağlı məlumat verilməyib.
Küveyt də hava müdafiə sistemlərinin raket və dron hücumlarının qarşısını aldığını bildirib.
İran ABŞ-nin Körfəzdəki ərəb müttəfiqlərinə zərbələr endirməyə davam edir.
ABŞ ordusunun baş qərargah rəisi dəyişdirilib
Bu hücumlar fonunda ABŞ ordusunun Baş Qərargah rəisi general Rendi Corc istefaya göndərilib.
Bu addımın İran müharibəsi ilə bağlı olub-olmadığı bəlli deyil. Bu arada Trampın tənqidçiləri münaqişənin nəzarətdən çıxmasından, ABŞ və dünyada enerji böhranı, iqtisadi çətinliklər yaratmasından gileylənilər.
Baş qərargah rəisinin istefaya göndərilməsi müharibə vaxtı misli görünməmiş bir addımdır.
ABŞ mediası adını çəkmədiyi rəsmilərə istinadla yazır ki, müdafiə naziri Pit Heqset Corcu ona görə vəzifədən uzaqlaşdırıb ki, ABŞ ordusu üçün Trampın və özünün baxışlarını gerçəkləşdirəcək yeni rəhbər istəyir.
Hörmüzdə güc tətbiqi üçün BMT-nin razılığını istəyirlər
BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdə "ölüm və dağıntı spiralı"na son qoymağa çağırıb.
"Yaxın Şərqi bütünlükdə əhatə edəcək geniş müharibənin astanasındayıq, bunun qlobal təsirləri olacaq", – Quterreş Nyu-Yorkda jurnalistlərə deyib. O, İranın faktiki bağladığı Hörmüz boğazındakı vəziyyətin təhlükəli olduğunu vurğulayıb: "Hörmüz boğazı sıxıldıqda dünyanın ən yoxsul və ən həssas insanları nəfəs ala bilmir".
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casem bin Məhəmməd Əl-Budayvi boğazı qorumaq üçün "müdafiə xarakterli" güc tətbiqinə BMT-nin razılıq verməsini istəyib. O bildirib ki, İran boğazı bağlayıb, ticarət gəmilərinin və neft tankerlərinin keçidinə mane olub, bəzilərinin keçməsi üçün öz şərtlərini diktə edib.
Şuraya Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Küveyt və Oman daxildir.
Əl-Budayvi BMT Təhlükəsizlik Şurasını beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etməyə çağırıb.
Bəhreynin bu məqsədlə hazırladığı qətnamə layihəsində ölkələrə boğazdan azad keçidin təmin olunması üçün "müdafiə xarakterli" gücdən istifadəyə icazə verilməsi nəzərdə tutulub. ABŞ bu addımı dəstəkləsə də, Təhlükəsizlik Şurasının bəzi üzvləri, o cümlədən Çin buna qarşı çıxır.
"Güc tətbiqi sülh gətirməz. Siyasi həll əsas yoldur", – Çinin BMT-dəki səfiri Fu Sun bildirib.
Qətnamə üzrə səsvermə aprelin 3-nə planlaşdırılmışdı. Amma Pasxa bayramına görə təxirə salınıb, yeni tarix hələ müəyyən edilməyib.