Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 19:08

Ağ ev: İranın nə vaxt təslim olacağını Tramp müəyyən edəcək

Tehranda neft müəssisəsi vurulub
Tehranda neft müəssisəsi vurulub

ABŞ-İsrail bombardmanı qarşısında İranın "qeyd-şərtsiz" təslim olmasının nədən ibarət olduğunu ABŞ prezidenti Donald Tramp müəyyən edəcək. Bunu Ağ ev müharibənin nə qədər çəkəcəyi ilə bağlı suallar fonunda martın 10-da bildirib.

Bundan öncə ABŞ-nin müdafiə naziri Pit Heqset martın 10-nun İrana zərbələrin ən intensiv günü olacağı ilə bağlı xəbərdarlıq etmişdi. Tramp isə daha öncə hava zərbələrinin "çox tezliklə" başa çatacağını demişdi.

"Əməliyyatlar o zaman başa çatacaq ki..."

"Əməliyyatlar o zaman başa çatacaq ki, baş komandan hərbi məqsədlərə çatıldığını, onların tam reallaşdığını, İranın tam və qeyd-şərtsiz təslim olduğunu müəyyən etsin", – Ağ evin sözçüsü Kerolayn Livitt jurnalistlərə bildirib.

Tramp martın 7-də özünün "Truth Social" platformasında yazıb ki, "İran QEYD-ŞƏRTSİZ TƏSLİM OLMASA, onunla başqa heç bir razılaşma olmayacaq!".

"Tramp İran rejiminin çıxıb bunu özü deyəcəyini iddia etmir", – Livitt deyib. Onun sözlərinə görə, "İran artıq ABŞ və müttəfiqlərinə birbaşa və real təhlükə yaratmayanda prezident onun qeyd-şərtsiz təslim olduğunu müəyyən edəcək".

Martın 9-da mətbuat konfransında Tramp müharibənin tezliklə bitəcəyini demişdi. Bu açıqlama maliyyə bazarlarını rahatladıb, neft bir gün öncə ilə müqayisədə kəskin düşüb.

10 mart zərbələri

Martın 10-u sosial mediada yayılan xəbərlərdə İrana hücumların daha intensiv və daha irimiqyaslı olduğu bildirilib. Tehran, Kərəc, İsfahan, Zəncan, Təbriz, Ərak, Şahinşəhr, Buşəhr, Bəndər Ləngəh və Qeşm şəhərlərində partlayışlar baş verib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı gündəlik hava hücumları başladıb. Tehran buna Körfəz bölgəsinə dronlar və ballistik raketlər buraxmaqla cavab verib. Daha geniş müharibə qorxusu səbəbindən neftin bir barelinin qiyməti 100 dolları keçib.

Heqset martın 10-da deyib ki, İranın cavab zərbələri azalır. Birləşmiş Qərargahlar rəisi, general Den Keyn bildirib ki, ABŞ müharibənin ilk 10 günündə azı 5 min hədəfi vurub, buraya 50-dən çox donanma gəmisi də daxildir.

HRANA insan haqları qrupunun məlumatına görə, ABŞ-İsrail birgə hücumlara başlayandan İranda hərbçilər daxil, azı 1700 nəfər ölüb.

XS
SM
MD
LG