Keçid linkləri

2026, 10 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Avstraliya İran futbolçularına humanitar vizalar verir

İranın qadınlardan ibarət milli futbol komandası Avstraliyada
İranın qadınlardan ibarət milli futbol komandası Avstraliyada

Avstraliyanın daxili işlər naziri İranın qadın futbol yığmasının beş üzvünə humanitar vizalar verildiyini bildirib.

"Avstraliyalılar bu cəsur qadınların durumundan təsirləniblər", – Avstraliyanın baş naziri Entoni Albaneze martın 10-da Kanberrada mətbuat konfransında deyib.

"Onlar burada təhlükəsizdirlər, özlərini evlərindəki kimi hiss etməlidirlər", – o əlavə edib.

ABŞ prezidenti Donald Tramp Albanezeni qadınların qalmasına icazə verdiyinə görə tərifləyib. O, sosial mediada yazıb ki, Avstraliya onları qəbul etməsəydi, ABŞ buna hazır idi.

Avstraliya rəsmiləri futbolçuların adlarını açıqlayıb, onların gizli bir məkanda polis qoruması altında qaldığını bildirib.

Albaneze hazırda Avstraliyada olan digər futbolçulara oxşar kömək göstərməyin mümkünlüyünü vurğulayıb, özlərinin seçimlə bağlı qərar verməli olduğunu deyib.

Televiziya kadrlarında digər iranlı oyunçuların qaldıqları oteldən avtobusla çıxdıqları görünüb. Avtobusda hansı oyunçuların olduğu, haraya getdikləri bəlli deyil.

Daxili işlər naziri Toni Börk isə X hesabında viza almış beş futbolçu ilə birgə fotosunu paylaşıb.

Ötən həftə İran komandası Avstraliyada Asiya Kuboku matçında dövlət himnini oxumaqdan imtina etmişdi. Bu, ABŞ və İsrailin İrana hava zərbələri və ali dini lider Əli Xameneinin öldürülməsi fonunda baş verib. İranın dövlət televiziyası onları "müharibə satqınları" adlandırıb. Ancaq ikinci yarışda komanda himni oxuyub. İnsan haqları müdafiəçiləri onların buna məcbur edilməsindən əndişələnib.

Komanda bazar günü Filippinə 2-0 uduzandan sonra yarışda iştirakını başa vurub. Bundan sonra azarkeşlər, dövlət qurumları onların durumu ilə bağlı narahatlıq bildirib.

XS
SM
MD
LG