Keçid linkləri

2026, 03 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:37

Fərid İsmayılov: 'Umbakı İstintaq Təcridxanasında insanlıq əleyhinə cinayətlər törədilir'

Fərid İsmayılov
Fərid İsmayılov

"ToplumTV işi" üzrə 12 ildən 15 ilədək həbs cəzası almış doqquz jurnalist və ictimai-siyasi fəalın apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir. Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı olmadığı və hökm qüvvəyə minmədiyi üçün onlar hələ cəzaçəkmə müəssisəsinə köçürülməyiblər.

ToplumTV-nin həbsdə olan jurnalistlərindən Fərid İsmayılov noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində bildirib ki, saxlandıqları Umbakı İstintaq Təcridxanasında (Penitensiar Müəssisədə) insanlıq əleyhinə cinayətlər törədilir. O, ayrı-ayrı məhbusların başına gələnlər, o cümlədən ictimai fəal Nicat İbrahimə verilən işgəncələr barədə bunları deyib: "Rəis Nicat İbrahimi öz iş otağında döydürüb, onun qanı yerə yayılıb. Qan içində olan Nicatı yerdə sürüyə-sürüyə, qanını öz paltarları ilə siliblər".

F.İsmayılov vurğulayıb ki, hökumət bu cür həqiqətləri yazmaqla və çəkməklə ictimaiyyətə çatdıra bilməməsi üçün onu iki ildir girov saxlayır. O əlavə edib ki, məhkəməyə qatılmaq niyyəti yoxdur, sadəcə olaraq, fikirlərini çatdırmaq üçün gəlib: "Bu məhkəmə şoudan, teatrdan başqa bir şey deyil. Sözümü deyib zalı tərk edirəm, çünki sizləri məhkəmə hesab etmirəm".

Daha sonra jurnalist məhkəmə zalından çıxarılıb.

"İlham Əliyev nə sifariş veribsə, onu da yerinə yetirəcəksiniz"

III Respublika Platformasının spikeri və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov da məhkəmədə iştirak etmək istəmədiklərini diqqətə çatdırıb.

"Onsuz da İlham Əliyev nə sifariş veribsə, onu da yerinə yetirəcəksiniz, şou göstərməyə nə ehtiyac var? Əliyev hakimiyyətinin iflasa uğradığı bir vaxtda qəddarlıqlarını daha da artırıblar", - A.Qurbanov bildirib.

Məhkəmə prosesinə sədrlik edən hakim Zəfər Əhmədov təqsirləndirilən şəxslərin məhkəmənin qərəzli aparılması ilə bağlı iddialarına cavab verməyib. O, vəkillərin prosesdə tam şəkildə iştirak etməməsini əsas gətirərək məhkəmə iclasının təxirə salınmasına qərar verib.

Umbakı Penitensiar Müəssisəsində məhbuslara işgəncə verilməsi barədə F.İsmayılovun səsləndirdiyi iddialarla bağlı Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Qurum bundan əvvəlki açıqlamalarında işgəncə iddialarını rədd edib, təcridxana və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin qanuni hüquqlarının tam qorunduğunu bildirib.

Nicat İbrahim
Nicat İbrahim

N.İbrahim 2024-cü ilin sentyabrından həbsdədir. O, başqasına bıçaqla xəsarət yetirmə ittihamı ilə 6 il 6 ay azadlıqdan məhrum edilib. Özü isə şərləndiyini bildirir. Bu ilin yayında onun saxlanma rejimi sərtləşdirilib. Nərimanov rayon Məhkəməsinin qərarına əsasən, o, 6 aylıq həbsxana rejiminə köçürülməlidir. Bundan sonra ictimai fəalın həbsxanada özünə xəsarət yetirməsi barədə məlumatlar yayılıb.

Xatırlatma

"ToplumTV işi" üzrə həbslər 2024-cü il martın 6-dan başlayıb. Həmin gün həm ToplumTV-nin, həm də Demokratik Təşəbbüslər İnstitutunun ofisində, eləcə də əməkdaşların evlərində axtarışlar aparılıb.

Bu cinayət işi üzrə həbs olunan doqquz jurnalist və ictimai-siyasi fəala ümumilikdə 121 il həbs cəzası kəsilib. Hökmə əsasən, III Respublika Platformasının qurucuları Akif Qurbanov və Ruslan İzzətlinin hər biri 15 il, Ələsgər Məmmədli və Əli Zeynalov 14 il, Müşfiq Cabbarov, Ramil Babayev və İlkin Əmrahovun hər biri 13 il, Fərid İsmayılov və Elmir Abbasov isə 12 il azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma və digər maddələrlə ittihamlar verilib.

Onların heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Yerli hüquq müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 322 (digər məlumatlara görə 328) siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə və ya siyasi səbəblərlə həbs edilmədiyini vurğulayırlar. Onlar iddia edirlər ki, həmin siyahılarda yer alan şəxslər törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.

​
XS
SM
MD
LG