MeydanTV-nin həbsdə olan baş redaktoru Aynur Qənbərovanın (Elgünəş) vəkili bildirir ki, müvəkkilinin sağlıq durumu günü-gündən pisləşir. Həkimlərin tövsiyə etdiyi böyrək əməliyyatının və müalicəsinin gecikməsi onun həyatını təhlükə altında qoyur. Vəkil Zibeydə Sadıqova noyabrın 2-də məhkəmədə A.Elgünəşin ev dustaqlığına buraxılması barədə vəsatətini əsaslandırarkən bu barədə danışıb.
"MeydanTV işi" üzrə həbs olunan 12 nəfərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
"Həmin şəxs istintaqdan yayınmışdı"
Vəkil vurğulayıb ki, A.Elgünəş təcili böyrək əməliyyatı olunmalıdır. Bundan başqa, onun müxtəlif orqanlarında şişlər yarandığı üçün təcili müayinələrə ehtiyac var. Müvəkkilinin indiyədək 17 dəfə cərrahiyyə əməliyyatı keçirdiyini deyən müdafiəçi məhkəmənin bir həftə öncə A.Elgünəşin ev dustaqlığına buraxılması barədə vəsatəti rədd etdiyini də yada salıb.
Z.Sadıqova xatırladıb ki, A.Elgünəşi ev dustaqlığına buraxmaqdan imtina edən hakimlərdən biri – Azər Tağıyevin icraatında olan başqa bir işdə siqaret qaçaqmalçılığında ittiham olunan şəxs ev dustaqlığına buraxılıb. Vəkilin sözlərinə görə, Aynurdan fərqli olaraq, həmin şəxs istintaqdan yayınmışdı və onu xarici ölkədə tutaraq gətirmişdilər.
"Aynurun vəziyyəti ilə bağlı bütün sənədlər həm Penitensiar Xidmətə, həm də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təqdim olunub. Müayinə Gömrük Hospitalında aparılmalıdır. Amma gecikdirilir, indi də deyirlər ki, Gömrük Komitəsinin icazəsi lazımdır", - vəkil əlavə edib.
Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasında A.Elgünəşin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətin müzakirəsi yarım saatdan çox davam edib. Müşavirənin yekununda vəsatət yenə rədd edilib.
Vəkil də müvəkkili ilə görüşə bilmədiyini deyir
Digər vəkil Rövşanə Rəhimli isə jurnalist Nurlan Qəhrəmanlının (Libre) müdafiə hüququnun pozulması ilə bağlı ötən məhkəmə iclasında səsləndirdiyi iddiaların araşdırılmasını istəyib. N.Libre bildirmişdi ki, oktyabrın 19-da Bakı İstintaq Təcridxanasında (BİT) onun saxlandığı kamerada axtarış aparılarkən bütün sənədləri əlindən alınıb, özü döyülüb, əsassız yerə cəzalandırılaraq üç gün cərimə kamerasında (kars) saxlanılıb və vəkili ilə görüşməsinə imkan verilməyib.
Noyabrın 2-də məhkəmədə məlum olub ki, istintaq təcridxanasının rəisi Elnur İsmayılov məhkəmənin bu məsələ ilə bağlı sorğusuna cavab məktubu göndərib. Məktubda N.Qəhrəmanlının daxili intizam qaydalarını pozduğuna görə karsa salındığı vurğulanıb və onun vəkili ilə görüşünə əngəl yaradılması barədə dedikləri təkzib edilib.
Vəkil R.Rəhimli də həmin günlərdə müvəkkili ilə görüşə bilmədiyini deyir və bu məsələnin araşdırılması üçün təcridxanadan kamera görüntülərinin alınması barədə vəsatət qaldırıb. Hakimlər bu məsələ ilə əlaqədar istintaq təcridxanasına sorğu göndərilməsinə razılıq verib.
MeydanTV ilə bağlı cinayət işi materiallarının bir hissəsi Bakı Jurnalistika Məktəbinə aiddir. Noyabrın 2-də məhkəmədə Bakı Jurnalistika Məktəbinin icarə əsasında yerləşdiyi əmlakın sahibi dindirilib. O, Yasamal rayonu ərazisində yerləşən əmlakını uzun illərdir icarəyə verdiyini və əlavə heç bir məlumata malik olmadığını bildirib.
Noyabrın 30-da keçiriləcək növbəti məhkəmə iclasında başqa şahidlər də ifadə verəcək.
Xatırlatma
MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova, Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə 2024-cü il dekabrın 6-dan həbsdədir. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.
Bu cinayət işi üzrə 2025-ci ilin fevralında daha üç jurnalist – Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı və Fatimə Mövlamlı saxlanılıb.
Mayda jurnalist Ülviyyə Quliyeva, avqustda isə fotojurnalist Əhməd Muxtarov da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs edilib.
Onlara qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər ittihamlar irəli sürülüb. Jurnalistlərin qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirdikləri iddia olunur.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında "AbzasMedia" və ToplumTV-nin də çox sayda əməkdaşı var.
"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 7 il 6 aydan 9 ilədək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır və o, 9 il azadlıqdan məhrum edilib.
"ToplumTV işi" üzrə məhkəmə prosesi iyulun sonunda yekunlaşıb və doqquz nəfərə ümumilikdə 121 il (12 ildən 15 ilədək) həbs cəzası kəsilib.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil olmaqla, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə və məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Rəsmilər isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını vurğulayırlar. Onlar jurnalistlərin məhz törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduqlarını iddia edirlər.