Keçid linkləri

2026, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:07

MeydanTV işi: 'Təbrik edirəm, Əliyevin şərlədiyi adamların üzünə durduğunuza görə medal almısınız'

MeydanTV məhkəməsi bərpa olundu: Şəmşad Ağa 'saxta iş' dedi, mikrofon söndü
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

MeydanTV məhkəməsi bərpa olundu: Şəmşad Ağa 'saxta iş' dedi, mikrofon söndü

“Meydan TV” işi üzrə həbsdə olan jurnalistlərdən “arqument.az” saytının təsisçisi və baş redaktoru Şəmşad Ağa (Ağayev) deyir ki, həbsindən öncə ona hökumətlə əməkdaşlıq təklif olunmuşdu. İmtina edəndən bir müddət sonra ona həbs olunacağı haqda mesaj göndərilmişdi. Bu üzdən həbs olunacağını öncədən bilirdi.

İl yarımdan çoxdur “Meydan TV” işi üzrə həbsdə olan Ş.Ağa bu barədə sentyabrın 28-də məhkəmədə ifadə verərkən danışıb. O da daxil olmaqla, “Meydan TV” işi üzrə həbsdə olan 12 jurnalistin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyilə baxılır.

Təqsirləndirilən 12 nəfərdən 11-i öncəki məhkəmə iclaslarında dindirilib, yalnız Ş.Ağa qalmışdı.

O, ifadəsində “AbzasMedia”, “Toplum TV” və “Meydan TV” əməkdaşlarının kütləvi həbsindən danışarkən vurğulayıb ki, adları çəkilən media orqanları Azərbaycanda söz və ifadə azadlığının sonuncu səngərlərindəndir:

“Azərbaycan hakimiyyəti milyonlar xərcləsə də, indiyə qədər adını çəkdiyim media quruluşları kimi xalqın etimad etdiyi media orqanları yarada bilmədi. Çünki azadlıq vermədən güclü media orqanı yaratmaq mümkün deyil”.

“Şəxsən İlham Əliyevin verdiyi qəddar siyasi qərarla üzləşdim”

Ş.Ağa tutulduğu gün başına gələnlərdən danışıb. O bildirib ki, saxlandıqdan sonra zorakılığa məruz qalıb, gecə saat 3-4 radələrində evində axtarış aparılanda onu məktəbli qızını və qardaşını da tutub polis idarəsinə aparmaqla hədələyiblər. Bu üsullarla ondan telefonunun şifrəsini almağa çalışıblar.

“Fevralın 6-da məhkəməyə çıxarılıb, ədalətsiz və şəxsən (prezident) İlham Əliyevin verdiyi qəddar siyasi qərarla üzləşdim. Tarix üçün deyim kimi, bu ölkədə verilən bütün ədalətsiz siyasi qərarlar şəxsən İlham Əliyevin adı ilə bağlıdır”, – jurnalist ifadəsində bildirib.

Ş.Ağa əlavə edib ki, hazırkı məhkəmə prosesində hər iclasda vəsatətlər verirlər, qanun pozuntularını sadalayırlar, amma heç biri nəzərə alınmır. Onun sözlərinə görə, bütün bunlar təsdiqləyir ki, bu işin müstəntiqi də, prokuroru da, hakimi də İlham Əliyevdir. Jurnalist vurğulayıb ki, siyasi iradənin hüquqdan üstün olduğu ölkədə ədalətli mühakimədən danışmaq gülüncdür.

Prezident İlham Əliyev isə təxminən iki il əvvəl jurnalistlərin həbsi ilə bağlı suala cavabında Azərbaycanda heç bir senzura olmadığını, yüzlərlə media orqanının fəaliyyət göstərdiyini demişdi. "Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanıb, bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb”, – dövlət başçısı vurğulamışdı.

Xəyalə Ağayeva prokuroru təbrik edib

Ş.Ağa ifadəsindən sonra sualları cavablandırıb. Bu zaman “Meydan TV”nin əməkdaşlarından Xəyalə Ağayeva onların məhkəməsində dövlət ittihamını müdafiə edən prokuror Vüsal Abdullayevi təbrik edib.

“İlham Əliyevin şərlədiyi adamların üzünə durduğunuza görə medal almısınız. Sizi təbrik edirəm!”, - Ağayeva prokurora belə deyib.

Prokuror V.Abdullayev jurnalistin dediklərinə cavab verməyib.

Prezident İlham Əliyev sentyabrın 28-də Respublika Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 4 nəfərə “Tərəqqi” medalı verilib. Daha 18 nəfər isə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib. 18 nəfərdən biri də “Meydan TV” işindəki prokuror V.Abdullayevdir.

Ş.Ağanın ifadəsilə “Meydan TV” işi üzrə təqsirləndirilən jurnalistlərin dindirməsi yekunlaşıb. Oktyabrın 12-də keçiriləcək növbəti məhkəmə iclasında şahidlərin dindirməsi başlayacaq.

Xatırlatma

“MeydanTV”nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova, Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-dan həbsdədir. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.

Bu cinayət işi üzrə 2025-ci ilin fevralında daha üç jurnalist saxlanılıb - Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı.

Mayda jurnalist Ülviyyə Quliyeva, avqustda foto-jurnalist Əhməd Muxtarov da “Meydan TV” ilə bağlı cinayət işi üzrə həbs olunub.

Onlara qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və başqa ittihamlar verilib. İddia olunur ki, jurnalistlər qaçaqmalçılıq yoluyla xaricdən valyuta gətiriblər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında “AbzasMedia” və “Toplum TV”nin xeyli əməkdaşı da var.

“AbzasMedia işi” üzrə təqsirləndirilən 7 jurnalistə 9 ildən 7 il 6 ayadək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.

“Toplum TV” işi üzrə məhkəmə prosesi iyulun sonunda yekunlaşıb və 9 nəfərə 12 ildən 15 ilədək (ümumilikdə 121 il) həbs cəzası kəsilib.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil olmaqla, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur. İddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.

​
XS
SM
MD
LG