Bugünlərdə cəzası ağırlaşdırılan ictimai fəal Nicat İbrahimin saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində özünə xəsarət yetirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən həyat yoldaşı Pərvin İbrahimli bildirib ki, hadisədən ötən həftəsonu telefonla danışanda xəbər tutub:
“17 gün idi ki, Nicatdan xəbər yox idi, nigaran qalmışdım. Bilirdim ki, nəsə baş verib. 17 gün sonra zəng eləyəndə məlum oldu ki, cəzaçəkmə müəssisəsində ona qarşı davranışa etiraz olaraq, qulaq və boğaz nahiyəsindən özünə xəsarət yetirib, vəziyyəti yaxşı deyil, ona görə zəng eləmirmiş”.
Həyat yoldaşı deyir ki, cəzaçəkmə müəssisəsində əməliyyatçı N.İbrahimin ürəyinin ağrıdığını bilə-bilə ürək nahiyəsinə yumruqla vurub. Onun sözlərinə görə, insidentə Nicatın tələb olunan izahatı yazmaqdan imtina etməsi səbəb olub.
“Anlaya bilmirik ki, Nicatdan nə istəyirlər, nə veriblər, ala bilmirlər. Başa düşdük, şərləyib həbs eləmisiniz, orada da cəzasını rahat çəkməyə qoymurlar. Cəza rejimini sərtləşdirdilər, yenə əl çəkmirlər. Bunun adı artıq zalımlıq da deyil. İnsanlıqdan kənar hərəkətlərdir. Nicatın həyatı ilə oynayırlar”, - P.İbrahimlinin sözləridir.
Bir müddət əvvəl Nərimanov Rayon Məhkəməsinin qərarı ilə N.İbrahimin saxlanma rejimi sərtləşdirilib. Qərara əsasən, o, 6 aylıq həbsxana rejiminə köçürülülməlidir.
İctimai fəalın vəkili Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, bu qərardan apellyasiya şikayəti verib. Şikayətə yaxın günlərdə baxılacaq.
N.İbrahimin durumu, 10 saylı cəzaçəkmə müəssisəsində ona qarşı baş verənlər barədə həyat yoldaşının dediklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna öncəki açıqlamalarda bir qayda olaraq bildirilib ki, penitensiar müəssisələrdə saxlanılan məhkumların qanunda nəzərdə tutulan bütün hüquqları təmin olunur. Məhkumlara qarşı işgəncə, pis rəftar halları ilə bağlı iddialar isə təkzib olunub.
Həbsxana rejimində qaydalar daha sərtdir. Məhkumların il ərzində 4 qısamüddətli və iki uzunmüddətli görüş almaq hüquqları var.
Xatırlatma
Nicat İbrahim 2024-cü il sentyabrın 9-dan həbsdədir. Bəhmən Əliyev adlı şəxsi bıçaqlamaqda ittiham olunan ictimai fəal 6 il 6 ay azadlıqdan məhrum edilib.
İctimai fəal heç kimi bıçaqlamadığını, dayandığı yerdə tanımadığı birinin hücumuna məruz qaldığını və həmin şəxsin özünü yerə yıxıb qışqırdığını, ardından polislərin gəldiyini bildirib.
N.İbrahim həbsindən bir həftə öncə ailəsiylə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb. Onun fikrincə, ölkədən buraxılmayınca, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək nazirliyin qarşısında özünə qəsd edəcəyini dediyinə görə cəzalandırılıb.
İctimai fəal 2020-ci ilin iyulunda – Prezident Administrasiyasının qarşısında “İlham Əliyevə istefa” tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. N.İbrahim o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi. O, bir neçə il öncə ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.
Son illərdə bir neçə ictimai-siyasi fəal küçədə başqasına bıçaqla xəsarət yetirmə ittihamı ilə həbs olunub. Onlar özlərini təqsirli bilmir, ümumiyyətlə, heç kimi bıçaqlamadıqlarını, şərlənib həbs olunduqlarını bildirirlər.
Eyni zamanda, cəzaçəkmə müəssisələrində saxlanılan fəalların bir çoxunun cəza rejimi sonradan sərtləşdirilir, onlar müxtəlif müddətlərə qapalı həbsxana rejiminə göndərilir. İctimai-siyasi fəallar bunu həbsdə əlavə təzyiq kimi dəyərləndirirlər.
Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 nəfər siyasi məhbus var.
Rəsmilər isə ölkədə heç kimin peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs olunmadığını iddia edir. Onlar bildirir ki, həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.