Bakıda hökumətyönlü media əməkdaşlarının çəkiliş zamanı fiziki zorakılıqla üzləşməsinə rəsmi qurumların dərhal reaksiya verərək cinayət işi başlatması sual doğurur: eyni hüquqi həssaslıq müstəqil jurnalistlərə də şamil olunurmu? Həm də azı 20 jurnalistin müxtəlif iqtisadi ittihamlarla həbsdə olduğu bir vaxtda.
İlk insident oktyabrın 28-də paytaxt Bakının Yasamal rayonundakı məktəblərin birində şagird ölümü ilə nəticələnən faciə işıqlandırılarkən yaşanıb. Hadisə yerindən xəbər hazırlayan "REAL TV" və "SpaceTV" əməkdaşlarına hücum edildiyi, bəzi işçilərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Növbəti insident oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda baş verib. Obyektlərin birində yanğını lentə alan "APA TV"nin müxbiri fiziki təzyiqlə üzləşib. Daxili İşlər Nazirliyi (DİN) zavodda mühafizəçi işləyən şəxsin jurnalistə müxtəlif dərəcəli xəsarətlər yetirdiyini, həmin şəxsin saxlanılaraq barəsində cinayət işi açıldığını bəyan edib.
Hər iki insidentdən yayılan kadrlarda zorakılıq əlamətləri açıq görünsə də, AzadlıqRadiosu hadisələrin detallarını müstəqil mənbələrdən təsdiqlədə bilməyib.
Mətbuat Şurası insidentləri pisləyərək araşdırma aparılmasının vacibliyini vurğulayıb.
Media və Yayım Şurası da jurnalistlərin hadisə yerlərində çəkiliş apararkən fiziki müdaxiləyə məruz qalması ilə bağlı bəyanat yayıb. Qurum media nümayəndələrinin fəaliyyətinə hörmətlə yanaşmağa çağırıb.
DİN isə hər iki insidentlə bağlı cinayət işinin açıldığını bildirib.
Həbsdə zorakılıq görən jurnalistlər
Jurnalistlərə qarşı fiziki zorakılıq halları Azərbaycanda yeni deyil və beynəlxalq hesabatlarda da mütəmadi olaraq diqqət mərkəzinə gətirilir. Jurnalist və siyasi şərhçi Alya Yaqublu AzadlıqRadiosuna müstəqil media nümayəndələrinin illərlə peşə fəaliyyətlərini yerinə yetirərkən zorakılıq halları ilə üzləşdiyini deyir.
"Mən elə bir hal xatırlamıram ki, müstəqil mətbuatda çalışan hər hansı bir jurnalistə qarşı törədilən zorakılıq, təzyiq və ya təhdid hakimiyyət tərəfindən araşdırılsın", – A.Yaqublu bildirir.
Londonda yerləşən "Justice for Journalists" (Jurnalistlər üçün Ədalət) Fondunun 2025-ci il üzrə hesabatına əsasən, ötən il Azərbaycanda media nümayəndələrinə qarşı azı 20 fiziki zorakılıq faktı sənədləşdirilib. Bu göstərici bir il öncəki 12 insidentlə müqayisədə təxminən iki dəfə çoxdur. Hesabatda vurğulanan əsas məqam isə zorakılığın coğrafiyasındakı dəyişiklikdir. Əgər əvvəlki illərdə media nümayəndələri əsasən küçədə, hadisə yerində və ya etiraz aksiyalarını lentə alarkən fiziki təzyiqlə üzləşirdilərsə, ötən il zorakılıq birbaşa dövlət nəzarətində olan qapalı məkanlara – istintaq təcridxanalarına, həbsxana kameralarına və polis idarələrinə daşınıb.
Hesabatda "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı və jurnalist Nərgiz Absalamovanın həbsdə mühafizəçilərin fiziki müdaxilə və təhqirləri ilə üzləşməsi, bloqer Rəşad Ramazanovun saxlanma şəraitinə etiraz etdikdən sonra döyülməsi, Məhəmməd Kekalovun isə vəkilləri ilə əlaqə saxlamaq istəyərkən zorakılığa məruz qalması barədə şikayətlər yer alıb. Sənəddə həmçinin ToplumTV-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədli, jurnalist Fərid İsmayılov, xeberman.com-un baş redaktoru Polad Aslanov və meclis.info-nun rəhbəri İmran Əliyevin ciddi sağlamlıq problemləri yaşadıqları halda lazımi tibbi yardımla təmin olunmamaları da zorakılıq kimi təsnif edilib.
Müstəqil hüquq müdafiəçiləri bildirirlər ki, həbsxanalarda və qapalı müəssisələrdə baş verən zorakılıq hallarının əksəriyyəti araşdırılmayıb. Şikayətlərin səsləndirildiyi vaxtlarda isə nə Mətbuat Şurası, nə də digər rəsmi qurumlar kəskin etiraz bəyanatı yayıb.
Jurnalist A.Yaqublu hesab edir ki, hakimiyyətin cəmiyyətə və mediaya bu ikili yanaşması uzun illərdir onları iki düşərgəyə bölmək siyasəti üzərində qurulub. Onun sözlərinə görə, hakimiyyət ya onun yanında olmaq və fəaliyyətinə dəstək vermək, ya da qarşı tərəfdə yer almaq mesajını ötürür: "Ya məni tərifləyəcəksiniz, alqışlayacaqsınız, ətrafımda sıx birləşəcəksiniz, ya da sizi düşmən hesab edəcəyəm".
Təsadüfi insidentlər, yoxsa peşə davranışı problemi?
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirir ki, jurnalistlərin peşə fəaliyyətinə görə təzyiq və təhdidlərlə üzləşməsi dünyanın istənilən ölkəsində yaşanan problemdir. O, son hadisələri ölkədə jurnalistlərə qarşı hücumların intensivləşməsi kimi qiymətləndirməyi doğru saymır: "Bu hadisələr zaman baxımından təsadüfən üst-üstə düşüb".
M.Ələsgərli vurğulayır ki, bu hallarda həm informasiya əldə etmək hüququna müdaxilə olunub, həm də fiziki zorakılıq törədilib. Bu isə ölkə Konstitusiyasının 50-ci maddəsi, "Media haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlarla yanaşı, Cinayət Məcəlləsi üzrə də məsuliyyət doğurur.
Siyasi psixoloq və şərhçi Samirə Qasımlı isə baş verənləri Azərbaycanda müstəqil medianın sıradan çıxarılmasının nəticələrindən biri hesab edir. Onun sözlərinə görə, vaxtilə jurnalistlər ictimaiyyət üçün müraciət və güvən ünvanına çevrilmişdilər; onların bir qisminin həbsdə olması, digərlərinin isə peşəni və ya ölkəni tərk etməyə məcbur qalması bu sahədə ciddi boşluq yaradıb.
S.Qasımlı hakimiyyətin nəzarətindəki medianın insanların problemlərini işıqlandırmaq və onların səsini aidiyyəti qurumlara çatdırmaq funksiyasını yerinə yetirmədiyini bildirir. Üstəlik, bu medianın fəaliyyətində peşə etikası ilə uzlaşmayan halların da cəmiyyətdə narazılıq doğurduğunu diqqətə çatdırır: "İnsanların evinə icazəsiz daxil olmaq, vətəndaşla reportyor kimi yox, sanki müstəntiq və ya güc strukturunun nümayəndəsi kimi davranaraq onu sorğu-sual etmək kimi hallarını dəfələrlə görmüşük. Bütün bunlar vətəndaşda qıcıq yaradır. Digər tərəfdən, hakimiyyətin yaratdığı zorakılıq obrazı və davranış tərzi bu gün həmin medianın özünə qarşı aqressiya şəklində üzə çıxır".
Cəmiyyətin narazılığı və jurnalistlərə münasibət
Jurnalist A.Yaqublu düşünür ki, insanlar sosial və siyasi problemlərdən yaranan narazılıqları mediaya danışmaq istəyirlər, ancaq sonradan cəzalandırılmaqdan qorxduqları üçün susmağa məcbur olurlar. A.Yaqublu mikrofon qarşısında ən sərt və aqressiv reaksiyaların sadə cəmiyyətdən yox, daha çox özünü güclü hiss edən vəzifəli şəxslərdən gəldiyini, bəzi keçmiş məmurların isə jurnalistləri aşağılamaqdan belə çəkinmədiyini xatırladır.
"Bir tərəfdə hakimiyyəti tənqid edən jurnalistlər var, digər tərəfdə isə idarəetmənin bütün problemlərini, belə deyək, malalayan, ört-basdır edənlər. Onlar hakimiyyətin təbliğatçısına çevriliblər. Bir-birinə qarşı duran bu iki düşərgə arasında heç vaxt həmrəylik ola bilməz", – S.Qasımlı bildirir. O əlavə edir ki, dövlətə yaxın bu media qurumları peşə etikasından danışsalar da, ona əməl etmirlər, hətta həbsdə olan həmkarlarına qarşı belə bu qaydaları pozurlar.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq "AbzasMedia", ToplumTV və "Kanal 13" kimi platformaların hədəf alındığı həbs dalğasında 30-a yaxın jurnalist və media əməkdaşı saxlanılıb. Həmin ərəfədə AzTV dövlət televiziyası, "REAL TV" və APA kimi hökumətə yaxın media qurumları məhkəmə hökmü olmadan onları "cinayətkar" kimi təqdim edən süjetlər yayımlayıblar. Buna görə də onlar təqsirsizlik prezumpsiyasını kobud şəkildə pozduqları üçün tənqid olunublar. Həmin süjetlərin qanunazidd olması barədə AzadlıqRadiosunun sorğusu da cavabsız qalıb.
Son üç ildə saxlanılan jurnalistlərin bir qisminə hökm oxunub, digərlərinin isə məhkəməsi davam edir. Jurnalistlər özlərinə qarşı irəli sürülən qaçaqmalçılıq və digər ittihamları rədd edir, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.