"Bizdən artıq müxbirliklə yanaşı, bloqer olmağımız da istənilir". Bunu hökumətyönlü mediada çalışan bir jurnalist deyir. AzadlıqRadiosunun əldə etdiyi audioyazıda media əməkdaşı bildirir ki, bu ilin iyulunda keçirilən IV Şuşa Qlobal Media Forumundan bir qədər sonra bəzi jurnalistlərə sosial şəbəkə hesablarını iş prosesi ilə bağlı aktiv saxlamaq tapşırığı verilib: "Əsasən dövlətdən birbaşa maliyyə alan televiziya, qəzet və saytlarda bu tendensiya müşahidə olunurdu. Məsələn, hazırlanan hər hansı süjet və ya materialın anonsunu, canlı yayım üçün getdiyimiz tədbirdən kiçik bir hissəni, həmçinin fotoları paylaşmağımız tapşırılır. Yəni, bizdən artıq müxbirliklə yanaşı, bloqer olmağımız da istənilir".
Jurnalistlərin sosial mediada sinxron bumu
AzadlıqRadiosu jurnalistin iddialarını yoxlamaq məqsədilə Forumdan sonra hökumətyönlü media resurslarının və jurnalistlərin sosial şəbəkə hesablarını monitorinq edib.
AzTV-də çalışan müxbirlərdən biri avqustun 7-də sosial media hesabında paylaşım edərək, bundan sonra sosial-siyasi mövzularda videokontentlər hazırlayacağını bildirib. Ölkə başçısını rəsmi tədbirlərdə müşayiət edən bu müxbir artıq tək xəbər verməklə kifayətlənmir; o, qatıldığı tədbirlərdən kadrları, iş gününün pərdəarxası məqamlarını və "günün necə keçdi" konseptli videolarını siyasi mesajlarla sintezləyərək izləyicilərinə təqdim edir.
Monitorinqlər göstərir ki, elə həmin ərəfələrdə, - avqustun 12-13-də Prezidentin İşlər İdarəsinin tabeliyindəki "Xalq qəzeti"nin əməkdaşları da Instagram-da videokontentlər yaratmağa başlayıblar. Ən azı dörd müxbir yeni hesab açaraq xəbərləri "vloqinq" formatında təqdim etməyə başlayıb. Hazırlanan videolar yalnız qəzetin rəsmi səhifəsi üçün nəzərdə tutulmayıb; onlar eyni vizual üslubda, lakin rəsmi loqo olmadan jurnalistlərin şəxsi, açıq profillərində da yayımlanır.
Oxşar taktika milli.az xəbər portalında da müşahidə olunur. Avqustun 14-dən başlayaraq portalın əməkdaşı eyni məzmunlu videoları paralel olaraq həm öz hesabında, həm də saytın rəsmi sosial şəbəkə səhifəsində paylaşmağa başlayıb.
AzadlıqRadiosu bunun koordinasiyalı şəkildə, xüsusi tapşırıqla gerçəkləşməsini müstəqil mənbələrdən təsdiqlədə bilməyib.
Bloqer fiaskosu və jurnalistlərin dövrəyə girməsi
İşini itirmək qorxusundan AzadlıqRadiosuna anonim danışan digər jurnalist bildirir ki, redaksiyada onlara belə tapşırıq həqiqətən verilib. Onun sözlərinə görə, bu addım redaksiya daxilində daha çox yeni mediaya, dəyişən auditoriyaya uyğunlaşmaq kimi əsaslandırılır. Jurnalistin fikrincə, sözügedən tendensiya ilkin olaraq bloqerlərlə sınaqdan keçirilib: "Artıq iki ildir Qarabağın tanıdılmasını və müxtəlif səfərləri bloqerlər vasitəsilə işıqlandırmağa çalışırdılar. Xırda səfərlərdə bu metod müəyyən nəticə verirdi. Forumda da jurnalistləri zala buraxmayıb foyedə saxladılar, bloqerlər isə içəridə əyləşmişdi. Amma nəticədə tədbir keyfiyyətli işıqlandırılmadı, hətta dövlət başçısının uğursuz düşdüyü fotolar paylaşıldı. Gördülər ki, bloqerlərin hazır tezisləri işləyib bəzəmək bacarığı yoxdur, ona görə də jurnalistlərdən sosial media üçün kontent yaratmaq xahiş olundu".
Jurnalist əlavə edir ki, ilk olaraq AzTV ilə başlayan prosesə digər telekanallar əsasən ölkə prezidentinin 23-24 avqust tarixlərindəki Özbəkistan səfəri ərəfəsində qoşulub.
Radio əməkdaşının sosial media monitorinqləri də jurnalistin bu iddialarını təsdiqləyir. Avqustun 23-25-də prezident İlham Əliyevin Özbəkistan səfərini işıqlandıran telekanal əməkdaşlarının şəxsi hesablarında sanki vahid mərkəzdən idarə olunan oxşar məzmunlu paylaşımlar diqqət çəkir: səfərə pərdəarxası hazırlıq kadrları, rəsmi protokoldan fərqlənən sərbəst rakurslar və s. Ölkə daxilindəki jurnalistlər də eyni günlərdə Özbəkistan-Azərbaycan əlaqələrini önə çıxaran xüsusi videokontentlər hazırlayıb.
"Koordinasiyalı olsaydı, bilərdik"
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət isə media əməkdaşlarına mərkəzləşdirilmiş tapşırığın verilməsi iddiaları ilə razılaşmır. Onun sözlərinə görə, kütləvi fəallıq müşahidə olunmur, ortada olan hərəkətlilik isə koordinasiyalı proses deyil, jurnalistlərin texnoloji yeniliklərə və bloqer rəqabətinə verdiyi reaksiyadır: "Koordinasiyalı olsaydı, ən azından biz Mətbuat Şurasında bilərdik, çünki belə şeyləri müzakirə edirik. Elə bir tapşırıq və ya WhatsApp qrupunda "fəallaşmaq lazımdır" deyə bir işarə olmayıb. Sadəcə, jurnalistikaya dəxli olmayan adamların meydan sulaması, görünür ki, həmkarlarımızın bir az fəallaşmasına səbəb olub. 'Biz jurnalistik, bunlar deyil, necə olur ki, ictimai rəydə öndə olurlar" deyə düşünüblər. Amma, ümumilikdə, şəxsən mən göstəriş verilməsi haqda məlumatlı deyiləm".
A.Həsrət əlavə edir ki, dövlətin son aylarda, xüsusən Şuşa Forumunda bloqerlərə üstünlük verməsi cəmiyyətdə narazılıq yaratsa da, onların arasında peşəkar jurnalistlərdən daha effektiv işləyənlər var.
Bloqerlərin mövqeyi
Bu arada IV Şuşa Qlobal Media Forumunda bloqerlərin iştirakı media ictimaiyyətində fikir ayrılığı yaradıb. Bəzi jurnalistlər forumun əsasən peşəkar media nümayəndələrinə açıq olmasını müdafiə etsə də, digərləri rəqəmsal medianın inkişafı fonunda bloqerlərin də bu cür tədbirlərə qatılmasını təbii sayırdı. Son illər bloqerlər işğaldan azad edilmiş ərazilərə təşkil olunan digər rəsmi media səfərlərində, eləcə də prezident Əliyevin iştirakı ilə keçirilən müxtəlif media tədbirlərində yer alıblar. Prezidentin köməkçisi Hikmət Hacıyev də bu səfər və tədbirlər çərçivəsində bloqerlər və sosial media nümayəndələri ilə görüşüb.
Azərbaycanlı influenserlər, bir qayda olaraq, həyat tərzi, gözəllik, səyahət və komediya mövzularına üstünlük verir, siyasətdən kənar olduqlarını bildirirlər. Lakin bu ilin fevralında bloqer Mehman Hüseynovun prezidentin gəlini Alyona Əliyeva haqqında iddialar yaymasından sonra bu neytrallıq pozuldu. Bir sıra yerli influenserlər eyni vaxtda A.Əliyevanı müdafiə edərək, onun rəqəmsal təzyiq və qarayaxma kampaniyasına məruz qaldığını söylədilər. Bu dəstək dalğasının hakimiyyətin göstərişi ilə qurulması iddiaları geniş müzakirə olundu.
Bloqerlik siyasi kommunikasiya vasitəsi kimi
Siyasi elmlər üzrə tədqiqatçı Samirə Ələkbərli hesab edir ki, jurnalistlərin sosial mediada bloqer funksiyasına keçidi yalnız medianın rəqəmsallaşması ilə izah oluna bilməz. Onun sözlərinə görə, dövlətlər ənənəvi media üzərindən qurduqları təbliğat və kommunikasiya siyasətini yeni rəqəmsal məcralara uyğunlaşdırır, burada bloqerlər, influenserlər və jurnalistlərdən yararlanırlar. Ələkbərli deyir ki, rəsmi qurumun nümayəndəsi tərəfindən səsləndirilən fikir auditoriyada daha çox institusional mövqe təsiri bağışlayırsa, eyni mesajın sosial mediada fərdi bloqer və ya jurnalistin şəxsi fikri kimi təqdim edilməsi onu daha inandırıcı göstərə bilər: "Bu isə o deməkdir ki, ideoloji nəzarət əslində mərkəzləşir, lakin onun zahirən görünən simaları mərkəzsizləşdirilir. Eyni narrativi danışan və eyni diskursa xidmət edən çoxlu fərdi fiqurlar hazırlanır. Sosial mediada bu, artıq hegemon ideoloji aparat tərəfindən istehsal olunmuş norma, formalaşdırılmış diskurs və ya "sağlam məntiq" kimi təqdim edilir. Unutmamaq lazımdır ki, sosial media bloqerliyi və influenserlik fəaliyyəti özü də əmtəə və bazar münasibətləri çərçivəsində tənzimlənir. Azərbaycan kimi ölkələrdə bu bazar münasibətləri dövlət tərəfindən birbaşa müəyyənləşdirilir və idarə olunur. Bu zaman, təbii ki, dövlət həmin bloqerlərə əsas yatırım edən tərəfə çevrilir".
S.Ələkbərli bildirir ki, sosial media platformaları lap başlanğıcdan insanlara azad təşkilatlanmaq və alternativ fikir bildirmək üçün resurslar versə də, avtoritar sistemlər bu azad məkanları ya birbaşa qadağalarla, ya da trol orduları və alqoritmik müdaxilələrlə nəzarətdə saxlamağa çalışırlar. Onun qənaətincə, dövlətin özünəyaxın jurnalist və bloqerlərə resurs ayıraraq bu şəbəkəni maliyyələşdirməsi də məhz ictimai rəyi formalaşdırmağa yönələn həmin idarəetmə mexanizminin tərkib hissəsidir.