Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 19:35

Nigar Həzi: 'Tofiq Yaqublu müayinə və müalicə edilmir'


Tofiq Yaqublu
Tofiq Yaqublu

Həbsdə olan Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi bildirir ki, səhhətində problemlər olmasına baxmayaraq atası müayinə-müalicə edilmir.

O, vurğulayır ki, Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyasının 26-cı günündən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb. “65 yaşlı Tofiq Yaqublu üçün 40 günlük aclıq aksiyası sözsüz ki, təsirsiz ötüşməyib. Onun səhhətində ciddi problemləri var. Tofiq Yaqublunun israrlı tələblərinə baxmayaraq onun müayinə və müalicəsi yerinə yetirilmir”, - deyə qızı qeyd edib.

Hələlik, bu açıqlamaya Penitensiar Xidmətin Müalicə Müəssisəsindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Tofiq Yaqublu bu il aprelin 1-də aclıq aksiyasına başlamış və yaxınların təkidi ilə mayın 10-da onu dayandırmışdı.

  • Tofiq Yaqublu 2023-cü il dekabrın 14-dən həbsdədir. Ona bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il həbs cəzası kəsilib. Siyasətçi Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələriylə təqsirli bilinib.
  • Lakin o, özünü təqsirli bilmir və ittihamları “qurama” adlandırır.
  • T.Yaqublu bundan öncə də bir neçə dəfə uzunmüddətli həbsdə olub. Yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib.
  • Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər törətdikləri əmələ görə mühakimə ediliblər.
XS
SM
MD
LG