Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:40

Timoşenko Krım uğrunda vuruşmamaq qərarının üstündə durur


Y.Timoşenko
Y.Timoşenko

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko 2014-cü ildə Rusiyanın Krımı ilhaqına müqavimət göstərmək üçün hərbi gücə əl atmamaqla bağlı Kiyevin qərarını dəstəkləmişdi.

Ukraynada 31 mart prezident seçkilərində əsas namizədlərdən biri olan Timoşenko Ukraynanı Krım yarımadasından məhrum edən və ölkəni artıq beş ildir qanlı daxili münaqişəyə sürükləmiş müdaxiləyə qarşı yetərincə hərbi və diplomatik silahların olmamasını əsas gətirib.

«Hər şey başlayanda Ukraynanın nə ordusu, nə də beynəlxalq dəstəyi var idi», – Timoşenko AzadlıqRadiosunun Ukrayna xidmətinə eksklüziv müsahibəsində deyib.

«Biz hazırlanmış təxribata uya bilərdik, özü də biz xarici kəşfiyyat mənbələrindən bilirdik ki, Kreml bircə krımlının, yaxud da Qara dəniz donanmasının bircə əsgərinin öldürülməsini gözləyirdi ki, Rusiya ordusunu bütün Ukrayna sərhədi boyu hücuma buraxsın», – deyə o əlavə edib.

BMT və Ukrayna rəsmilərinin məlumatına görə, Ukraynanın şərqində münaqişədə 13 min insan həyatını itirib, 30 minədək adam yaralanıb, 1 milyondan artıq insan öz yaşayış yerindən didərgin düşüb.

«Mən mövqeyimi belə ifadə etdim ki, əgər Rusiya bizi hər hansı aqressiv addıma sürükləyə bilsəydi, Ukraynanın 2/3-ni işğal edərdilər və bu gün yüz minlərlə insanımız ölmüş olardı», – Timoşenko deyib.

«Əsas prioritet»

Timoşenko daha sonra prezident seçilərsə, Şərqi Ukraynadakı münaqişənin həllində Minsk prosesindən imtina edəcəyini, 1994-cü ilin Budapeşt memorandumunun şərtlərinə əsaslanan yeni prosesə başlayacağını deyib.

«Minsk razılaşmalarını ilk gündən qəbul etməmişəm», – Timoşenko deyib. O, Minsk prosesinin Şərqi Ukraynadakı «terrorçular»la «Ukraynada rəsmi vəzifələri olmayan adamlar» arasında razılaşmaya əsaslandığını deyib.

«Sual edirəm: Ukraynanı kim təmsil edir?», – o deyib.

Timoşenko deyib ki, əsas prioritet Krımı geri qaytarmaqdır. Onun sözlərinə görə, Şərqi Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçı qruplaşmalarla Ukrayna hökuməti arasındakı münaqişənin həllinə yönəlmiş Minsk prosesinin Krım məsələsini əhatə etməməsi dövlətə xəyanətə bərabərdir.

Kiyev Minsk prosesi çərçivəsində sabit atəşkəsə, daha sonra isə problemin siyasi həllinə nail olmaq üçün separatçı qruplaşmaların təmsilçiləri ilə danışıq aparır.

Kiyev və Qərb Moskvanı verdiyi sözə əməl etməməkdə, Minsk planına uyğun olaraq nəzarətindəki separatçı qruplaşmalara təzyiq göstərməməkdə, Kiyevə Rusiya ilə beynəlxalq aləm tərəfindən tanınan sərhədlərini bərpa etməyə imkan verməməkdə suçlayır.

Budapeşt memorandumunun imzalanması. 1994
Budapeşt memorandumunun imzalanması. 1994

Budapeşt memorandumu

Timoşenko uzun zamandan bəri Rusiya ilə münaqişənin 1994-cü ilin Budapeşt memorandumu çərçivəsində həllini təbliğ edib. Bu memorandumda Rusiya, ABŞ və Böyük Britaniya Ukraynaya sovet dövründən qalan nüvə silahlarını təhvil verməsi əvəzində təhlükəsizlik təminatı təklif edirdi.

«Sizə xatırlatmaq istərdim ki, Budapeşt memorandumu ABŞ prezidenti [Bill Klinton], Böyük Britaniyanın baş naziri [Con Meycor] və Rusiya Federasiyasının prezidenti [Boris Yeltsin] tərəfindən imzalanıb. Məhz bu, indi bizim Budapeşt memorandumunun şərtlərini təmin etmək üçün yığışmalı olduğumuz formatdır», – Timoşenko deyib.

O, belə danışıqların «işğalçı ölkə»nin prezidentini, Rusiya Federasiyasının prezidentini də ehtiva etməli olduğunu deyib.

Timoşenko daha sonra Qərb ölkələrini «işğalçı ölkə»yə təzyiq vasitəsi kimi Ukraynanı daha çox müdafiə silahları ilə təmin etməyə çağırıb.

58 yaşlı Tımoşenko bu ayın 31-i keçiriləcək prezident seçkilərində 39 namizəd arasında öndə olan 3 namizəddən biridir. Digər iki əsas namizədsə hazırkı prezident Petro Poroşenko və komediya ustası Volodomir Zelenskidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG