Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:03

Separatçı veteran ‘Putinin başı olan’ qızıl medalı niyə satır?


Polkovnik Igor Girkin (Strelkov) 2014-cü ildə
Polkovnik Igor Girkin (Strelkov) 2014-cü ildə

Rusiyanın şərqi Ukraynadakı keçmiş hərbi komandanı indi pulsuz qalıb və Kremlin gözündə hörmətdən düşüb.

AzadlıqRadiosunun müxbiri Ron Synovitzin yazdığına görə 48 yaşlı Igor Girkin elə vəziyyətə düşüb ki, 2014-cü ildə Krım yarımadasının işğalındakı roluna görə aldığı qızıl medalı satmaq qərarına gəlib.

Müharibə ləqəbi Strelkov olan Igor Girkin deyib ki, pula ehtiyacı var, amma həmin medalın üstündə çələngli başı həkk olunmuş prezident Vladimir Putinə heç bir hörməti qalmayıb.

Girkin həm Krımın ilhaqındakı roluna, həm də Ukraynanın şərqindəki Donetsk vilayətində Kiyev hökumətinə qarşı döyüşən moskvayönlü separatçılara komandanlıq etdiyinə görə ABŞ və Avropa İttifaqının sanksiya siyahılarına salınıb.

2014-cü ildən bəri Girkin Kremlin tənqidçisidir və çoxdan bəri medianın radarından çıxıb. Onu Moskva metrosunda tək-tənha gedən və təkadamlıq etiraz aksiyası keçirən görüblər.

Girkin Rusiyanın populyar Vkontakte sosial media platformasındakı izləyicilərinə martın 8-də yazıb ki, maliyyə çətinliklərinə görə Krım medalını satmaq qərarına gəlib. O qeyd edir ki, bu medal ona döyüş xidmətlərinə görə verilməyib:

"Mənim bu mükafata heç vaxt ehtiramım olmayıb. Bu medalda, 2014-cü ildə qısa bir müddəti çıxmaqla heç vaxt hörmət etmədiyim adamın başının şəkli çəkilib və mən onu 2015-ci ildən bəri lağa qoyuram”.

Girkin bu postda təsdiq edir ki, medalı ona 2014-cü ilin yazında, Ukraynadakı rusiyayönlü qüvvələrlə Moskva hakimiyyəti arasında əlaqəçi olan milyarder Konstantin Malofeyev verib.

Moskvadakı numizmatika firmalarından Coins and Medals elan edib ki, Girkinin medalı üçün hərrac aprelin 13-də Moskvanın StandArt Hotel mehmanxanasında keçiriləcək. Bu da bildirilir ki, satış üçün start qiymət 1 milyon rubldur (15 min dollar).

Firma bildirir ki, medalın üzərində “2014-cü ildə Krımın Rusiya ilə birləşməsinin xatirəsinə” sözləri yazılıb. Medalın bir tərəfində Putinin başı, digər tərəfində Krımın xəritəsi həkk olunub.

Bu da qeyd olunur ki, medalı Girkinə Malofeyevin Müqəddəs Qeysəriyyəli Basil xeyriyyə fondu “Krım hadisələrində böyük rolu olanların arasında olduğuna görə” verib.

Non-government medal "In memory of the reunification of Crimea with Russia"
Non-government medal "In memory of the reunification of Crimea with Russia"

Müharibə cinayətləri

Bəzi məlumatlara görə Girkin 1996-cı ildən 2013-cü ilədək Rusiya Federal Təhlükəsizlik Xidmətində (FTX) işləyib. O 1999-2005-ci illərdə ikinci Çeçen müharibəsində iştirak edib.

Onun habelə 1990-cı illərdə Bosniya-Herseqovina və Moldovanın separatçı Dnestryanı regionunda xidmət etdiyi iddia olunur.

Girkin barədə iddialara görə o adam oğurluğu, işgəncə və qətl kimi hərbi cinayətlərdə iştirak edib.

Girkin 2016-cı ildə Ukraynanın Slovyansk şəhərində dörd nəfəri Stalin dövrünün qanunları ilə edam etdiyini boynuna alıb.

O habelə qürrələnib ki, Ukraynanın şərqindəki müharibə alovunu öz əlləri ilə “yelpikləyib” və arzusu Xarkovdan Odessaya qədər “Novorossiya”nın yaradılması olub.

Ukrayna Strelkovu bir sıra hərbi cinayətlərdə ittiham edir. Amma Girkin Vkontaktedəki postunda yazır ki, Krım medalıını Ukraynanın şərqindəki müharibədən əvvəl alıb.

Ukraynanın baş prokurorluğu Girkinə qarşı terrorizm ittihamları ilə cinayət işi açıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG