Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:55

AzadlıqRadiosu-nun prezidenti: 'Tarix sürprizlərlə doludur...'


RFERL-in prezidenti Thomas Kent, 14Noy2017
RFERL-in prezidenti Thomas Kent, 14Noy2017

Son zamanlar dünyada demokratiyanın gələcəyi ilə bağlı ciddi pessimizm müşahidə olunmaqdadır.

“2017-ci ildə demokratiya on illər ərzində ən ciddi böhranla üzləşib. Onun əsas prinsipləri – azad və ədalətli seçkilər, azlıqların hüquqları, mətbuat azadlığı və qanunun aliliyi bütün dünyada hücuma məruz qalıb", – Freedom House təşkilatının son hesabatında deyilir. Hesabatda bildirilir ki, dünyada azadlığın səviyyəsi artıq 12-ci ildir ki, ardıcıl düşür.

AzadlıqRadiosu-nun prezidenti Thomas Kent-in “The American interest” portalında dərc olunmuş məqaləsində daha sonra oxuyuruq: “Bu günkü diktaturaların çoxunda ənənəvi mənzərəni müşahidə edirik: avtokratik rejimlər yoxsul, məyus xalqları idarə edir. Ancaq hazırda bəzi təhlilçilər daha çox həyəcan doğuran bir məqamı müşahidə edirlər: artıq diktaturalar əhalinin rifah halını yaxşılaşdıraraq hər hansı siyasi azadlıqlara imkan vermədən xalqın dəstəyini qazanırlar.

Buna da bax: Çingiz Abdullayev: 'Tarixdə o qalacaq ki, hansısa vicdansız öz ziyalılarını təhqir edib, söyüb'

Bu müşahidə "tarixin sonu" ilə bağlı yeni qorxulara yol açıb: bəziləri dünyada demokratiya eksperimentinin pik nöqtəsinə çatdığını və hətta güclü demokratiyaya malik olduğunu düşünən ölkələrin belə onu itirə biləcəyinə inanır.

Ancaq tarix sürprizlərlə doludur. Hər dəfə bəşəriyyət gələcəyi aydın gördüyünü düşünəndə gözlənilməyən hadisələr baş verir. Silahlı münaqişələr, gözlənildiyi kimi, 1918-ci ildə bitmədi. Rusiya SSRİ-nin süqutundan sonra çoxlarının gözlədiyindən daha tez dirçələrək özünü dünya siyasətinin əsas oyunçusu kimi göstərməyə başladı. Çoxlarının çox şey gözlədiyi Ərəb Baharı Yaxın Şərqə demokratiya gətirmədi”.

DEMOKRATİYA NİYƏ ZƏİFLƏYİR

Thomas Kent daha sonra yazır ki, insanlara mövcud olmuş bütün sistemlərdən daha çox azadlıq və rifah gətirən demokratiyanın nə zaman bərqərar olacağını proqnozlaşdırmaq asan olmaya bilər.

Buna da bax: Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar] [video]

“Azad Avropa Radiosu/Azadlıq Radiosu Sovet İttifaqının süqutunadək 40 il ərzində dəmir pərdə arxasındakı insanlar üçün kommunikasiya pəncərəsini açıq qoyub. Ancaq Sovet İttifaqının gücünə qeyd-şərtsiz inananların gözləntilərinə rəğmən o süqut etdi.

Bu gün bir çox avtoritar rejimlərin kənardan gələn ideyaların qarşısını almağa, ictimai nəzarət və izləməni gücləndirməyə çalışması maniya halını alıb. Bu isə onu göstərir ki, hətta onlar belə demokratiyanın sonu gəldiyinə inanmırlar. Onların Ərəb Baharı və İrandakı son nümayişlərdən çıxardığı əsas dərs nümayişçilərin məğlub olması deyil, bunun mütləq bir daha baş verəcəyidir.

Demokratiyanın belə uzunmüddətli zəifləməsi iki əsas səbəbdən qaynaqlanır. Onlardan biri demokratik ölkələrdə yaşanan iqtisadi, ictimai və siyasi çətinliklərdir. Onlar vətəndaşları elə bir pessimizmə sürükləyib ki, artıq demokratik dəyərlər haqda söhbətlər onlara reallıqdan uzaq, təbliğat kimi görünür.

Buna da bax: Tofiq Zülfüqarov: 'Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamayıb'

İkinci səbəbsə qeyri-demokratik ölkələrin ilk baxışdan uğur qazanması, xüsusən də Çinin sürətlə artan iqtisadi nailiyyətləri və Rusiyanın hərbi və kiber gücünün artmasıdır”, – məqalədə deyilir.

KOMMUNİKASİYA

“Rusiya və Çindəki sistemlər davamlı repressiya tətbiq etmirlər. Burada vətəndaşlar hər gün gündəlik həyatlarını Sibirə və ya islah düşərgələrinə göndəriləcəklərindən qorxaraq yaşamırlar. Əksinə, Qərb təhlilçiləri bu sistemlərin yeni böyük sövdələşməyə əl atmasından narahatdırlar: rejim əhalinin vacib saydığı imkanları yaradır, əhali isə hər hansı siyasi imkanların olmamasını qəbul edir. Bu imkanlara sabitlik, milli qürurun yüksəldilməsi (doğru olsa da, olmasa da) və ən azı, ölkənin dominant etnik və sosial qruplarının rifahının yaxşılaşdırılması daxildir.

Bu rejimlərin hazırkı uğuru müsbət trend olmasa da, qarşısıalınmaz proses də deyil. Qərb demokratiyalarının hazırkı böhrandan nə zaman dirçələcəyini bilmək çətin olsa da, gözümüzün qarşısında avtoritar rejimlərə güclü təzyiq göstərə biləcək başqa trendlər yaranmaqdadır.

Buna da bax: Novruz Məmmədov: 'Yeddi ilin memarı İlham Əliyev olmalıdır'

Bu trendlərdən birincisi kommunikasiyadır. Despotik elitaların istər ölkənin real durumu, istərsə də öz korrupsiya oyunları haqda məlumatları gizlətmək imkanları azalır. Onların vətəndaşların öz aralarında ünsiyyətə girməsini önləmək cəhdləri də çətinləşir.

Doğrudur, bəzi rejimlər saytları bloklamaqla bu işin ustasına çevriliblər. Ancaq informasiya şəbəkələri o qədər sürətlə dəyişir ki, bu üsulu uzunmüddətli strategiya saymaq risklidir.

Bu gün bir neçə rejim AzadlıqRadiosu-nu həm radio, həm peyk, həm də internetdə bloklamağa çalışsa da, istədiyinə nail ola bilmir. Müasir dövrdə bütün kommunikasiya yollarını kəsmək Sizif işinə bənzəyir (qədim yunan mifologiyasına görə, allahlar Sizifi iri qaya parçasını dağın başına qaldırmağa məhkum etmişdilər)”, – Radionun prezidenti yazır.

Buna da bax: Prezident: ‘Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb’

Xatırlatma

AzadlıqRadiosu-nun Bakı ofisi 2014-cü ilin dekabrında qapadılıb. Ötən il martın sonundan isə AzadlıqRadiosu daxil olmaqla, ölkədə bir neçə sayta giriş əngəllənib. Rabitə Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, bu addım Baş Prokurorluğun müraciəti ilə atılıb.

Mayın 12-də isə Səbail rayon Məhkəməsinin qərarıyla bir neçə sayt bloklanıb.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia olunub. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Hələ AzadlıqRadiosu-nun saytının bloklanmasına gizli cəhdlər olarkən «Azad Avropa və Azadlıq Radioları» korporasiyasının prezidenti Tomas Kent bu addımı pisləmiş, bunu hakimiyyətdən sui-istifadə edərək AzadlıqRadiosu-nun Azərbaycanda yerli auditoriyaya müstəqil informasiya çatdırmasına mane olmaq cəhdi kimi qiymətləndirmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG