Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Tofiq Zülfüqarov: 'Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamayıb'


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

“Ancaq hər bir halda, Azərbaycanın indi aktiv siyasət aparmaq imkanları yetərincədir. İndi Azərbaycan güclü vəziyyətdədir. Həm müdafiə baxımdan, həm iqtisadi, həm də siyasi. Təbii ki, hər cəmiyyətdə problem olur, amma Azərbaycanın indi elə böyük problemi yoxdur. Bu baxımdan, hansısa məsələni ciddi şəkildə həll etməyə indiki mərhələdə Azərbaycanın imkanları var və ola bilsin, məqamdır ki, bu məsələ qaldırılsın”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosu-na müsahibə verib. O, növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqda öz mülahizələrini bölüşüb. Məsələn, keçmiş nazir hesab edir ki, seçkilərdən sonra hakim komanda yenilənəcək, “qaçılmaz islahatlar sürətlənəcək”.

Buna da bax: Hərblə sülh arasında: növbədənkənar seçki niyə keçirilir?

– Tofiq bəy, yerli və xarici analitiklər də növbədənkənar prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsiylə bağlı mühüm prosesin başlanacağı, intensiv danışıqların bərpa edilməsi və ya hərbi əməliyyatların başlana bilməsi yönündə ehtimallar üzərində gəzişmələr edirlər. Sizcə, şərtlər buna imkan verirmi?

“Hesab edirəm ki, Rusiya müdaxilə etməyəcək”

– Birincisi, hesab edirəm ki, bu, taktiki baxımdan düzgün addımdır. Ermənistanda martda Konstitusiya islahatlarının axırıncı mərhələsi reallaşmalıdır, baş nazir seçilməlidir. Ondan başqa, ermənilər həmişə bu bəhanədən istifadə edirlər ki, bəs indi Azərbaycanda seçkilərdir, bu mərhələdə danışıqlar aparılması düzgün deyil və s. Məncə, bu addımı atmaqda başlıca məqamlardan biri, ən azından, aradakı vaxtı udmaq, proseslərdə sinxronluq yaratmaqdır. O ki qaldı danışıqların intensivləşməsinə, doğrusu, mən bunun üçün əsaslar görmürəm. Ermənilərin danışıqlardan faktiki olaraq qaçması, prezident Serzh Sargsyan-ın Avropa Şurasındakı çıxışı da bunu göstərir. Azərbaycanın bu addımı atması isə münasibdir, danışıqların daha real müstəviyə keçməsinə – Ermənistan istəsə, təbii –, ona təzyiq göstərilməsinə imkan yaradır. Mən hərbi əməliyyatların bərpasını da istisna etmirəm.

Buna da bax: Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar] [video]

– Yəni Azərbaycan yaz-yay aylarında hərbi əməliyyatlara başlaya bilər? Aprel döyüşlərindən sonra bu, nə qədər realdır?

"Bu, taktiki baxımdan düzgün addımdır"

– Çətindir demək. Ancaq bir şey bəllidir. Həmişə olduğu kimi, Azərbaycanı xaricdə istəyən və istəməyən qüvvələr siyasi fəallıqlarını hansısa təqvim əsasında qururlar. Müxtəlif dairələrin öz planları var, təbii ki, onların istiqaməti isə oktyabr idi. İndi isə bu planlar pozuldu, seçkilərə iki ay qalır. Onların Azərbaycanın işlərinə müsbət və ya mənfi şəkildə qarışmaq imkanları məhdudlaşdırıldı. Bu da Azərbaycan üçün faydalıdır. O mənada ki, bu seçkilərdə hakimiyyətin də, cəmiyyətin də diqqəti seçkilər zamanı daxili məsələlərdə cəmləşəcək, nəinki xarici.

– Tofiq bəy, sizcə, Qarabağ danışıqları ilə bağlı ortada yeni plan varmı?

– Bunu dəqiq deyə bilmərəm. Məncə, yoxdur. Sargsyan-ın çıxışı analiz üçün maraqlı idi. Burdan görünür ki, torpaqların azad edilməsindən söhbət gedə bilməz. Danışıqlar bu vəziyyətdə davam edəcəksə, onda Azərbaycanın bunda iştirak etməyə heç bir marağı qalmır. Deməli, real danışıqlar mümkün deyil. Düşünmürəm ki, Sargsyan Avropa Şurasında bir söz desin, nümayəndəsi danışıqlarda başqa. Bu, mümkün deyil. O baxımdan, real danışıqların bərpası üçün heç bir perspektiv görmürəm.

Buna da bax: 'Kompromisdən danışırlar'. Seçkiləri Qarabağ tezləşdirə bilərdi

"Bu, təzə ideya deyil. Vaxtilə bu variantı təbliğ edən Kazimirov idi"

– Rusiyada Millətlərarası Münasibətlər üzrə Prezident Şurasının üzvü Vyacheslav Mikhailov Ermənistanın “paket sxemi üzrə mərhələli yanaşma”sı haqda yazır. Yəni əvvəlcə ətraf rayonlar boşaldılır, Dağlıq Qarabağa aralıq status verilir və referendum keçirilir. Yaxın aylarda bunu reallaşdırmaq mümkündürmü?

– Bu, təzə ideya deyil. Vaxtilə bu variantı təbliğ edən Kazimirov idi. Yəni o, mərhələli həll variantını kiçik paketlərə bölmək istəyirdi. Bu variant indi real deyil. Birincisi, bu, bizi qane etmir, ikincisi, Azərbaycanın diplomatik baxımdan güclü “kozır”ları var. Bu da Lissabon sammitinin qərarıdır. İyirmi il əvvəl beynəlxalq ictimaiyyət, 100-dən çox ölkə, ATƏT, İslam Konfransı bu qərarı dəstəkləyib. Burda açıq deyilir ki, erməni icması muxtariyyəti Azərbaycan tərkibində ala bilər. Bununla da məsələ bağlanıb. Bundan kənar qərar qəbul edilməsini beynəlxalq ictimaiyyət dəstəkləməyəcək.

– Tutalım, Azərbaycan hakimiyyəti 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsini həll etmək istəsə, niyə bu il, niyə indiki şərtlər əlverişli sayıla bilər, Tofiq bəy?

"Ermənipərəst Lavrov siyasəti heç Rusiyanın özünə də lazım deyil"

– Biz başa düşməliyik ki, nəyə görə proses indi irəli getmir. Həmsədr ölkələrdən biri Rusiya göstərir ki, onlar Ermənistanın təhlükəsizlik qarantıdırlar. Azərbaycan olaraq biz bunu başa düşürük, erməni icmasının Azərbaycanda qalmasını da başa düşürük, güzəşt çərçivəsi də bəllidir. Amma Dağlıq Qarabağ ətrafındakı torpaqlara Rusiya təhlükəsizlik qarantı ola bilərmi? Belə bir fikrə rast gəlməmişəm. Rusiya da bu mövqeni müdafiə edə bilmir. Təəssüflər olsun ki, nazir Sergei Lavrov dövründə Rusiya qarşısında bu problem lazımı şəkildə qoyulmamışdı. İndi isə hesab edirəm ki, bu məsələ çox ciddi şəkildə qoyulur. Hər halda, prezidentin rusiyalı həmkarı Putin-lə Soçi görüşü, digər elementlər göstərir ki, onların ermənipərəst Lavrov siyasəti heç Rusiyanın özünə də lazım deyil. İstisna etmirəm ki, Rusiya siyasətində hansısa dəyişikliklər edilir. Məhz buna görə ermənilər də narahatdırlar. Bunu gələcək aydın göstərəcək. Ancaq hər bir halda, Azərbaycanın indi aktiv siyasət aparmaq imkanları yetərincədir. İndi Azərbaycan güclü vəziyyətdədir. Həm müdafiə baxımdan, həm iqtisadi, həm də siyasi. Təbii ki, hər cəmiyyətdə problem olur, amma Azərbaycanın indi elə böyük problemi yoxdur. Bu baxımdan, hansısa məsələni ciddi şəkildə həll etməyə indiki mərhələdə Azərbaycanın imkanları var və ola bilsin məqamdır ki, bu məsələ qaldırılsın.

Buna da bax: Növbədənkənar prezident seçkisi elan edildi [yenilənib]

– Amma “böyük problem yoxdur” dediyiniz ölkədə iqtisadi böhran yaşanır, manat iki dəfə devalvasiyaya uğrayıb, belə vaxtda Dağlıq Qarabağ kimi ciddi problemin həllinə girişmək Azərbaycanı bir az da çətin vəziyyətə salmazmı?

"Onu da deyim ki, Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamayıb"

– Böhran yaşanır. Amma onu da deyim ki, Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamayıb. Sovet vaxtını götürək, başqa dövrü götürək. Rayonlara çıxanda görürsən evlər tikilir. Təbii, varlısı da var, kasıbı da, problemi də. Amma indi kasıbın da ucuz maşını var, kasıb da ucuz qiymətə toyuq ala bilər. O ki qaldı maliyyə problemlərinə, neftin qiyməti qalxır, valyuta ehtiyatı artır. Böhran var, amma o dərəcədə deyil ki, biz krizisdə yaşayaq. Camaat hər zaman çox şeydən narazı ola bilər. Qərbdə yaşayan insanın da narazılığı var. Amma Azərbaycanda ciddi krizis görmürəm. Bunu xarici müşahidəçilər də deyirlər ki, başqalarına baxanda sizdə vəziyyət normaldır. Mən bəlkə sualdan yayındım, amma öz fikirlərimi dedim.

– Deyirsiniz ki, Azərbaycan indi güclüdür və “bəlkə də münaqişənin həlli üçün indi əsl məqamdır”. Amma aprel döyüşləri vaxtı Rusiyanın dərhal müdaxiləsi sayəsində proses dayandırıldı. Sizcə, indi nə dəyişib? Rusiya Azərbaycanın hərbi əməliyyat aparmasına imkan verəcəkmi?

"Məncə, Rusiya öz əsgərlərini Azərbaycan üzərinə göndərməyəcək"

– Mən hesab edirəm ki, Rusiya müdaxilə etməyəcək. Azərbaycan öz addımlarını regiondakı digər oyunçularla sinxronlaşdıracaq. Bu, normaldır. Hər bir ölkə hansısa addım atanda müxtəlif qüvvələrlə bunu sinxronlaşdırır. Bunu Türkiyə misalında da görürük. Məncə, Rusiya öz əsgərlərini Azərbaycan üzərinə göndərməyəcək. Bu, onların marağında deyil. Onlar başa düşürlər ki, Cənubi Qafqazda nüfuzlarının güclənməsi üçün ən başlıca oyunçu ilə əlaqə yaratmaq lazımdır. Azərbaycan əsas oyunçudur, istər iqtisadi, istər demoqrafik, istərsə də ərazi baxımdan. Onsuz Cənubi Qafqazda nüfuzunu artırmaq mümkün deyil, bu, həm Rusiyaya, həm də Qərbə aiddir. Ona görə Azərbaycan üzərinə həmlələr mümkün deyil. Bunu birmənalı şəkildə deyirəm. Amma biz də gərək bu siyasətimizi incə şəkildə həyata keçirək və Rusiya xarici siyasətindən ermənipərəst elementləri aradan götürməliyik. Proseslər də elə bu yöndə gedir.

Buna da bax: Lavrov gəldi-getdi - nə dəyişdi? [video]

– Buna necə nail olmaq olar?

"Seçkilərdən sonra artıq yeni seçilmiş prezidentin öz komandasını təzələmək üçün məntiqi əsasları olacaq"

– Kompleks addımlar atılmalıdır. İqtisadi, siyasi, hərbi və s. Başa düşməliyik ki, Rusiya bizim daimi qonşudur və bizim daimi partnyorumuz olmalıdır. Çox təəssüflər olsun ki, ermənipərəst qüvvələr Rusiyanın xeyrinə olmayan istiqamətdə siyasət aparırlar. Biz təbii ki, bunu aradan qaldırmağa çalışırıq, biz Azərbaycanın xeyrinə də, ziyanına da addımlar görürük. Məsələn, Rusiya-Türkiyə əlaqələrində Azərbaycan özünəməxsus yer tutur, Rusiya-İran münasibətlərində tranzit, kommunikasiya əlaqələrində Azərbaycan çox vacibdir və s. Bu elementlərin çoxalması gec, ya tez ermənipərəst siyasətin azərbaycanpərəst siyasətlə əvəzlənməsinə imkan yaradacaq. Hər halda, mən buna inanıram.

– Qarabağ məsələsini çıxsaq, sizcə, prezident niyə növbədənkənar seçkilər elan etdi? Başqa səbəb nə ola bilər?

– Xarici müdaxiləni qeyd etdim artıq. O, həmişə gündəmdə olan amildir, həm müsbət, həm də mənfi anlamda. Ona görə gündəmin dəyişməsi çox vacib addım idi, Azərbaycan artıq xaricdən müdaxilə olmadan öz daxili siyasətini formalaşdıra bilər. İkinci məsələ onunla bağlıdır ki, komandanın təzələnməsi baş verəcək. Həm yaş, həm də digər səbəblər mövcuddur. Seçkilərdən sonra artıq yeni seçilmiş prezidentin öz komandasını təzələmək üçün məntiqi əsasları olacaq. Bu, Azərbaycan üçün vacibdir. Üçüncüsü, iqtisadi islahatlar aparılmalıdır. Bunu sürətləndirməyə yeni baxışlar, yeni adamlar lazımdır. İslahatlar qaçılmazdır. İqtidar da bunu başa düşür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG