Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Tesla Sintzyanda avtosalon açdığına görə tənqid olunur


Tesla-nın Çində hazırlanmış Model 3 avtomobilləri
Tesla-nın Çində hazırlanmış Model 3 avtomobilləri

Son vaxtlar Sintzyanla bağlı mövqe sərgiləmək üçün xarici şirkətlərə təzyiq artır

ABŞ-ın Tesla elektrik avtomobilləri istehsalçısı Çinin Sintzyan regionunda avtosalon açdığına görə Birləşmiş Ştatlarda tənqid olunur. Çünki Sintzyan rəsmiləri əsasən müsəlman uyğurlar olmaqla etnik qruplara qarşı insan haqları pozuntularında suçlanır.

Milyarder İlon Maskın Tesla şirkəti Yeni il ərəfəsində Sintzyanın paytaxtı Urumçidə avtosalon açmasının anonsunu verib. Bundan bir həftə öncə Prezident Co Baydenin imzaladığı qanunvericilikdə şirkətlərdən tələb olunur ki, Sintzyandan idxal edilən malların məcburi əməklə hazırlanmadığını sübut eləsinlər.

İttihamlar

Birləşmiş Ştatlar, digər Qərb ölkələri, insan haqları qrupları Çini uyğurlar və Sintzyandakı digər müsəlman qruplara qarşı soyqırımında suçlayır. Onların kütləvi şəkildə düşərgələrə yerləşdirildiyi, məcburi əməyə, nəzarətə məruz qaldığı, azlıqların dini inanc və mədəniyyətinin məhv edildiyi bildirilir.

Pekin isə ittihamları rədd edir, “təkrar təhsil düşərgələri” vasitəsilə bu resurslarla zəngin şimal-qərb regionunda islamçı ekstremizmlə mübarizə apardığını vurğulayır.

Qanunvericiliyin müəllifi olan respublikaçı senator Marko Rubio yanvarın 3-də Tesla-nın qərarı haqda tvit paylaşıb: “Millətsiz korporasiyalar Kommunist Partiyasına regionda soyqırımı və qul əməyini ört-basdır etməkdə kömək edir”.

Amerika-İslam Münasibətləri Şurası isə bəyanatında Tesla-nı avtosalonu bağlamağa, “soyqırımına iqtisadi dəstəyə bərabər addımı dayandırmağa” çağırıb.

Amerika Sənaye Alyansının prezidenti Skot Pol “Bloomberg”ə deyib ki, “Sintzyanda biznes quran istənilən şirkət orada baş verən mədəni genosidlə əlbirdir”.

Digər şirkətlər

Tesla deyilənlərə münasibət açıqlamayıb.

Volkswagen, General Motors və Nissan Motor kimi avtomobil istehsalçılarının Sintzyandakı avtosalonlarını onların çinli tərəfdaşları idarə edir. Volkswagen-in Urumçidə zavodu da var.

Son vaxtlar Sintzyanla bağlı mövqe sərgiləmək üçün xarici şirkətlərə təzyiq artır.

2021-ci ilin dekabrında “Intel” təchizatçıları Sintzyana bağlı mənşə məhsulları, yaxud əməkdən yayınmağa çağırdığına görə üzr istəyib. Bundan öncə Çinin dövlət mediası ABŞ-ın mikrosxem nəhəngini tənqid etmiş, onun məhsullarını boykot etməklə bağlı onlayn şərhlər yerləşdirilmişdi.

Nike və H&M şirkətləri ötən il Sintzyanda pambıq istehsalında məcburi əməkdən istifadə iddiaları ilə bağlı narahatlıq ifadə edəndən sonra mənfi reaksiya ilə üzləşdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG