Bu il Almaniyanın lüks avtomobil istehsalçıları dəbdəbəli modellərin rekord yüksək qiymətindən faydalanıblar. Yarımkeçirici qıtlığı böyük bazarlarda avtomobil təchizatını məhdudlaşdırıb, istehlakçı tələbatı isə artıb.
“The Financial Times” BMW, Audi və Mercedes-Benz avtomobillərindən hər birinin 2019-cu il pandemiyadan əvvəlki dövrlə müqayisədə 25 faizədək bahalandığını yazır. Qəzet üçün təhlili Stifel bankı aparıb.
Məsələ ondadır ki, onillər boyunca satılandan daha çox avtomobil istehsal olunub. Onda şirkətlər böyük endirimlər də edirdilər ki, müəyyən hesabat dövründə satış hədəflərinə çatsınlar.
4 milyon az avtomobil
2019-cu ildən qlobal iqtisadiyyat zəifləyib, satılandan daha az avtomobil istehsal olunub. Bu il təxminən 4 milyon az avtomobil buraxılıb. Qəzet 2009-cu ilin maliyyə böhtanından sonra oxşar defisit yarandığını qeyd edir.
“Məhdud təchizat nəticəsində üç ildir inventarda azalma müşahidə edirik. İndiyədək belə bir şey baş verməyib”, – Stifel-in təhlilçisi Daniel Şvarts deyib.
2019-cu ildə Mercedes-Benz hər avtomobildən €38,000 gəlir götürürdüsə, bu ilin üçüncü rübündə bu rəqəm €54,000-i keçib. Audi-nin gəliri €46,000-dan €57,500-ə qalxıb.
BMW mikrosxem böhranını digər şirkətlərdən daha yaxşı idarə edib və gəlir artımı da böyük olmayıb. 2019-cu ildə şirkət hər avtomobildən 36 min avro əldə edirdi, bu ilin 3-cü rübündə bu gəlir 38 min avronu keçib.
İstehsalçılar həm də daha gəlirli modellərin istehsalına üstünlük veriblər.
Məsələn, sentyabrın sonunadək üç ay ərzində Mercedes-in satışı 30 faiz azalıbsa, gəlirləri cəmi 1 faiz düşüb.
Pul olan yerə baxmaq
Qəzet yazır k, investorlar hətta təchizatda məhdudiyyətlər aradan qalxandan sonra belə bu strategiyanın davam edəcəyini bildirirlər.
“Say arxasınca qaçmaq vacib deyil”, – Mercedes rəhbəri Ola Kallenius bu ay “Financial Times”a deyib. Şirkətin baş maliyyə rəsmisi Harald Uilhelm isə vəd edirdi ki, “pul olan yerə fokuslanmaq lazımdır”.
Məqalədə deyilir ki, ikinci əl maşın bazarlarında qiymətlərin rekord həddə qalxması da bahalı avtomobil istehsalçılarına faydalı olub. Bu amil yeni avtomobil almağı daha cəzbedici edib.
Bu ildən bir çox ölkələrdə koronavirus pandemiyası qadağaları qaldırıldıqca müxtəlif iqtisadiyyatlarda bərpa prosesi başlayıb. Amma dünya təchizat zəncirində pozuntular bir sıra sahələrə təsirini göstərib.