Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:52

"Tələbərin 70 faizindən çoxu pullu təhsil alır"


Yeni tədris ili özü ilə bərabər maddi qayğıları da gətirir. Şagirdlərin formaları, dərs ləvazimatları, ali təhsildəki ödənişlər, pullu orta məktəblərin artması günün ən aktual problemlərindan sayılır.

Bu barədə suallarımızı cavablandıran təhsil üzrə ekspert Kamran Əsədov sadalananların birmənalı izah ediləcək məsələlər olmadığını düşünür.

Kamran Əsədov xatırladıb ki, yeni dərs ilində 4472 məktəbə 1,6 milyon şagirdin getməsi nəzərdə tutulur:
“120 mindən çoxu tələbə ödənişli əsasla oxuyur”

“ Bütün şagirdlərin məktəbli formasını öz hesablarına almasını nəzərə alın. Aşağı siniflərdə forma 33 manatdan başlayır, yuxarı siniflərdə 110-120 manat civarında dəyişir. Büdcənin nə qədər olmasından asılı olmayaraq rəsmi olaraq göstərilən qədər şagird məktəbə getməlidir.

Amma reallıq müəyyən valideynlərin orta və ali məktəblərdə övlad oxutmasında sıxıntı yaşadıqlarını göstərir. Orta məktəbərdə valideynlər forma və çantanın alınmasına vəsait ayırırlar. Düzdür, prezidentin göstərişi ilə dəsrliklər pulsuz verilir, yəni valideynlər dərsliklər üçün pul xərcləmirlər. Amma ali məktəblərdə vəziyyət xoşagələn səviyyədə deyil. Çünki onların 70 faizi ödənişli əsaslarla təhsil alırlar. Hazırda 54 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır. Onun da 120 mindən çoxu ödənişli əsasla oxuyur. İstər dövlət, istərsə də özəl təhsil müəssisələrində ortalama təhsil haqqı isə 2000-3000 manat arası dəyişir”.

Ekspert deyir ki, valideynlərdən ötrü ən birinci problem övladlarının təhsil haqqını ödəməsidir:

“Təhsilin kəmiyyəti yüksək, keyfiyyəti isə aşağıdır”.

“ İkinci, regionlardan gələn tələbələrin kirayə mənzil tapmaq və onun pulunu verməkdir. Bakıda oxuyan tələbə ayda kirayə üçün ən azı 150-200 manat xərcləməlidir. Üzərinə nəqliyyat, geyim, tədris resursları, qidalanmanı gələndə minimum 650-700 manat edir və buda ilə 7 min manat deməkdir. Beləliklə, Bakıda oxuyan 1 tələbəyə təhsil haqqı ilə birgə ildə ən azı 10 min manat lazımdır. Amma ailələrin orta aylıq gəlir cədvəlinə nəzər saldıqda fərqli reallıqla rastlaşırıq. Ümumilikdə, Azərbaycanda təhsilin kəmiyyəti yüksək, keyfiyyəti isə aşağıdır”.

“Bakıdakı universitetlərdən altısının yataqxana təminatı var”

Kamran Əsədov təəssüflənib ki, hazırda Bakıdakı universitetlərdən altısının yataqxana təminatı var:
“ Bunlar da regionlardan gələnlərin 6 faizini sənəd üzərində yerləşdirə bilər. Reallıqda isə bu rəqəm daha aşağıdır. Çünki Qarabağ problemindən sonra yataqxanalarda məcburi köçkünlər məskunlaşıb”


“Bəzi valideynlər ayda repititorlara 350-500 manat civarında vəsait sərf edirlər”

Ödənişli orta məktəblərin sayının artmasına gəlincə, Kamran Əsədov deyib ki, təhsildə hədəflər olmalıdır:
“ Valideynlər övladlarını ona görə ödənişli liseylərə qoyurlar ki, dövlət məktəblərində qəbulun və əmək bazarının tələblərinə cavab verən təhsil həyata keçirilmir. Bu mənada valideynlər “boğazlarından kəsib” təhsilə verirlər. Eyni zamanda, bəzi valideynlər ayda repititorlara 350-500 manat civarında vəsait sərf edirlər”

Ekspert sonra da əlavə edib:

“Əgər təhsilin keyfiyyətini artırmaq istəyiriksə, o zaman ali məktəblərin qəbul imtahanlarını sadələşdirməliyik ki, insanlar vəsaitlərini repitorlara və hazırlıq kurslarına sərf etməsinlər. Bu gün özəl məktəblərin kütləvi şəkildə artmasının səbəbi dövlət məktəblərində keyfiyyətin aşağı olmasıdır”.

Başqa bir ekspert Etibar Əliyev də son illərdə təhsildə maddiyatın yüksəlməsini mənfi qiymətləndirib.

“Bilirsinizmi, nə qədər insanlar təhsildən imtina edir?!”

Onun sözlərinə görə, maliyyəni insan kapitalının inkişafına yönəltmək lazımdır:
“ Ən dəhşətlisi Tibb Universitetində təhsil haqqının 4500 manat, rezidenturanın isə 4 min manat olmasıdır. Bilirsinizmi, nə qədər insanlar bundan əziyyət çəkir, yaxud təhsildən imtina edir?!

Bilik və bacarıq olan yerdə maddiyyat arxa plana keçirilməlidir. Çox bahalı orta məktəblərdə təhsilin keyfiyyətinə baxın, bəzən bu məktəblər rayonlardakı məktəblərin keyfiyyətindən aşağı olur. Belə olduqda, 10 min manat təhsil haqqı almağa nə lüzum var? Bəli, həmin məktəblərdə qidalanma və başqa məsələlər var. Amma bir suala diqqət edin: özəl məktəblər neçə kasıb ailənin istedadlı övladına kvota ayırıb? Bir nəfər belə yoxdur. Araşdırın görün, həmin pullu liseyləri kimlər açır, hətta orta təbəqənin nümayındələri də onları da aça bilməz. Yaxud hər hansı qrup şəklində repititorlar da bu cür liseyləri açmaq imkanında deyil. Qəribə bir paradoksla pul qazanırlar, amma burda məqsəd maarifçiliyə xidmət deyil. Görürlər ki, gəlirli sahədir, vəssalam. Bunlar maddiyyat xatirinə bunu edirlər. Əks təqdirdə, ən azı 10 uşağa kvota ayırardılar”

Etibar Əliyev deyib ki, indi hər məktəbin özünün geyim forması olması ağlasığmazdır:
“ Dünyanın heç bir ölkəsində belə absurd qayda yoxdur, vahid məktəbli forması olur. Məsələn, Yaponiyada şagirdlər sarı papaq geyinirlər ki, məktəbli olduqları tanınsın. Hər bir məktəbin formasının olması yanlışdır...”

Xatırlatma

Azərbaycan rəsmiləri isə təhsilin vəziyyəti ilə bağlı fərqli fikirdədirlər. Prezident İlham Əliyev hələ, ötən il yeni tədris ili başlayanda Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilən binasının açılışında bunları demişdi:
“Biz bütün bu işləri ona görə görürük ki, uşaqlarımız, gənclərimiz savadlı, bilikli olsunlar. Çox yaxşı haldır ki, biz müstəqillik dövründə savadlılıq səviyyəsini yüksək həddə saxlaya bilmişik və bu gün bu, təxminən 100 faiz səviyyəsindədir. Bizim üçün bu, adi haldır. Amma bir çox ölkələr üçün bu, əlçatmaz bir hədəfdir. Bu, bizim böyük üstünlüyümüzdür. Çünki savadlılıq əsasdır və uşaqlarımız bilikli, ağıllı olmalıdırlar, yaxşı oxumalıdırlar ki, gələcəkdə onlar özləri üçün cəmiyyətdə layiqli yer tuta bilsinlər. Çünki bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var...”.

Prezident deyib ki, hər il ölkədə məkltəblər inşa edilir, bəziləri əsaslı şəkildə təmir edilir. Dövlət başçısı qeyd edib ki, 2004-cü ildən 2017-ci ilin tədris ilinə qədər 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılıb, bir çox məktəblər yenidən tikilib.
“Məktəblərin, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, təhsilin keyfiyyəti də artır”, deyə o vurğulayıb.

XS
SM
MD
LG