Müsəlman Birliyi Hərəkatının sədri, 11 ildir həbsdə olan ilahiyyatçı Taleh Bağırovun yeniyetmə övladları barəsindəki cinayət işinə xitam verilməsi üçün məhkəməyə vəsatət təqdim edilsə də, təmin olunmayıb.
Sentyabrın 17-də Xəzər rayon Məhkəməsində 15 və 16 yaşlı Bağırzadə qardaşlarının işi üzrə prosesdə vəkil Zibeydə Sadıqova cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Hüquqlarını qoruduğu şəxslərin məktəbli olduğunu və bu məhkəmə prosesinin onların təhsilinə mənfi təsirini vurğulayan müdafiəçi qardaşların əməlində cinayət tərkibinin olmadığını bildirib: "Hesab edirik ki, bu iş məhkəmə baxışına çıxarılmadan, bəraətverici əsaslarla xitam verilməlidir. Məktəbə getməli uşaqlar məhkəmə qarşısına çıxarılır".
Bağırzadə qardaşları oxuduqları Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbdə yeniyetmələr arasında yaşanan əlbəyaxa davaya görə cinayət məsuliyyətinə cəlb ediliblər.
Qardaşlardan birinə Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə və ya ümumi təhlükəli üsulla qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə, digərinə isə yalnız CM-in 221.2.1-ci maddəsi ilə ittiham verilib.
"Heç bir fəaliyyəti olmayan uşağın çıxışına niyə qadağa qoyulsun?"
Bağırzadə qardaşları yetkinlik yaşına çatmadığından onların anası Leyla İsmayılzadə prosesdə qanuni nümayəndə qismində tanınıb. L.İsmayılzadə məhkəmədə bildirib ki, övladları barəsindəki bu cinayət işinin siyasi sifariş olduğunu düşünür. Hesab edir ki, məktəbdə baş verən insident də məhz bu siyasi sifarişin nəticəsi olaraq öncədən planlaşdırılıb: "Səbəb də budur ki, o uşaqlar Taleh Bağırzadənin övladlarıdır. Biz proseslərin bu şəkildə davam edəcəyini gözləyirdik. Bu hadisədən aylar əvvəl məktəbli övladımın ölkədən çıxışına qadağa qoyulması göstərirdi ki, bu uşaqlara qarşı nəsə planlayırlar. Yoxsa heç bir ictimai-siyasi fəaliyyəti olmayan uşağın çıxışına niyə qadağa qoyulsun?".
İlahiyyatçının xanımı əlavə edib ki, hadisə övladlarının təhsil aldığı məktəbdə baş versə də, zərərçəkmiş qismində tanınan şəxs həmin məktəbin şagirdi olmayıb, ora kənardan gəlib: "Nə məqsədlə gəlib? Mənim övladlarım məqsədli şəkildə təhrik edilib".
Prokuror cinayət işinə xitam verilməsinə etiraz edib.
Hakim Vüqar Məhərrəmov da vəsatəti təmin etməyib və işin məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb.
Məktəblilərin işi üzrə növbəti məhkəmə baxışı sentyabrın 29-na təyin olunub.
Yeniyetmələrə verilən ittihamlardan CM-in 127.2.3-cü maddəsində 3 ilədək azadlığın məhdudlaşdırılması (elektron nəzarət vasitəsilə hərəkət etmə) və ya 5 ilədək həbs, 221.2.1-ci maddəsində isə islah işləri və azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalarla yanaşı, 3 ilədək azadlıqdan məhrumetmə də nəzərdə tutulub.
Xatırlatma
2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümü ilə nəticələnən xüsusi əməliyyat zamanı ilahiyyatçı Taleh Bağırov və rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının bir çox üzvü saxlanılıb. Sonradan hadisələrlə bağlı 70-ə yaxın şəxs həbs edilib; onlardan 40-dan çoxuna dövlət çevrilişinə cəhd və terrorçuluq kimi ağır ittihamlarla 13 ildən 20 ilədək, digərinə isə iğtişaş törətməyə görə 1 il 6 aydan 6 il altı ayadək cəza kəsilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il cəza alan T.Bağırov və digər məhbuslar silahsız olduqlarını deyərək ittihamları rədd edib, istintaq zamanı işgəncə gördüklərini bildiriblər.
Daxili İşlər Nazirliyi bu iddiaları təkzib etsə də, Avropa İnsan Hüquqları Məhkəməsi işgəncə şikayətlərini haqlı sayaraq Azərbaycan hökumətinin üzərinə kompensasiya ödəmək öhdəliyi qoyub.