Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun yetkinlik yaşına çatmayan övladları ilə bağlı bir sıra məsələlərin araşdırılması üçün istintaqa vəsatətlər təqdim olunub.
Bu barədə AzadlıqRadiosuna ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə məlumat verib. O, istintaqda Bağırzadə qardaşlarının qanuni nümayəndəsi qismində çıxış edir.
15 və 17 yaşlı Bağırzadə qardaşları Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə yeniyetmələr arasında baş vermiş əlbəyaxa davaya görə cinayət məsuliyyətinə cəlb ediliblər. Qardaşlardan birinə Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə və ya ümumi təhlükəli üsulla qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri, digərinə isə yalnız CM-in 221.2.1-ci maddəsi ilə ittiham verilib.
"Yeniyetmənin ölkədən çıxışına niyə qadağa qoyulmalı idi?"
"Təxminən 15-20 gün əvvəl Xəzər rayon Polis İdarəsində cinayət işinin materialları ilə tanış olarkən istintaqın bu şəkildə yekunlaşmasına etiraz etdik və vəkilimiz bir sıra məsələlərin araşdırılması üçün vəsatətlər verdi. O vaxtdan xəbər yoxdur", - L.İsmayılzadə bildirib.
L.İsmayılzadə yaşananların təsadüf olmadığını düşünür. Onun sözlərinə görə, hələ bu hadisədən xeyli əvvəl hazırda 17 yaşı olan oğlunun ölkədən çıxışına heç bir əsas gətirilmədən qadağa qoyulmuşdu: "2025-ci ilin yayında onu hava limanından buraxmadılar. Dedilər ki, ölkədən çıxışına qadağa qoyulub. Halbuki o zaman nə məktəbdəki dava olmuşdu, nə də hansısa iş üzrə şahid kimi dindirilmişdi. Yeniyetmənin ölkədən çıxışına niyə qadağa qoyulmalı idi? Bu da sübut edir ki, bizim ailə əvvəldən nəzarət altındadır".
İlahiyyatçının övladlarının ittiham olunduğu dava aprelin 7-də məktəbin həyətində baş verib. L.İsmayılzadənin sözlərinə görə, böyük oğlu əvvəlcə hadisə yerindən kənarda olub. O, kiçik qardaşının döyüldüyünü gördükdən sonra gələrək davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnu sınıb.
CM-in 127.2.3-cü maddəsində 3 ilədək azadlığın məhdudlaşdırılması (elektron nəzarət vasitəsilə hərəkət etmə), yaxud da 5 ilədək həbs, 221.2.1-ci maddəsində isə islah işləri və azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalarla yanaşı, 3 ilədək azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulub.
Xatırlatma
Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov 2015-ci il noyabrın 26-dan bəri həbsdədir. O, Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin ölümü ilə nəticələnən xüsusi əməliyyat zamanı həbs edilib.
Sonradan güc strukturları Nardaran hadisələri çərçivəsində ümumilikdə 70-ə yaxın şəxsin məsuliyyətə cəlb olunduğunu açıqlayıb. Onların bir qisminə qanunsuz silah saxlama və kütləvi iğtişaşların təşkili ittihamı ilə 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası verilib. 40-dan çox şəxs isə dövlət çevrilişinə cəhd və terrorçuluq kimi daha ağır maddələrlə təqsirli bilinərək 13 ildən 20 ilədək azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi T.Bağırovun özünə də 20 il ağır həbs cəzası kəsib. İlahiyyatçı və onunla birlikdə mühakimə olunanlar məhkəmədə ifadə verərkən ittihamları rədd ediblər. Onlar Nardarandakı əməliyyatda polisləri qətlə yetirmədiklərini, yanlarında heç bir silahın olmadığını bildiriblər. Həmçinin, saxlanılarkən və istintaq müddətində işgəncəyə məruz qaldıqlarını vurğulayıblar.
Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib etsə də, Avropa Məhkəməsi T.Bağırov və digərlərinin işgəncə şikayətləri üzrə qərar çıxarıb. Hökumətin üzərinə bu pozuntuya görə onlara kompensasiya ödənilməsi öhdəliyi qoyulub.